Emin Əmrullayev BƏƏ-də Dünya Hökumət Sammitində iştirak etdi - Fotolar - Yenilənib

emin-emrullayev-bee-de-dunya-hokumet-sammitinde-istirak-etdi
Oxunma sayı: 380

Elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Birləşmiş Ərəb Əmirliklərinin insan resursları və əmirlik naziri, ali təhsil və elmi tədqiqatlar naziri vəzifəsini icra edən Abdulrahman Al Avarın dəvəti ilə Dubay şəhərində keçirilən Dünya Hökumət Sammitində iştirak etmək məqsədilə Birləşmiş Ərəb Əmirliklərinə səfər edib. 

“Qafqazinfo” xəbər verir ki, “Gələcəyin Hökumətlərinin Formalaşdırılması” mövzusunda baş tutan Dünya Hökumət Sammitinin 2026-cı il buraxılışında dünyanın müxtəlif ölkələrindən nazirlər daxil olmaqla, 6000-dən çox yüksəksəviyyəli iştirakçı, 400-dən çox nüfuzlu spiker, habelə 80-dən çox beynəlxalq təşkilat təmsil olunub.

Sammit çərçivəsində elm və təhsil naziri Emin Əmrullayev Birləşmiş Ərəb Əmirliklərinin Ali Təhsil və Elmi Tədqiqatlar Nazirliyi tərəfindən təşkil olunan “Əməyin gələcəyi” mövzusunda nazirlər panelində iştirak edib. Panel zamanı əmək bazarının transformasiyası, elm və texnologiyanın iş dünyasına təsiri, eləcə də innovativ yanaşmaların və qabaqcıl beynəlxalq təcrübələrin paylaşılması ilə bağlı aktual məsələlər ətrafında müzakirələr aparılıb.

***

Emin Əmrullayev Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən Dünya Hökumət Sammiti çərçivəsində bir sıra görüşlər keçirib. 

Nazirin Gürcüstanın təhsil, elm və gənclər naziri Givi Mikanadze ilə görüşündə iki ölkə arasında elm və təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib.

Tərəflər ali təhsil müəssisələri arasında birgə layihələrin həyata keçirilməsini, tələbə və müəllim mübadiləsinin genişləndirilməsini, eləcə də STEAM sahəsində əməkdaşlığın davam etdirilməsini müzakirə ediblər.

Bundan başqa, Emin Əmrullayev Serbiyanın təhsil naziri Dejan Vuk Stankoviç ilə görüşüb. Görüş çərçivəsində iki ölkə arasında təhsil sahəsində cari əməkdaşlıq və gələcək inkişaf perspektivləri müzakirə edilib.

Birləşmiş Ərəb Əmirliklərinin insan resursları və əmirlik naziri, ali təhsil və tədqiqat naziri vəzifəsini icra edən Abdulrahman Al Avar ilə görüş zamanı isə BƏƏ və Azərbaycan arasında ali təhsil və elm sahəsində həyata keçirilməsi nəzərdə tutulan birgə təşəbbüslər daxil olmaqla, iki ölkə arasında bu sahələrdə əməkdaşlıq üzrə ətraflı müzakirələr aparılıb.