Füzulidə hesabat yığıncağı keçirildi - Fotolar

fuzulide-hesabat-yigincagi-kecirildi
Oxunma sayı: 650

Füzulidə 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına dair hesabat yığıncağı keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Qiyas Yusifov, Azərbaycan Respublikası Milli Məclisinin Millət Vəkili Vüqar Bayramov, YAP Füzuli Rayon Təşkilatının sədri Nazimə Şamıyeva, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, ağsaqqallar, idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq onun xatirəsini ehtiramla yad ediblər. Horadiz şəhəri Muğam Mərkəzində keçirilən yığıncaqda, əvvəlcə foyedə təşkil edilmiş kənd təsərrüfatı məhsullarının sərgisinə baxış keçirilib.

Mərkəzin zalında ötən il rayonda görülən işlərlə bağlı videoçarx nümayiş etdirildikdən sonra, İcra Hakimiyyətinin başçısı Alı Alıyev yığıncağı açıq elan edib. Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və vətən şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

İcra Hakimiyyətinin başçısı çıxışında Füzuli rayonunda 2025-ci ildə həyata keçirilən abadlıq-quruculuq və tikinti işlərindən bəhs edib. O, rayonun kəndlərində infrastruktur işlərinin tamamilə yekunlaşdığını, bütün kəndlərin 100 faiz qazlaşdırıldığını, yolların çəkildiyini və internetin təmin edildiyini qeyd edib. Bu layihələr, əhalinin həyat şəraitini yaxşılaşdırmaqla yanaşı, iqtisadi və sosial inkişafı sürətləndirib. Kənd təsərrüfatı sahəsində, xüsusilə taxılçılıq, baramaçılıq və heyvandarlıq sahələrində əldə edilən uğurlar, yerli istehsalı artıraraq iqtisadi artıma mühüm töhfə verib. İşğaldan azad olunan ərazilərdə isə cənab Prezidentin rəhbərliyi ilə abadlıq və bərpa işləri sürətlə aparılır, bu da rayonun ümumi inkişafına mühüm təsir göstərir.

Sonra çıxışlara başlanılıb. Yeni Azərbaycan Partiyası Füzuli Rayon Təşkilatının sədri Nazimə Şamıyeva, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən uğurlu siyasətin regionların inkişafına güclü təkan verdiyini vurğulayıb.

Millət Vəkili Vüqar Bayramov, sosial-iqtisadi islahatların Azərbaycanın inkişafında mühüm rol oynadığını qeyd edərək, xüsusilə Füzuli rayonunun bu sahədəki irəliləyişlərinə diqqət çəkib. O, İkinci Qarabağ müharibəsindən sonra Füzuli rayonunda sürətli bərpa və inkişaf prosesinin başlandığını, yeni infrastruktur layihələrinin icrası, iş yerlərinin yaradılması və sosial obyektlərin tikintisinin nəticəsində Füzuli iqtisadiyyatının gücləndiyini və bunun ümumilikdə ölkə iqtisadiyyatına müsbət təsir etdiyini bildirib.

Şəhid ailələri adından çıxış edən şəhid Elnur Eldar oğlu Quliyevin anası Marusa Həsənova, onlara göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, eləcə də Rayon İcra Hakimiyyətinə xüsusi minnətdarlığını ifadə edib.

“Kraun KO-R” MMC-nin icraçı direktoru Hətəm Həsənov çıxışında görülən işlər və əldə olunan uğurlar haqqında məlumat verərək, qarşıda duran vəzifələrdən də bəhs edib.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-Təşkilat məsələləri şöbəsinin sektor müdiri Qiyas Yusifov, rayonda həyata keçirilən abadlıq və quruculuq işlərinin, infrastruktur layihələrinin, dövlət başçısının regionların inkişafına və sakinlərin rifahının yüksəldilməsinə göstərdiyi xüsusi diqqətin bariz nümunəsi olduğunu vurğulayıb. Eyni zamanda, bu layihələrin vətəndaş məmnunluğunun təmin olunmasına və insanların gündəlik həyat şəraitinin yaxşılaşdırılmasına mühüm töhfələr verdiyini qeyd edib.

Yığıncaqda bir neçə rayon sakininin fikir və təklifləri də dinlənilib.

Sonra Heydər Əliyev Mərkəzinin direktoru Şəhanə Kərimova, hesabatla əlaqədar hazırlanmış qərar layihəsini və Geniş Şura iclası iştirakçıları və rayon ictimaiyyəti adından Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə müraciət layihəsini oxuyub.

Hesabat yığıncağının sonunda, 2025-ci ildə rayonun sosial-iqtisadi inkişafı, kənd təsərrüfatı və təhsil sahələrində fəal iştirak etmiş bir qrup şəxsə fəxri fərmanlar və hədiyyələr təqdim edilib. Tədbir, qarşıda duran vəzifələrin müəyyənləşdirilməsi və gələcək fəaliyyətin daha da təkmilləşdirilməsi baxımından böyük əhəmiyyət kəsb edib.