Təyyarəni taxtabitilər basdı - Reys ləğv olundu

teyyareni-taxtabitiler-basdi
Oxunma sayı: 321

Avstraliyanın “Qantas” aviaşirkətinə məxsus təyyarədə taxtabiti aşkar edildikdən sonra Roma – Pert marşrutu üzrə planlaşdırılan uçuş ləğv olunub.

“Qafqazinfo” xəbər verir ki, “Sydney Morning Herald” qəzetinin məlumatına görə, insident cümə günü Pert – Roma istiqamətində həyata keçirilən təxminən 17 saatlıq birbaşa uçuş zamanı qeydə alınıb.

Göyərtədəki sərnişinlər həşərat sancmalarından şikayətləniblər. Təyyarə personalı qaşınmanı azaltmaq üçün sərnişinlərə antihistamin dərmanları paylasa da, qısa müddətdə göyərtədəki tibbi ləvazimatların bitdiyi bildirilib.

Uçuş bitdikdən sonra şənbə günü icra edilməli olan geridönüş reysi təxirə salınıb. Təyyarənin ekonom-klass oturacaqlarında aparılan yoxlama zamanı ciddi taxtabiti problemi təsdiqlənib. Şirkət “Boeing 787 Dreamliner” tipli hava gəmisini dezinfeksiya və genişmiqyaslı texniki baxış üçün dərhal istismardan çıxarıb.

“Qantas” aviaşirkəti yaranmış narahatlığa görə sərnişinlərdən üzr istəyib. Bildirilib ki, zərərçəkən sərnişinlər mehmanxana ilə təmin olunub və 48 saat ərzində alternativ reyslərə yönləndiriliblər.