2024-cü il 26 İyun...
Bu, əslində, Azərbaycanın ilk Silahlı Qüvvələr Günüdür.
Gün belə olar!
Silahlı Qüvvələrin işi ərazi bütövlüyünü qorumaq, bərpa etməkdir. Əgər bir ordunun torpağı işğal altındadırsa, onun günü, bayramı olmur.
Biz ilk dəfədir ki, ordumuzu, ordu rəhbərini tam ürəkdən təbrik edə bilərik!
Çünki biz bütöv Azərbaycanın vətəndaşlarıyıq. Bütövlüyü bərpa edən hər kəs, hər addım mübarəkdir.
Bayramınız mübarək!
“Qafqazinfo”da bu günlə bağlı Cavid İsmayılın sanballı bir tarixi xülasəsini oxudum. Mövzu rus əsgərinin Azərbaycana girdiyi gündən çıxdığı ana qədər yaşadıqlarımızdan bəhs olunur – 302 il sürən bir qarğa ömrü...
Yazı haqqında bundan artığını demədən keçirəm mətnin mənim üçün yaratdığı lövhəyə. Bu lövhə qarşısında ilk hərb nazirimiz Xosrov bəy Sultanov və onu kor qoyan rus zabiti durub. Bu dərsdə bir dastandan danışılır: “İki doktorun dastanı, yaxud gözü çıxan qardaşın dərsi”. Ancaq dərsi dinləməyən də var: Nəriman Nərimanov.
Xosrov bəy Ukraynada Nəriman Nərimanovla birlikdə təhsil alıb. İkisi də İmperator Novorosiysk (Odessa) Universitetində tibb təhsilinə yiyələnib.
Həkim olmaq istəyən Xosrov bəy bir gün Odessada gəzərkən yoldan keçən bir qıza rus zabitinin sataşdığını görür.
Ukrayna və rus zabiti...
Təbii ki, qıza qarşı əxlaqsız davranış qafqazlı Sultanova toxunur. O, qızı müdafiə edir. Məsələ böyüyür, doktor silaha əl atmalı olur. Amma o bunu da gələcək cümhuriyyət əxlaqında edir: rus zabitini duelə dəvət edir. Dueldə iki atəş açılır...
İlk atəşi qaydaya uyğun dəvət edilən tərəf – zabit atır. Rus gələcək hərb nazirimizin gözünü çıxarır. Sultanov özündə təpər tapır və növbəsində rus zabitini öldürür...
Duel ətrafa səs salır və bu mərəkədən sonra bəlli olur ki, şərəfi uğrunda iki atəş açılan xanım onların oxuduğu universitetin rektorunun qızıdır. Xosrov bəy həmin qızla evlənir...
Murad adlı övladları doğulsa da, yaşamır...
Odessada təhsilini başa vuran iki doktordan biri bolşevizmə, biri Müsavata doğru addımlayır.
Nərimanov bu gün bir çox müstəvilərdə qınanılsa da, bütün fəaliyyəti boyu səmimiyyətini itirməyən doktorun Azərbaycan üçün gördüyü işlər fonunda yeganə nöqsanı rusa inanması idi. Həmin anın rəmzi səmasında bir daha hərlənsək görərik ki, Nərimanov sözün əsl mənasında gözü çıxmış qardaşından – Sultanovdan dərs götürə, zamanında daha qüdsi cəbhəni seçə bilərdi.
1918-ci il mayın 28-də Şərqin ilk demokratik respublikası qurulanda general Xosrov bəy Sultanov Cümhuriyyətin ilk hərbi naziri olur. O zaman hərbi nazir vəzifəsi rəsmən təsis edilməsə də, bu vəzifəni 1918-ci il mayın 28-dən iyunun 11-nə qədər Xosrov bəy Sultanov icra edir...
Xosrov bəy AXC-nin ikinci kabinetində əkinçilik naziri, daha sonra Şuşada Qarabağın general-qubernatoru olur.
Bir vaxtlar naziri olduğu ölkədə daha kiçik posta təyin olunsa da, o, bəy əsalətini davam etdirir və Qarabağda tarixi bir hadisəyə imza atır. Qırğınlar törədən, 21 martda Qarabağa yeganə keçid olan Əsgəran keçidini zəbt edən daşnak qoşunlarını darmadağın edir, Xankəndini və Şuşanı geri alır.
Bu zamanlarda digər doktorun – Nərimanovun ağ xalat əynindən çıxsa da, qırmızı bolşeviklər ağ qvardiyaya qalib gəldikcə işi artırdı... 1920-ci il aprelin 27-də Nəriman Nərimanovun sədrliyi ilə Azərbaycan Müvəqqəti Hərbi İnqilab Komitəsi yaradılır, elə həmin gün Dağıstanda əmrə müntəzir XI Qızıl Orduya rəhbərlik edən Levandovski Dərbəndin dəmir qapılarına topsuz yaxınlaşır və ilk qolunu hiyləylə vurur. “Atatürkə kömək” adıyla qan qırmızısı ordu 23 aylıq körpə Azərbaycana daxil olur. Bu yerdə doktor Sultanov dastanının Azərbaycan boyu başa çatır. Doktor Nərimanovun ordusu isə Azərbaycan boyu hərəkət edir, cümhuriyyəti məhv edir.
Nərimanov aldandığını tezliklə anlayır, əvvəlcə Leninə, ardınca Stalinə cəsarət dolu məktublar yazır. Stalin isə məktublara cavab olaraq ona Bakıdan yarpaq dolması göndərdir. Beləliklə, “Sonuncu şam yeməyi”ndə dolma yeyən Nərimanov dərhal xəstəxanaya aparılır. Son sözləri isə bu olur:
“Məni Serqo zəhərlədi...”
Onsuz da işğal olunmuş Azərbaycanın dolması Nərimanov üçün çoxdan zəhərə çevrilmişdi...
Azərbaycan isə heç cür bütövləşə bilmirdi... 300 il çəkən qarğa ömrü davam edirdi...
Xosrov bəyin vətəni işğal olunandan sonra onun icbari dünya səyahəti başlayır. Türkiyədə, İranda, daha sonra Fransa və Almaniyada yaşayır... Almaniyada Tibb Universitetində professor vəzifəsində çalışır. 1936-cı ildə Türkiyəyə qayıdan Xosrov bəy Trabzonda məskunlaşır. 1943-cü ildə İstanbulda vəfat edir. Məzarı İstanbuldakı Feriköy məzarlığındadır. Üzərində bu sözlər yazılıb:
“Unutamıyacağım çox sevgili kocama...”
Unutmayacağıq!
Bu gün bütün Azərbaycan sizə hərbi salam verir, cənab nazir!
Artıq qarğa ömrü sona çatdı, Azərbaycan bütövləşdi...
Dimdiyi xəzərdə olan qartal tamamlandı!
Bayramınız mübarək, bəy!
Sərdar Amin,
Xüsusi olaraq “Qafqazinfo” üçün
