Elman Paşayevin vəkillik statusu ləğv edildi

elman-pasayevin-vekillik-statusu-legv-edildi
Oxunma sayı: 2485

Şimali Osetiya Vəkillər Palatası ​azərbaycanlı Elman Paşayevin vəkillik statusunu ləğv edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Federal Vəkillər Palatasından (FPA) “RİA Novosti”yə bildirilib.

“Vəkillər Kollegiyası Şurasının qərarı ilə Paşayev vəkil statusundan məhrum edilib”,- deyə qurumun Mətbuat xidməti bildirib.

Paşayevin vəkillik statusundan bir il müddətinə məhrum edildiyi qeyd olunub.

Qeyd edək ki, azərbaycanlı vəkil Elman Paşayev bu ilin iyun ayında Moskvada ölümlə nəticələnən yol nəqliyyat hadisəsi törədən Mixail Yefremovun vəkili olub. Məhkəmə hökmü ilə Mixail Yefremov 8 il müddətinə azadlıqdan məhrum edilib.

14 sentyabrda sənətçinin vəkil Elman Paşayevlə iş birliyinin sonlandırıldığı bildirilib. Sənətçi 8 il həbs cəzası aldıqdan sonra müdafiəçi ilə işinə davam etmək istəmədiyini deyib.

Xatırladaq ki, Rusiya Ədliyyə Nazirliyi E. Paşayevin vəkillik statusuna xitam verilməsinə dair təklif irəli sürmüşdü. Rusiya Federal Vəkillər Palatasının stats-katibi Konstantin Dobrınin bildirmişdi ki, Paşayevin işində Peşə Etikası Məcəlləsinin bir neçə maddəsinin pozulması aşkar edilib.

Bundan əlavə, o, Moskvada başqasının mənzilini qanunsuz özəlləşdirməkdə ittiham olunur. İddiaya görə, E.Paşayev 1997-ci ildə ruhi xəstəlikdən əziyyət çəkən Yelizaveta Kirsanovanın mənzilində saxta yolla qeydiyyatdan keçib, sonra isə onun mənzilini özəlləşdirərək qadını evsiz qoyub. Qadının ailəsi mənzili geri almaq üçün 20 ildir Paşayevlə mübarizə aparır.