“Ermənilər əcdadlarımızın yaratdığı mədəni irsi məhv ediblər”

ermeniler-ecdadlarimizin-yaratdigi-medeni-irsi-mehv-edibler
Oxunma sayı: 253

“Ermənilərin mədəni irs siyasəti tarix boyu saxtalaşdırma və dağıdıcı fəaliyyət üzərində qurulub”.

“Qafqazinfo” xəbər verir ki, bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib.

Mədəniyyət yaradan və dağıdan xalqlar

Deputat deyib ki, tarixdə mədəniyyət yaradan xalqlar var və bunlar bəllidir:

“Təəssüf ki, mədəniyyəti dağıdan barbar qüvvələr də mövcuddur və onlar da məlumdur. Ermənilər Qafqaza köçürüldükləri vaxtdan etibarən tarix boyu xalqımızın yaratdığı maddi və mədəni irsə qarşı sistemli şəkildə məhvetmə siyasəti həyata keçiriblər və bunu son dərəcə qəddar üsullarla ediblər. Mədəniyyəti dağıdanlar, adətən, özləri mədəniyyət yarada bilməyən, bu səbəbdən mədəniyyət yaradan xalqlara qarşı qısqanclıq və həsəd hissi bəsləyən qüvvələrdir. Bu hiss isə zamanla radikallaşaraq dağıdıcı barbarlığa çevrilir”.

Qərbi Azərbaycanda mədəni irs sistemli şəkildə məhv edilib

Hikmət Babaoğlu qeyd edib ki, ermənilər sistemli şəkildə Qərbi Azərbaycanda əcdadlarımızın min illər boyu yaratdığı mədəni irsi məhv ediblər, şəhərlərimizi, o cümlədən Sərdarabad qalası kimi tarixi abidələri dağıdıblar, məscidlərimizi viran qoyublar:

“Hətta miladdan əvvəl VII əsrə aid olan qədim İrəvan şəhərindəki mədəni irsə qarşı da məqsədli şəkildə vandalizm aktları törədiblər. Bütün bunlar bir millətin tarixini və mədəni irsini öz tarixi coğrafiyasından silmək, dünya ictimaiyyətini bu torpaqların guya ermənilərə məxsus olduğuna inandırmaq məqsədi daşıyıb. Toponimlərin dəyişdirilməsi, adların saxtalaşdırılması və müxtəlif üsullarla mənimsənilməsi yolu ilə bu torpaqların guya onlara aid olduğu sübut etməyə çalışıblar. Halbuki “türkmən” adı ilə təqdim edilən bir çox mədəni abidələr, əslində, Qaraqoyunlu və digər türk tayfalarının yaratdığı irsdir”.

İşğal dövründə mədəni irsə qarşı vandalizm

Deputat vurğulayıb ki, erməni vandalizminin digər bariz nümunəsi 30 illik işğal dövründə Azərbaycanın ərazilərində müşahidə olunub:

“Azərbaycanın xristian irsinə aid olan Amaras, Xudavəng (Dadivank), Gəncəsər kimi monastırlar da erməni vandalizminə məruz qalıb. Bu abidələrin guya ermənilərə aid olduğunu göstərmək üçün onların üzərindəki tarixi yazılar saxtalaşdırılıb, dəyişdirilib və təhrif olunub. İşğal dövründə təkcə azərbaycanlılara deyil, bölgədə yaşamış digər xalqların yaratdığı tarixi abidələr də dağıdılıb. Bütün bu addımların arxasında əsas məqsəd həmin ərazilərin tarixini saxtalaşdırmaq və bu coğrafiyanın guya ermənilərə məxsus olduğunu iddia etmək olub. Lakin bu cəhdlər nəticə verməyib, çünki dünya tarix elmi və akademik yanaşma yalnız birtərəfli iddialara əsaslanmır”.

Hikmət Babaoğlu nəzərə çatdırıb ki, ermənilər tarixə qarşı manipulyasiya siyasətini bu gün də davam etdirirlər.