Ermənistan Müdafiə Nazirliyinin inzibati kompleksində müdafiə nazirinin birinci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-leytenant Edvard Asryan ABŞ müharibə katibinin köməkçisinin müavini Endryu Lumis ilə görüşüb.
“Qafqazinfo” “Armenpress”ə istinadla xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan “Facebook” hesabında məlumat yayıb.
Məlumata görə, görüş zamanı müdafiə sahəsində Ermənistan-ABŞ əməkdaşlığına dair məsələlər müzakirə olunub. Tərəflər qarşılıqlı əlaqələrin mövcud səviyyəsini yüksək qiymətləndiriblər. Xüsusilə sülhməramlılıq, peşəkar çavuş heyətinin, təlimatçıların və kiçik komandirlərin hazırlanması, hərbi təhsil, habelə birgə hərbi təlimlərin və məşqlərin keçirilməsi və digər istiqamətlərdə əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.
Endryu Lumis qeyd edib ki, ABŞ cari proqramlar çərçivəsində əməkdaşlığı davam etdirəcək və yeni istiqamətlər üzrə tərəfdaşlığın dərinləşdirilməsi imkanlarını müzakirə etməyə hazırdır.
Son xəbərlər
Son Xəbərlər