“Göstərin mənə, budurmu azad adamlara məxsus uçurum…”

gosterin-mene-budurmu-azad-adamlara-mexsus-ucurum-
Oxunma sayı: 901

Məni tanıyanlar incəsənəti çox sevdiyimi ama incəsənətin ən incə qollarından biri olan teatra daha çox vurğun olduğumu gözəl bilirlər. Məni teatra aşiq edən sevimli aktyorumun kim olduğunu isə dostlarım daha yaxşı bilir.

Rayon yerində böyüdüyümdən, eləcə də günümüzdə rayonlarda teatrların vəziyyətinin acınacaqlı olduğundan, ən yaxşı halda “Uşaq Kukla Teatr”ının tamaşalarına baxardım. Tələbəliyimin bir-ikinci kursu, tələbə həyatına uyğunlaşmağa sərf olunduğundan, istirahət etdiyim ən gözəl məkan M.F.Axundov adına kitabxana olub. Universitetimiz “Teatrın Dostu” seçildiyindən, ayda bir-iki dəfə teatrlara, xüsusən Gənc Tamaşaçılar Teatrındakı tamaşalara biletlər təşkil olunurdu.

Tələbə yoldaşlarım, mənsiz “Ana Qaz” tamaşasına getmişdilər ama etiraf edim ki, o, tamaşaya getməməyimin əsas səbəbi adını bəyənməməyim olmuşdu. Sonra o tamaşaya baxıb, çox gözəl tamaşa olduğunu gördüm ama yenə də fikrimdə qalıram ki, bu, bir az daha azyaşlı təbəqəyçün, məsələn, məktəblilərçün daha zövqlü ola bilər, nəinki gənclərçün.

Və nəhayət, bir gün o CƏNNƏT məkana, GGT`a ayaq basdım. Teatr abu-havası həmişə maraqlı olub mənə, teatrda nəisə mistik bir şey var.
Yerimizi aldıq, işıqlar söndü, sənhə azca işıqlandı və qeyri-adi abu-havası duyulmağa başladı. Əfsanəvi yunan filosofu_EZOP, zəncirlə vurula-vurula səhnəyə atıldı. Bəli, ölümü köləlikdən üstün tutan azadlıq dəlisi Ezop. O an özümü Qədim Yunanıstanda, qələbəlik meydanda hiss elədim. Hətta, oranın qoxusu hələ də burnumdadır.

Tamaşa boyunca hərəkət etmədən, bəzən gülümsəyərək, daha çox kövrələrək aktyorların möhtəşəm performansını izlədim. Tamaşada əsas dörd aktyor rol alır və əlavə olaraq, epizodlarda iki-üç aktyor. Bütün aktyorlar rollarını gözəl ifa edirdi.

Ama bir aktyor vardı ki, tamaşa boyunca kövrəlib, gülümsəmələrin xaricində, məni bir jestiylə hönkür-hönkür ağlatdı… Hər epizodda, adi duruşuyla belə diqqət mərkəzində olan, tamaşa boyu hansı aktyor danışırsa danışsın, oynayırsa oynasın gözümü mimikasından, jestlərindən çəkə bilmədiyim tək aktyor. Və tamaşa bitəndə əyilib səhnəni (yeri) öpüb “gözlərinin üstünə qoyan” (daha sonra bunu hər tamaşasında gördüm. N.M ), məni teatra aşiq edən, sevimli aktyorum - İLQAR CAHANGİR. Bir insanın sənəti qarşısında belə “əyilməsini” ilk dəfə idi ki görürdüm. Sənətə sevginin bu dərəcədə ola bilmə ehtimalını belə ağlıma gətirməzdim.

Məni ağladan jesti, Ezopun köləlikdən AZAD olunması haqqında vərəqəni əlinə alarkən üzündə yaranan ifadə və gözündən axan bir damla yaşdı. O an İlqar Cahngirin necə adam olduğu o qədər açıq aydın göründü ki, elə o an da “bu adamı daha yaxından tanımalıyam” qərarını verdim.

Teatrdan ayrılmamış artıq adını öyrənmişdim. Evə gələndən sonra haqqında, demək olar ki, hər şeyi araşdırdım. Tamaşanın təsirindən günlərlə çıxa bilmədim, Ezopun səsi həftələrlə qulağımdan getmədi…

Və İlqar bəyi “Facebook” sosial şəbəkəsində tapdım, daha yaxındam tanıdım və özüm üçün ölkəmizin ən azad aktyorunu kəşf elədim. Yanılmamışdım İlqar bəy və Ezop eyni düşüncəli insanlardı. Nə yazıq ki, əsrlər keçməsinə baxmayaraq “dəyişən” cəmiyyətimizə, hələ də yad olan yüzlərlə Ezopdan biriydi.

