“Ermənistan silahlı qüvvələri Azərbaycan ərazisindən çıxarılmalıdır”

ermenistan-silahli-quvveleri-azerbaycan-erazisinden-cixarilmalidir
Oxunma sayı: 5620

İyulun 16-da Gürcüstanın paytaxtı Tbilisidə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri arasında ikitərəfli görüş keçirilib.

XİN-in mətbuat xidməti idarəsindən “Qafqazinfo”ya bildirilib ki, nazirlər Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması ilə bağlı bir sıra məsələlərə toxunublar. Tərəflər götürdükləri öhdəliklərin icrasını müzakirə edib, gələcək mümkün addımlar barədə fikir mübadiləsi aparıblar.

Ceyhun Bayramov qeyd edib ki, bütün səylər iki dövlət arasında silahlı münaqişənin həllindən sonra yaranmış post-münaqişə reallıqları əsasında Azərbaycan və Ermənistan arasında dövlətlərarası münasibətlərin tənzimlənməsində irəliləyiş əldə olunmasına yönəldilməlidir. Bu kontekstdə Azərbaycan, Ermənistan və Rusiya liderləri tərəfindən imzalanmış üçtərəfli bəyanatların bütün müddəalarının icrasının, xüsusilə Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılmasının zəruriliyi vurğulanıb.

Humanitar məsələlərə toxunan nazir Ceyhun Bayramov itkin düşmüş 4000-ə yaxın azərbaycanlının taleyinə aydınlıq gətirilməsinin vacibliyini diqqətə çatdırıb.

Nazirlər Azərbaycan və Ermənistan arasında birbaşa dialoqun davam etdirilməsinə əhəmiyyət verdiklərini vurğulayıblar.

Hər iki nazir görüşün Gürcüstanda təşkilinə görə gürcü tərəfinə minnətdarlığını bildirib.