Əsgərin telefon nömrəsi... - Talehin taleyi

esgerin-telefon-nomresi
Oxunma sayı: 18383

Bundan təxminən 8 il öncə mənim Azercell mobil operatoruna məxsus mobil nömrəmin hansısa diller tərəfindən "Nar"ı təklif edildi və aldım. Bir müddət sonra balans artırmaq yadımdan çıxdı və "Nar" dərhal nömrəni satışa verdi. Bir gün atam dedi ki, təsadüfən "070" nömrənə yığmışdım balaca uşaq götürdü. Nə isə yığdım bu nömrəyə, telefonu 11-12 yaşlarında uşaq götürdü, soruşdum, nömrəni haradan almısan? Dedi ki, atam alıb. Başladım ki, bəs nömrə mənim olub-filan. Gördüm yox e, bu, çox balacadır.

Üstündən az bir müddət keçəndən sonra zəng gəldi mənə. Zəng edən şəxs uşağın atası olduğunu bildirərək, adının Musa olduğunu dedi.

Kişiyə vəziyyəti başa saldım, dedim ki, nömrə mənim olub, "050"-si də məndədir, bəs unutqanlıq etmişəm, "Nar" da istifadə edib bu məqamdan. Musa kişiyə bildirdim ki, nömrənin artıqlaması ilə pulunu verəcəm, amma qaytarsın. 

Kişi qulaq asdı və soruşdu: Nömrəni hara gətirim?! Salyanda yaşadığını öyrənəndən sonra rayonda prokurorluq işçisi olan dostuma verməyini xahiş etdim. Dostuma da vəziyyəti başa saldım ki, əlqərəz gəldi, pulunu ver, nömrəni götür. İmkan da olanda regional "Nar" müştəri xidmətində öz adına rəsmiləşdirərsən. 

Deməli, bu Musa kişi aparar nömrəni verər dostuma, bir qara qəpik də pul almaz. Musa kişiyə bir xeyli təşəkkür etdim.

Bu hadisədən 3-4 ay sonra dedi ki, bəs Bakıdayam, imkan varsa görüşək. Dedim yaxşı gəl işlədiyim yerin yanında görüşək naharda. Nahara çıxdım ki, Musa kişi əlində sovqat məni gözləyir. Musanı üz-üzə ilk dəfə idi görürdüm. Nəsə kişinin sovqatını aldım qoydum avtomobilə və başa saldım ki, belə şeylərə ehtiyacım yoxdur. Dedi yox e, sırf sənə görə gəlmişəm Bakıya. Nə isə uzun sözün qısası, Musa kişi ilə dostluğumuz başladı. Daha yaxından tanıdıqca maddi vəziyyətinin pis olduğunu, hər işə qatlanaraq ailəsini saxladığını öyrəndim. Bir müddət Rusiya Federasiyasında işləyib başını dolandırırdı. Amma kişi kimi harda olur-olsun, mütəmadi olaraq əlaqə saxlayırdı. Salyana qızının toyuna getdim. Ailəsini daha yaxından tanıdım. Sadə və səmimi kənd adamı idi. Təxminən iki il öncə mənə yığdı ki, oğlum Taleh hərbi xidmətə gedir. Talehə hərbi xidmətdə gücüm çatan 1-2 köməklik etdim.

Günlərin bir günü yenə zəng vurdu ki, Taleh hərbi xidməti bitirib, bəs nə məsləhət görərsən? Dedim, ay Musa kişi, elə qalsın hərbidə xidməti davam etdirsin. Nə isə Taleh tankda tuşlayıcı olaraq, müddətdən artıq xidmət keçən hərbçi kimi başladı işə. Musa kişi tez-tez zəng vururdu, fəxrlə danışırdı oğlunun maaşından, tərbiyəsindən, ailəsinə köməklik göstərməsindən. Arada oğlu Taleh də yığırdı məni. 

Döyüşlər başlayandan Musa kişi hər gün zəng vururdu Talehdən danışırdı, daha sonra mən Talehə yığırdım. İlk gündən döyüşürdü. Telefon danışıqlarında dostlarının şəhid olmasından, intiqam alacağından danışırdı. Başa düşürdüm ki, gözünü qan tutub.

Bundan bir neçə gün öncə gördüm Musa yığır. Nəsə  vəziyyət də o vəziyyət deyildi, cavab vermədim, dalbadal yığanda isə şübhələndim və telefonu götürdüm. Dedi Talehgili vurublar, yaralıdır deyilənə görə. Yaxında idim, çatdırdım özümü Talehin yanına. Gördüm bütün bədəni qəlpədir, ayaqları dağılıb, o qədər qan itirib ki, huşu başında deyil. Qan çox itirdiyi üçün yaşamaq şansı azdır. Sağ olsun həkimlər, əllərindən gələni etdilər, daha sonra təcili Bakıya təxliyə olundu.

Bakıda yenə komadan çıxarıldı, əməliyyat olundu, ayaqları yenidən “yığıldı”(yeriyəcəyi tam dəqiq deyil), qəlpələri çıxarıldı. Bu gün özü yığmışdı birtəhər danışdıq, öz aləmində mənə təşəkkür etdi. Daha sonra atası yığmışdı, dedi 1-2 şey lazımdır Talehə, gələcəm. Dedim gəlmə, Bakıdan həll olunar. Sən demə, Taleh yaralananda telefonunu da itirib, dedim onu da həll edərik. 

Bir az keçdi hansısa "Nar" dillerindən zəng gəldi mənə, dedi ki, sizin nömrənin 070-i var satışda. Bilirsiz bu hansı nömrədir? Talehin əlindən aldığım nömrə, sonradan açığı heç mən də işlətmirdim. Nar yenə çıxardıb satışa. Dedim istəyirəm nömrəni, həmin nömrəni telefona quraşdırıb Talehə qaytaracam. 8 ildən sonra. Təsəvvür edirsiz?..

Orxan Alpər