Onun haqqında nə isə oxuyanda ya özüylə söhbət edəndə, adətən “O bu dünyaya uyğun adam deyil,” deyə düşünürəm. Bəlkə yanılıram, dünya ona uyğun deyil?!

İlqar bəyi açıq fikirli, ən az Ezop qədər cəsarətli, sözünün ağası olan bir insan, vətəndaş kimi tanıyıram. İlqar Cahangir də adi bir aktyor kimi müsahibə verdi. Ama çoxundan fərqli olaraq İlqar bəyin fikirləri resonans doğurdu. Niyə? Çünki, onun fikirlərində tərəf yoxdu, hər hansı qurumun, adamın deyil də, gərçək aktyor, vətəndaş mövqeyini sərgiləyir. Hamını içində boğan, deməyə qorxduğu həqiqətləri, o, qorxmadan, çəkinmədən, işini itirə bilmə ehtimalını gözə alaraq dedi.

İlqar bəyin yaşamı, şəraiti hamımıza tanışdı ama Azərbaycan reallıqlarında bu, çox da qeyri-adi mənzərə deyil. Belə aktyor, aktrisalarımız, ümumiyyətlə sənət adamlarımız çoxdu. Biz elə xalqıq ki, hər zaman kəsiyində “Dəyərli adamlara vaxtında qiymət vermək lazımdı!” deyirik ama o vaxtın gələcəkdə olmasını gözləyərək, heç bir kəsə zamanında qiymət verə bilmirik!!!

Sonra İlqar bəyin hər tamaşasına ən azı bir-iki dəfə baxmağa çalışdım. “Məkkəyə gedən yol”, “Oliver Tvistin macəraları”, “Otello”, “İtlər” çox sevdiyim tamaşalardandı…

Hər kəsin öz peşəsi var və çox adam öz peşəsini sadəcə vəzifəsidir deyə yerinə yetirir. Məsələn, elə polislər var ki, vəzifə borcudur deyə, “lazım gəlsə, ana, bacısını da” yerdə sürüməyə hazırdı. Teatrda da elədir, bəzi aktyorlar sadəcə vəzifə borcudu deyə senarini əzbərləyib, teatrda süni obraz yaradır. Ama İlqar bəy hər roluna öz xüsusi mimika, jest, hərəkətləriylə bərabər canını, qanını qatır! Hər roluna o qədər can yandırır ki, adamı, müsbət ya mənfi olmağından asılı olmayaraq öz rollarına aşiq edir.

İlqar Cahangir, ölkəmizin əksər vətəndaşları kimi, qulağına səhərdən-axşama kimi oxunan moizələrə deyil, içindən gələn vicdanınızın səsinə qulaq asır. “Ezop” tamaşasında belə bir epizod var. Qamçılanmaqdan bədəni yara olan Ezop hayqıraraq deyir: “İçimdə elə bir şey var ki, hətta qamçı belə onu çıxara bilməyib, nədir o? Vicdan.”

İlqar Cahangir işini itirdi, teatrdan çıxarıldı. İtirən, əlbəttə ki, İlqar bəy yox, GGT oldu! Ilqar bəyi teatrsız, tamaşasız, rolsuz qoymaq, balığı sudan çıxarıb torpağa atmaq kimi bir şeydi. O teatrla, öz sənətiylə nəfəs alan adamlardandı. Ama boğula-boğula yaşamaq, yaratmaq da olmur…

Ezop: “Bütün insanlar azadlıq üçün yetişiblər. Azadlıq üçün canlarından keçmək üçün yetişiblər. Belə görünür ki, həyat, məhəbbət, yaşamaq üçün mən hələ yetişməmişəm. Amma mən azadam, azad! Göstərin mənə, budurmu azad adamlara məxsus uçurum, deyin hardadır, harda?”. Bəli, Ezop bu sözləri deyərək, özünü köləlikdən qurtarıb, azad ölümün ağuşuna atdı. İlqar Cahangir də sözləriylə özünü, Ezop kimi “ölümün” ağuşuna atdı. O, tək idi ama İlqar Cahangirin yanında, onunla eyni fikri paylaşan, eyni əqidəyə qulluq edən, eyni amalla yola çıxan Azərbaycan aydınları var! Təkcə İlqar bəyin “məzarı” bizə dar gələr, öləcəyiksə “məzarımız” bütöv Azərbaycan olacaq!

Nilufər Muğantürk

Tarix: 11.12.12 saat: 05:00