Goranboyda deputat və başçı uşaqları təbrik etdi - Fotolar

goranboyda-deputat-ve-basci-usaqlari-tebrik-etdi
Oxunma sayı: 1005

Goranboy rayonunda “1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə şəhid və qazi ailələrinin uşaqları, sağlamlıq imkanları məhdud olan uşaqlar üçün bayram tədbiri keçirilib.

“Qafqazinfo” xəbər verir ki, bayram tədbirində iştirak edən Milli Məclisin deputatı Anar Məmmədov və Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev istedadlı uşaqların əl işlərindən ibarət sərgi ilə tanış olublar.

Anar Məmmədov “1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi günü” münasibəti ilə körpələri təbrik edib, onlara xoşbəxtlik və səadət, firəvan həyat, uzun ömür, cansağlığı arzulayıb. Onun sözlərinə görə, uşaqlar dünyada hamı üçün əzizdir: “Dünyanın hər yerində uşaqlara qayğı və uşaqların qorunması xüsusi əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, “Uşaqların Beynəlxalq Müdafiəsi günü” uzun illərdir bütün dünyada qeyd edilir və hər bir ölkə, hər bir dövlət uşaqları qorumağı, uşaqları müdafiə etməyi özünün əsas vəzifəsi hesab edir”.

Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev də bu əziz gün münasibətilə uşaqları təbrik edib, Goranboy rayonunda son illər uşaqların hüquqlarının qorunması, onların sağlam böyümələri və mükəmməl təhsil almaları üçün hər cür şərait yaradıldığını diqqətə çatdırıb. Onun sözlərinə görə, Azərbaycanda uşaqlara xüsusi məhəbbət, xüsusi münasibət var: “Prezident cənab İlham Əliyev, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyeva daim uşaqlara diqqət və qayğı göstərirlər. Rayon rəhbərliyi tərəfindən inşa və əsaslı təmir olunan məktəbləri, uşaq bağçalarını rayonumuzda uşaqlara göstərilən diqqətin əyani nümunəsi olduğunu göstərir”.

Bayram tədbiri uşaq bağçası – körpələr evinin balacaların ifasında bir–birindən maraqlı, rəngarəng musiqi nömrələri, vətənpərvərlik mövzusunda hazırlanmış ədəbi kompozisiya və rəqslərlə davam etdirilib. Sonda deputat və başçı tərəfindən 50 UAFA təşkilatının nəzdində olan uşağa, 50 Goranboyda Uşaq və Ailələrə Dəstək Mərkəzinin himayəsində olan uşağa, ümumilikdə isə 150-dən artıq uşağa fəxri fərman və bayram hədiyyələri təqdim olunub.