Şamaxıda görkəmli oftalmoloq-alim, Əməkdar elm xadimi, akademik Zərifə Əliyevanın anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “İşıqlı düşüncə, sağlam gələcək” adlı regional elmi-praktik konfrans keçirilib.
“Qafqazinfo” xəbər verir ki, konfrans TƏBİB-in dəstəyi, Şamaxı Rayon Mərkəzi Xəstəxanası və Azərbaycan Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə baş tutub.
Tədbirin əsas məqsədi səhiyyə sahəsində müasir yanaşmaların müzakirəsi, tibbi bilik və təcrübə mübadiləsinin təşkili, eləcə də əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi olub.
Öncə tədbirdə akademik Zərifə Əliyevanın həyat və fəaliyyətinə həsr olunmuş qısametrajlı film nümayiş olunub.
Daha sonra çıxış edən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, TƏBİB-in İxtisaslı Tibbi Xidmətin Təşkili Departamentinin rəhbəri Nəzrin Mustafayeva, Azərbaycan Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müşaviri Şöhrət Qədimov və Şamaxı Rayon Mərkəzi Xəstəxanasının direktoru Natiq Əliyev akademik Zərifə Əliyevanın Azərbaycan tibb elminə verdiyi mühüm töhfələrdən bəhs edərək, onun xüsusilə oftalmologiya sahəsindəki xidmətlərinin bu gün də böyük əhəmiyyət daşıdığını vurğulayıblar. Həmçinin regionlarda səhiyyə infrastrukturunun inkişafının vacibliyini qeyd edilərək belə tədbirlərin həkimlərin peşəkarlıq səviyyəsinin artırılmasına mühüm töhfə verdiyi bildirilib.
Daha sonra müxtəlif multidissiplinar tibbi mövzular üzrə elmi məruzələr təqdim olunub. Uzman Dr. Azər Əhmədov oftalmologiya sahəsində müasir yanaşmalar və praktik təcrübələr barədə çıxış edib. Həmçinin Uzman Dr. Mədinə Fərziyeva, Dr. Vüsalə Yaşar və Uzman Dr. Zakir Quliyev tərəfindən pediatrik yaş qrupunda rast gəlinən göz xəstəliklərinin simptomları, diabetik retinopatiyanın diaqnostikası və müalicə mərhələləri, infeksion xəstəliklər zamanı göz təzahürləri, eləcə də revmatoloji xəstəliklərdə göz əlamətlərinin erkən aşkarlanması kimi aktual mövzular geniş şəkildə təqdim olunub.
Konfransın sonunda bu kimi elmi-praktik tədbirlərin davamlı keçirilməsinin səhiyyə sahəsində peşəkar inkişaf və təcrübə mübadiləsi baxımından xüsusi əhəmiyyət daşıdığı vurğulanıb.











Son xəbərlər
Son Xəbərlər