Əzizi üçün əncir puluyla ev tikən Əziz... - Video

ezizi-ucun-encir-puluyla-ev-tiken-eziz
Oxunma sayı: 6963

Deyirlər ki, insanların taleyi Adəmdən başlayırsa, geyimin də tarixi əncir yarpağından gəlir. Bəlkə də əncir ağacının qədimliyini yarızarafatla deyilən bu fikirdən daha gözəl ifadə etmək olmaz. Tarix dəyişsə də, hələ də bu ağacın yarpağından kökünə kimi hər orqanı min bir dərdə dərman sayılır. 

Avqustun ortalarında artıq şirələnməyə başlayan əncir günlər ötdükcə öz şirinliyinə “tab gətirə bilməyib” çatlayaraq sahibini gözləyir.

Kimisi ondan mürəbbə bişirir, kimisi vətəqələrə düzüb qurudur, kimisi isə “can dərmanı”, - deyib aram-aram nuş edir. 

Elə biz də “Qafqazinfo” olaraq əncir mövsümündə yolumuzu Maştağadan, məşhur Ləyiş bağlarından saldıq.

Sübh 6-dan yol qırağına gətirilən vedrələr qısa müddətdə səliqəylə düzülmüş əncirlərlə dolur. 

Satıcılar isə məhsullarına tam güvənirlər: “Buyur, ye, dadına bax”. 

“Bax bu, yeməyə yaxşıdır, apar ver uşaqlara, bundan isə mürəbbə bişir, düz süfrəyə, qışda mənə “sağ ol” de!”

Bura topdansatışdır. Gün ərzində 5-10 ton əncir gəlir, satılır. Qara, sarı, göy əncir var. Sarı əncir əsasən mürəbbə üçün alınır, qiyməti də 1 manatla 1.50 qəpik arasında dəyişir. Axşam bazarında hətta daha ucuz almaq olar. Qara əncirin qiyməti isə 2-4 manat arasındadır. 

Yolustü maşınlar dayanır, əncirlər dadılır. Yolu burdan düşənlər ya vedrələrlə, ya da elə sadə paketlərlə uşaqlarına bir-iki kilo əncir alıb aparırlar.

Satıcılar sadəcə məhsulunun şirinliyini tərif etmirlər, üstəlik onların arasında əncirinin keyfiyyətini göstərmək üçün loğmanlıq edənlər də var:

“Enerjini artırır, yüksək qan təzyiqini azaldır, immun sistemini gücləndirir. Ürək-damar xəstəliklərinin, serrozun bir nömrəli dərmanıdır. Qara əncir ye, gör qaraciyərində bir problem olurmu?! Qısası, bunu yeyənin ağrısı olmaz”.

Saat təqribən 12 radələridir. Qəhrəmanımız Əziz Sadıqov artıq gətirdiyi məhsulunu satıb boş vedrələrlə bağına yola düşür. O, 10-11 yaşından əncir satmağa başlayıb. Dediyinə görə, elə əncir bağı da ona babasından qalıb:

“Mən heç onun üzünü də görməmişəm. Sağ olsun, mövsümü gələndə meyvəni satıb pul qazanıram. Necə deyərlər, əncir ağaclarından yıxıla-yıxıla böyümüşəm”.

Onunla birlikdə bağa daxil oluruq. Nişanlı olan Əziz bəy gəlinini gətirmək üçün həyətində ev tikir. Həm də əncir ağaclarından və becərdiyi digər tərəvəzlərdən gələn gəlirlə... 

“Çox şükür, az-çox pulumuzu qazanırıq. Onsuz da bir il boyunca təkcə əncir satıb dolanmaq mümkün deyil. 200-300 ağacın olsa bəlkə də ola bilər. Yəni nə gəlir gəldi, Allah bərəkət versin. Pul olan yerdə evi tikib qurtarmağa nə var ki”.  

Müsahibimizin bəxtindən bu il məhsul da bol olub. Hətta o, ənciri yığıb qurtarmaqda çətinlik də çəkirmiş:

“50-100 kilo məhsul verən ağaclarımız var. Əncir elə ağacdır ki, böyüdükcə məhsuldarlığı da artır. 40 ilin ağacından 200 kilo da meyvə dərə bilərsən. Allahın işidir ki, bu yerlərdə əncir yaxşı olur. Başqa yerdə əncir bizim kənddəki kimi şirin, dadlı olmur”. 

Həmsöhbətimiz əncir ağacının altını özü üçün kölgəlik seçsə də, orada yatmağı başqalarına məsləhət görmür. Əziz havasızlıq yarandığı üçün bu ağacın altında yatmağın təhlükəli olduğunu qeyd edir:

“5-10 dəqiqə otur, dincini al. Ancaq nəbadə yatasan!”

Günel Hacı

Video-Fotolar: Nuran Məmmədov