Cari ilin 15-17 sentyabr tarixlərində Belarusda Qomel şəhərinin 881 illiyinə və Belarusun Milli Həmrəylik Gününə həsr olunan bayram tədbirləri keçirilib. Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev və “Gəncə avtomobil zavodu” İB-in direktoru Kamran Nəzərov Qomel Şəhər İcraiyyə Komitəsinin dəvəti ilə sözügedən tədbirlərdə iştirak ediblər.
“Qafqazinfo” xəbər verir ki, bayram tədbirləri çərçivəsində Qomel Saray-Park Kompleksində Azərbaycan, Rusiya, Qazaxıstan və Serbiyanın nümayəndə heyətləri üzvlərinin iştirakı ilə görüş keçirilib. Görüşdə Gəncə, Bryansk, Surqut, Obninsk və digər şəhərlərdən olan nümayəndə heyətləri üzvlərinin Qomel şəhərinə ünvanlanan təbrikləri dinlənilib.
Qomel Şəhər İcraiyyə Komitəsinin sədri Vladimir Privalov qonaqları salamlayaraq qeyd edib ki, Belarusun Qomeldən başqa heç bir şəhərinin bu qədər çox tərəfdaşı yoxdur. Qardaş və dost şəhərlər arasndakı bu münasibətlər iqtisadi əlaqələrə əsaslanır. “Bu gün biz təkcə Qomelin ad gününü deyil, həm də şəhərlər arasında dostluq gününü qeyd edirik”.
Tədbirdə çıxış edən Adil Tağıyev Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun salamlarını, xoş arzularını və təbriklərini çatıdırıb. Azərbaycan Prezidenti İlham Əliyevlə Belarus Prezidenti Aleksandr Lukaşenko arasında dostluq münasibətlərinin olduğunu qeyd edən Adil Tağıyev, Azərbaycanla Belarus arasında iqtisadi-ticari əlaqələrin yüksək səviyyədə olduğunu bildirib. O vurğulayıb ki, Gəncə ilə Qomel şəhərləri arasında dostluq və əməkdaşlıq münasibətləri rəsmi olaraq 2013-cü ildə qurulub. Ötən müddət ərzində bir neçə dəfə qarşılıqlı səfərlər təşkil edilib. Bu səfərlər hər iki şəhərin maşınqayırma, kənd təsərrüfatı, yeyinti və yüngül sənaye müəssisələri arasında əməkdaşlıq əlaqələrinin qurulmasına əhəmiyyətli dərəcədə təkan verib.
Çıxışlardan sonra Gəncə ŞİH adından Qomel Şəhər İcraiyyə Komitəsinə xatirə hədiyyələri təqdim olunub.







Son xəbərlər
Son Xəbərlər