Gülər Əhmədovanın pul aldığı ikinci namizədin adı açıqlandı

guler-ehmedovanin-pul-aldigi-ikinci-namizedin-adi-aciqlandi
Oxunma sayı: 661

Sabiq deputat Gülər Əhmədova və rəfiqəsi Sevinc Babayevanın başqa bir deputatlığa namizəddən onun mandat məsələsini həll etməsi üçün 600 min dollar pul almaları barədə məlumat vermişdik. Bildirmişdik ki, bu məlumatla bağlı bəzi dəqiqləşdirmələrimizi başa çatdırdıqdan sonra oxucularımızı təfərrüatla tanış edəcəyik. Beləliklə, məlumatlara görə, 2005-ci ildə iş adamı və Dünya Azərbaycanlıları Konqresinin Bakı ofisinin o zamankı rəhbəri, hazırda həbsdə olan Nadir Orucov Nəsimi rayonundan namizədliyini irəli sürüb. Onun rəqibi Ülvi Quliyev olub.

Nadir Orucov Ülvi Quliyevə uduzdurulandan sonra o, 2006-cı ilin mayının 13-də keçirilən parlamentdə boş qalmış yerlərə təkrar seçkilərdə də bəxtini sınamaq istəyib. O bu dəfə namizədliyini 9 saylı Binəqədi ikinci seçki dairəsindən irəli sürüb. Bu zaman Gülər Əhmədova və Sevinc Babayeva onun mandat məsələsini həll edəcəklərini deyiblər. Bu yolla ondan 600 min dollar alıblar. Rəfiqələr həmin pulun Prezident Admnistrasiyasının rəhbəri Ramiz Mehdiyevə verildiyini iddia ediblər. Lakin Nadir Orucov təkrar seçkilərdə də qalib gələ bilməyib. Qutudan onun rəqibi hazırda da deputat olan Rəfael Cəbrayılov çıxıb. Nadir Orucov pulunu geri istəsə də, ala bilməyib. Əvəzində hədələrlə üzləşib. Hətta Sevinc Babayeva bir dəfə ona zəng edərək “Arxanca killer salıblar, səni öldürəcəklər” deyə iş adamını ona qarşı planlardan xəbərdar edib. Bu baxımdan o, Azərbaycan tərk etməli olub. İki ildən sonra isə vətənə dönüb. Xatırladaq ki, Azərbaycana dönəndən sonra 2011-ci ildə Nadir Orucov Rövşən adlı şəxsi qətli yetirdiyinə görə həbs edilib.

Məlumatlarda deyilir ki, Nadir Orucov Elşad Abdullayevin yaydığı rüşvət videosu ilə bağlı başlanan prosesin sonunu gözləyir. Onun da Gülər Əhmədovacan şikayət etmək niyyəti var. Sadəcə hələlik Ramiz Mehdiyevdən ehtiyat etdiyi üçün susub.

Bir maraqlı məqamı da qeyd edək ki, Nadir Orucova məxsus bahalı “CIP”i o zamanlar Gülər Əhmədova ilə Sevinc Babayevanın sərəncamında olub. /Azadlıq qəzeti/