NATO təyyarəsi 7 saat yarım Qara dənizdə manevr etdi

nato-teyyaresi-7-saat-yarim-qara-denizde-manevr-etdi
Oxunma sayı: 439

NATO-ya məxsus strateji kəşfiyyat təyyarəsi Qara dənizin neytral suları üzərində 7 saat yarım boyunca kəşfiyyat uçuşu həyata keçirib.

“Qafqazinfo” TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə aviasiya dispetçer xidmətlərindəki mənbə məlumat verib.

“Rumıniyanın Konstantsa aerodromundan səhər saatlarında havalanan “Bombardier ARTEMIS II” kəşfiyyat təyyarəsi neytral sular üzərində 7 saat yarım vaxt keçirib. Bütün bu müddət ərzində o, akvatoriyanın cənub hissəsində qərbdən şərqə və geriyə doğru hərəkət edib”, – deyə agentliyin mənbəsi bildirib.

Təyyarənin təxminən 10 km hündürlükdə uçduğu, mülki aviasiya üçün ayrılmış dəhlizlərdən istifadə etmədiyi və heç bir dövlətin hava məkanını pozmadığı vurğulanıb.

Məlumata görə, oktyabrın 11-də də həmin təyyarə Rumıniyanın “Mixail Koqelniçanu” aviabazasından qalxaraq Krım yarımadasından yüzlərlə kilometr aralıda, Türkiyənin Trabzon şəhəri səviyyəsində manevrlər etmişdi.

Qeyd edək ki, ABŞ-nin “Leidos” şirkəti tərəfindən biznes-cetdən xüsusi radiolokasiya kəşfiyyatı üçün yenidən yığılan “Bombardier Artemis II” təyyarəsi sentyabrın sonlarında da Kalininqrad vilayəti ətrafında saatlarla uçuşlar həyata keçirmişdi. Bir qədər əvvəl isə NATO-nun kəşfiyyat dronunun Qara dəniz üzərində əlaqəni itirdiyi xəbər verilmişdi.