Dar ağacından asılan qadın
Dar ağacından asılan qadın
küləklər tellərini öpür
əllərini tumarlayır
dar ağacından asılan qadın
asıldığın ağac çiçək açdı
bilirsənmi
elə ordaca qal
bu ağacın
çiçəyi burnunda cəsəd olacaq
verdiyi bar
torpağa əkiləcəksən yenə
qanqal belə səndən qiymətli olacaq-
cücərməyəcəksən...
dar ağacından asılan qadın
hansı dərd səni ölüm çiçəyinə
döndərdi
hansı ağrı
hansı əzab
ərin şəhid oldumu
yoxsa əyyaş
uşaqların ac qaldımı
baxa bilmədinmi onların
yaşlı gözlərinə yoxsa
ərin torpaqdamı çürüdü
ya
içki şüşəsindəmi boğuldu
uşaqların yelləncək asdığı ağaclardan
analar yellənir daha
dar ağacından asılan qadın
bu ağac çiçəkləməz
səndən sonra
bar gətirməz
balaların göz yaşıyla suvarar bu ağacı
qucaqlayarlar gövdəsini
sənin yerinə
sənin ətrini ondan alarlar
yazda da
qışda da
qaranquşlar yuva qurmaz bu ağacda
bu ağacın kölgəsi olmaz
bu ağacı əkənə
rəhmət oxuyan bir kəs olmaz
dar ağacından asılan qadın
əcəlin abrına qısılan qadın...
Vətən daşı
başımın altında
vətən daşından
yekə bir yastıq var
“...fəxr edirəm ki azərbaycanlıyam”
firmasının istehsalı...
qarmaqarışıq yuxular görürəm
yatanda
məsələn görürəm ki
həmin daşı xırdalayıb
gah şeytana atıram
gah yağış daman evimin damına döşəyirəm...
şair
dəlinin yadına daş salarcasına
göy üzünün yadına salmasaydı
göyə atardım bir də
o daşları
nağılımın sonunda
almanın qiyməti yenə qalxacaq bilirəm
uşaqları necə aldadacam?
Error
Sənə "sevirəm" deməmi
istəyirsən
istəyirsən ki
ruhumu ürəyinlə
gözlərimi baxışlarınla
hiss edəsən...
Gəlirəm, aç qollarını...
Aç!...
Error!
Not found!
Vallah, səni sevə bilmirəm...
Qonaqpərvər uzaqlar
Gedəcəyəm buralardan...
Uzaqlara qonaq gedəcəyəm-
qonaqpərvər uzaqlara...
Unutmaq üçün deyil, unudulmaq üçün.
Uzaqlar qarşılayacaq məni
səndən daha yaxın olacaq üfüq xətti
tənha ağac
boz səhra
sən olmayan yerdə
xəyalların
arzularımı sevəcək
səndən daha mükəmməl...
Səndən daha yaxın
uzaqlar olacaq mənə...
Gedəcəyəm uzaqlara,
qonaqpərvər uzaqlara...
Son xəbərlər
Son Xəbərlər