“Gedəydi dəə Lənkərana, niyə getmədi?!”

gedeydi-dee-lenkerana-niye-getmedi
Oxunma sayı: 686

“Qafqazinfo” ADP sədri Sərdar Cəlaloğlunun “Yeni Müsavat”a verdiyi müsahibəni təqdim edir:

- Sərdar bəy, əksər siyasi partiyaların liderləri İsa Qəmbərin Lənkəran səfərinin qarşısının alınmasını pisləyən mövqe sərgiləyiblər. Sizin isə bu hadisədə mövqeyiniz aydın deyil.
- Biz hər hansı hadisəyə hakimiyyətin və ya müxalifətin verdiyi reaksiyanı həmin ərəfədə baş verən digər hadisələrlə qiymətləndirsək obyektiv nəticə çıxara bilərik. İsa Qəmbərin Lənkərana ikinci səfəri İsmayıllıda baş verən xalq üsyanından bir neçə gün sonraya təsadüf edib. Təbii ki, gərginlik qalıb, ictimaiyyətin diqqəti bu hadisədədir, bəzi rayonlarda narazı qüvvələrdə şüurlarda ən azı psixoloji olaraq hazırlıq gedə bilərdi bu cür hadisələrə. İqtidar bu baxımdan müxalifət partiyalarından birinin liderinin həssas bölgələrdən birinə getməsinin qarşısını aldı. Müxalifət liderlərinin rayonlara getməsi, xalqla ünsiyyətdə olmasının qarşısının alınması son 10 ildə hakimiyyətin siyasətinin əsas hissələrindən biri olub. Amma burda ikinci məsələ var ki, o da müxalifətin İsa Qəmbərin səfəri ilə bağlı yanlış mövqeyidir. Ölkədə çox ciddi hadisə- İsmayıllı hadisəsi olub. Biz bu məsələni aylarla gündəmdə saxlamaq, oradakı insanları repressiyadan qurtarmaq əvəzinə baxıb görürük ki, hadisələrdən 3 gün sonra İsa Qəmbər bir rayona gedir və gündəm dəyişir. Bu gün də siz mənə İsmayıllıdan yox, məhz İsa Qəmbərin Lənkərana getməsinin qarşısının alınmasından sual verirsiniz. Diqqətlə baxın bütün qəzetlərin də manşeti dəyişib, bütün informasiya vasitələrində İsmayıllı hadisələri kimi mühüm hadisə arxa plana keçib, İsa Qəmbərin Lənkərana səfəri kimi növbətçi bir məsələ gündəmi zəbt edib. Mən bunu ilk baxışda təsadüf kimi qiymətləndirirəm. Amma Quba hadisələrini xatırlayanda yadıma düşür ki, o hadisələrdən bir-iki gün sonra Müsavat qurultay məsələsini çıxardı ortalığa və İctimai Palatada Müsavatın qurultayına yer verilməməsi məsələsi müzakirə olundu. Quba hadisələri keçdi arxa plana. Bu, müxalifətin təbliğat siyasətinin çox yanlış bir tərəfidir. Məsələn, İsa Qəmbər Lənkərana yox, Şamaxıya və yaxud Ağsuya tərəf getməli idi. Çünki İsmayıllı o zonadadır. İsmayıllıdan 180 dərəcə əks istiqamətə İsa Qəmbərin səfər eləməsi nə dərəcədə həmin ərəfədə baş verən hadisələrin məntiqinə uyğundur? Mən şəxsən bu səfəri və ajiotajı gündəmin dəyişdirilməsinə xidmət edən hadisə kimi dəyərləndirirəm. Amma təbii ki, İsa Qəmbərin Lənkərana buraxılmaması vətəndaşın sərbəst hərəkət etmək, “Siyasi partiyalar haqqında” qanunların pozulmasıdır. Konstitusiya Məhkəməsi, hüquq-mühafizə orqanları, prezident özü İsa Qəmbərin səfərinin qarşısının alınmasına münasibət bildirməli idi. Əgər bu gün doğrudan polis orqanları bəyan edirsə ki, orada camaat çıxacaqsa, biz onun qarşısını ala bilmərik, İsa Qəmbər səfərə getməsin, bu o deməkdir ki, Azərbaycan hökuməti ölkəyə nəzarət etmək iqtidarına malik deyil. İqtidar etiraf eləməlidir ki, ya mən ölkəni idarə edə bilmirəm, hüququ qoruya bilmirəm, ya da deməlidir ki, bu baş verən qanunsuzluqların hamısını mən təşkil edirəm.

- İsa Qəmbərin Lənkəran səfərinin gündəmi dəyişməyə xidmət etdiyini deməyiniz nə dərəcədə məntiqlidir? Məgər bilmirsiniz ki, İsa Qəmbərin Lənkərana səfər edəcəyi İsmayıllı hadisələrindən əvvəl elan olunmuşdu?

- Partiya bu qərarı dəyişə, bilməzdi? Niyə dəyişmədilər? Lenin inqilabın vaxtını 6 saat təxirə saldı. İsa Qəmbər səfərini bir müddətə təxirə sala bilməzdi?!

- Sərdar bəy, İsmayıllı hadisələri davam etdiyi gün-yanvarın 24-də Müsavat qərargahında İctimai Palatanın təşkilatçılığı ilə sizin də iştirak etdiyiniz böyük toplantı keçirildi. İsa Qəmbər toplantının aparıcısı idi. Deyəsən, unutmusunuz? Hətta həmin toplantıda bütün müxalifətdən fərqli olaraq yeganə siz inqilab əleyhinə çıxış etdiniz.

