Epşteynin ölüm gecəsinə aid yeni detal üzə çıxdı - Video

epsteynin-olum-gecesine-aid-yeni-detal-uze-cixdi
Oxunma sayı: 2681

Yetkinlik yaşına çatmayan qızları hədəf alan fahişəlik şəbəkəsi qurmaqda ittiham olunan və həbsxanada ölü tapılan milyarder Ceffri Epşteynin vəfat etdiyi gecə ilə bağlı yeni görüntülər yayımlanıb.

“Qafqazinfo” xəbər verir ki, ABŞ-nin CBS telekanalının analitik hesabatında rəsmi açıqlamalara zidd olaraq, həmin gecə Epşteynin kamerasının yerləşdiyi mərtəbəyə doğru narıncı geyimli bir şəxsin hərəkət etdiyi iddia olunur.

Hesabatda bildirilir ki, ABŞ Ədliyyə Departamentinin açıqladığı sənədlərdə müstəntiqlər 9 avqust 2019-cu il tarixində saat təxminən 22:39-da Metropolitan İslah Mərkəzində Epşteynin kamerasının yerləşdiyi təcrid olunmuş və kilidli L mərtəbəsinə aparan pilləkənlərdə narıncı rəngli bir fiqurun yuxarı qalxdığını müşahidə ediblər.

FTB-nin video qeydlərinə dair müşahidə məlumatlarında bu görüntü “ehtimal ki, mərtəbəyə müşayiət olunan bir məhbus” kimi təsvir edilib. Lakin Ədliyyə Departamentinin Baş Müfəttiş Ofisinin hesabatında həmin fiqurun narıncı rəngli “çarşaf və ya yataq dəsti” daşıyan “kimliyi müəyyən edilməyən islah məmuru” ola biləcəyi irəli sürülür.

Bu fərqli yanaşmalar rəsmi hesabatlar arasında ziddiyyət yaradıb.

“CBS News”un məlumatına görə, yeni sənədlər Epşteynin kamerasının yaxınlığında həmin axşam baş verən fəaliyyətlə bağlı cavabsız sualları gündəmə gətirir. Maraqlıdır ki, nə FTB, nə də Ədliyyə Nazirliyinin müstəntiqləri hadisə gecəsi növbədə olan mühafizəçilərə narıncı geyimli fiqur barədə birbaşa sual ünvanlamayıb.

Sənədlərdə qeyd olunur ki, həmin gecə mərtəbədə növbətçi olan qadın mühafizəçi Tova Noel 2019-cu ildə dindirilib və məhbus sayında uyğunsuzluq olduğunu bildirib. Noel ifadəsində saat 22:00 ilə 03:00 arasında məhbus sayını 72 olaraq qeydə aldığını, halbuki bu rəqəmin 73 olmalı olduğunu deyib və ehtimal ki, səhv etdiyini qeyd edib.

FTB-nin keçmiş direktor müavini Den Boncino isə ötən yay “Fox News”a verdiyi müsahibədə Epşteynin ölüm gecəsi onun kamerasının yerləşdiyi mərtəbədə mühafizəçilərdən başqa heç kimin olmadığını və görüntülərin “tam aydın” olduğunu iddia edib.

Qeyd olunur ki, həmin gecə işlədiyi bilinən yeganə müşahidə kamerası Epşteynin kamerasına aparan pilləkənləri qismən əhatə edib və mərtəbəyə daxil olan hər kəsi tam göstərməyib.

Son görüntülər və açıqlanan sənədlər Epşteynin ölüm səbəbi ilə bağlı şübhələri yenidən gücləndirib. Rəsmi qurumlar onun intihar etdiyini bildirsə də, Epşteynin kiçik qardaşı Mark Epşteyn uzun müddətdir ki, qardaşının qətlə yetirildiyinə inandığını açıq şəkildə bəyan edir.