Gəncədə məktəbli sinif yoldaşını xəstəxanalıq etdi - Yenilənib

gencede-mektebli-sinif-yoldasini-xestexanaliq-etdi
Oxunma sayı: 2507

Gəncədə 9-cu sinif şagirdi sinif yoldaşına xəsarət yetirib.

Bu barədə “Qafqazinfo”ya Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən məlumat verilib. 

Bildirilib ki, hadisə bu gün 4-cü dərs saatından sonrakı tənəffüs zamanı sanitar qovşaqda baş verib. 

Belə ki, Gəncə şəhər A.Ələsgərli adına 36 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Ə.V sinif yoldaşı O.Q-nin ayaq hissəsinə kəsilmiş şüşə parçasıyla xəsarət yetirib. O.Q xəstəxanaya aparılıb, vəziyyəti normaldır. 

Hazırda Gəncə şəhəri üzrə təhsil sektoru və hüquq-mühafizə orqanlarının əməkdaşları məktəbdədirlər.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Gəncə regional qrupundan bildirilib ki, faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində müvafiq araşdırmalar başlanılıb, tezliklə məsələyə hüquqi qiymət veriləcək. 

***

Gəncə şəhər Aşıq Ələsgər adına 36 nömrəli tam orta məktəbdə şagirdlər arasında baş verən insidentə məktəbin direktoru Sədaqət Məmmədova münasibət bildirib.

O deyib ki, məktəblilər arasında zarafatlaşma olub:

“Uşaqlardan biri yıxılıb ayaq nahiyəsinə şüşə qırığı batıb. Hadisədən sonra şagirdlərin valideynləri məktəbə çağırıldı. Həmçinin təcili yardım gəldi. Şagirdi müayinə etdilər, ayağında sadəcə kiçik cızıq müəyyən edildi. Qabaqlayıcı tədbir kimi uşağa infeksiya düşməsin deyə iynə vuruldu və evinə yola salındı”.