- Siz qərəzlisiniz. Ona görə də hətta mənim xeyrimə olan nəyisə də görmürsünüz. 2005-ci ildə biz hakimiyyətlə siyasi dialoq təşəbbüsün qaldıranda Müsavatla AXCP bizi vətən xaini adlandırmışdı. İndi sizin dediyiniz toplantıda isə İsa Qəmbər dedi ki, siyasi dialoq ən yaxşı yoldur və heç kim bunun əleyhinə deyil. Sən də orada reportaj hazırlayırdın. Niyə onda əlini qaldırıb demədin ki, ADP siyasi dialoq təklifi edəndə vətən xaini elan eləyirdiniz, xeyir ola indi siyasi dialoqdan başqa yol olmadığını bildirirsiniz...

- Siz 2005-ci ildə YAP-ın hətta süpürgəçisi ilə də dialoqa hazır olduğunuzu bəyan etmişdiniz, ona görə sizi o zaman tənqid edirdilər...

- Mən sənin dediyin o toplantıda inqilabın zərərli olduğu barədə dahilərin, mütəfəkkirlərin fikirlərini dedim. Bunu da kim necə başa düşüb buraxıram öz vicdanına. Sən mənim dediklərimiz yaz. Bu fikirlərim səhvdirsə, qoy xalq mənə nifrət eləsin. Nəyə görə bir partiyanın rəhbərliyi bir rayona getmək səfərini təxirə sala bilmir və ölkədə baş verən ciddi bir hadisənin gündəmdən çıxmasına şərait yaradır? Niyə?!

- Axı İsmayıllı hadisəsi gündəmdən çıxmayıb. “Yeni Müsavat”, eləcə də ölkə mediası yenə bu barədə yazır.

- Mən demirəm ey qəzetlərdədir günah. Mən deyirəm ki, əgər bu, hakimiyyətin sifarişi deyilsə belə, yanlış addımdır ki, ictimai rəydə mühüm bir hadisənin arxa plana keçməsinə səbəb olan hərəkətə yol verilir.
İsa Qəmbərin avtomobilini Göytəpədən buraxmışdılar. Gedəydi dəə Lənkərana, niyə getmədi?!

- Siz məgər təxmin etmirdiniz ki, hakimiyyət orqanları hansı planı qurmuşdular. İsa Qəmbəri tək buraxıb Lənkəranda böyük təxribatı reallaşdırmaq üçün plan qurulduğu aydın görünürdü...

- Adama deyərlər ki, sən Bakıda olanda bilmirdin ki, belə bir plan qurulub. Bəs nəyə gedirdin?! Axı bilirdin ki, səni oraya buraxmayacaqlar, niyə gedirdin?! Elə Bakıda o qərarı verərdin ki, hakimiyyət mənim və mənimlə gedənlərin təhlükəsizliyini təmin eləmir və ya eləmək iqtidarında deyil, ona görə də səfəri təxirə salıram. Bəs gedib Göytəpədən qayıtmaq nə deməkdir?

- Sizin sözünüzdən belə çıxır ki, əsgər, komandir bilir ki, müharibəyə getmək həm də ölüm riski yaradır, getməməlidir.

- İsa Qəmbər gedib Lənkərana çatsaydı onda deyərdim ki, sən haqlısan. Bu adam yarı yoldan qayıdıb. Yoldan qayıtmaqla, kabinetdən çıxmamaq arasında fərq yoxdur. Çıxmayaydı kabinetdən. Müharibəyə gedən əsgər, komandir gedirsə, yoldan qayıtmır. Bilə-bilə ki, sənə təxribat hazırlanıb yola çıxırsansa, sonadək get o təxribatın üstünə. Getməyəcəksənsə, yola çıxmağa nə ehtiyac var?

- Siz məgər bilmirsiniz ki, İsa Qəmbər Lənkərana nə üçün gedirdi?

- Bilmirdim.

- Müsavat başqanı əvvəldən elan edilmişdi ki, Müsavatın Lənkəran rayon təşkilatının 20 illiyi ilə bağlı bayram tədbirinə dəvət olunub.

- Bayram tədbirinə niyə 150 adamla gedirsən?!

- İnsanlara demək olmaz ki, sən mənimlə getmə.

- İsa Qəmbər özü tədbirdə jurnalistləri və digər insanları səfərə dəvət etdi. Sən özündən nəsə düzəltmə! Məsələləri fırlatma!

- Siz imkan verməyin İsmayıllı məsələsi arxa plana keçsin. Gedin, İsmayıllıya, insanların vəziyyəti ilə maraqlanın. Biz də jurnalist kimi sizi müşayiət edərik.

- Nə edim? Mənim “Yeni Müsavat” kimi qəzetim yoxdur axı. Mən axmağam gedəm İsmayıllıya? Mən niyə getməliyəm İsmayıllıya!? İsmayıllıda mənim partiyamın yerli təşkilatı var? İsmayıllıdakı hadisələri mən törətmişəm!? Oradakı qarşı-qarşıya duran tərəflərə mənim sözüm keçir məgər? Mən niyə gedib o hadisənin içinə girməliyəm!? Mən uzağı burdan müraciət edə bilərəm ki, ay camaat, birləşin hüquqlarınızı müdafiə edin, dinc mübarizəyə gedin. Mənim nə işim var gedəm ora. Buna bax ey, siyasi partiya sədrinə ağıl öyrədir...

E.SEYİDAĞA /Yeni Müsavat/