FHN Naxçıvanda “Heydər Əliyev İli”nə həsr olunmuş tədbir keçirib

fhn-naxcivanda-heyder-eliyev-iline-hesr-olunmus-tedbir-kecirib
Oxunma sayı: 2063

Dekabrın 21-də Fövqəladə Hallar Nazirliyi tərəfindən Naxçıvan şəhərində ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Heydər Əliyev Sarayında keçirilən tədbirdə Dövlət Himninin səsləndirilməsindən sonra nazirliyin İctimaiyyətlə əlaqələr idarəsi tərəfindən hazırlanmış “Azərbaycan tarixinin Heydər Əliyev zirvəsi” filmi nümayiş olunub.

Naxçıvan MR-də Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli tədbir iştirakçılarını Naxçıvanda görməkdən məmnunluğunu bildirərək deyib ki, Prezident İlham Əliyevin müvafiq sərəncamlarına uyğun olaraq, ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 100 illiyi ölkəmizdə, o cümlədən Naxçıvan MR-də silsilə tədbirlərlə qeyd olunur, dahi şəxsiyyətin ömür yoluna və çoxşaxəli dövlətçilik fəaliyyətinə hərtərəfli nəzər salınır.

Sonra tədbirdə çıxış edən fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov xalqımızın böyük oğlu ümummilli lider Heydər Əliyevin mənalı həyat yolundan, Vətən qarşısında tarixi xidmətlərindən danışıb. 100 illik yubileyinin ölkəmizin hər yerində və onun hüdudlarından kənarda yüksək ehtiram və dərin minnətdarlıq hissi ilə geniş qeyd olunduğunu bildirən nazir varlığında bütöv bir millətin ruhunu yaşadan, şəxsiyyətində xalqın ən gözəl keyfiyyətlərini cəmləşdirən Dahi rəhbərin həyatını öz xalqına həsr etdiyini xatırladıb: “Ulu öndərin çoxşaxəli fəaliyyəti də, şəxsiyyəti də Azərbaycan tarixinin ayrılmaz, şərəfli bir hissəsini təşkil edir. Onun qurub yaratdıqları, müdrik ideyaları, müqəddəs irsi təkcə dünənimiz və bu günümüz üçün deyil, eyni zamanda gələcəyimiz üçün də əvəzsizdir”.

Ulu öndərin müqəddəs yolunu uğurla davam etdirən, ata vəsiyyətini şərəflə yerinə yetirən ölkə Prezidenti İlham Əliyevin müdrik rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu tərəfindən 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərin ardınca “Heydər Əliyev İli”ndə - bu ilin sentyabr ayında cəmi 23 saat davam edən lokal xarakterli antiterror tədbirləri nəticəsində dövlət suverenliyinin tam bərpa edilməsini qürur hissilə diqqətə çatdırıb.

Çıxışının sonunda Kəmaləddin Heydərov vurğulayıb ki, Fövqəladə Hallar Nazirliyinin kollektivi ümummilli lider Heydər Əliyevin ideyalarına, dövlətçilik xəttinə sadiq qalaraq bundan sonra da bütün qüvvə və bacarığını müstəqil respublikamızın yüksəlişi, tərəqqisi naminə səfərbər edəcəkdir.

Tədbir bədii hissə ilə davam edib.