Hara baxsan, yeni Azərbaycandır...

hara-baxsan-yeni-azerbaycandir
Oxunma sayı: 3360

Qars müqaviləsinə təkrar göz atırdım, qarşıma çıxan müddəalardan biri məni tamam ayrı üfüqlərə apardı.

Müqavilənin, müqavilə ilə təkrar tanışolma məqsədimin sapını buraxdım, çünki rastlaşdığım fakt adamı “müharibə, insan, tarix” üçbucağında təkrar düşünməyə məcbur edir: Deyəsən, “insan həyatı” ifadəsi əsrlik anlayış deyil. İmzalanmasının üstündən bir əsr keçdikdən sonra Naxçıvan, Batumi də daxil olmaqla bir çox strateji torpaqların taleyi ilə bağlı qəbul olunan maddələrin arasında 16-cı maddə rudiment kimi görünür:

Maddə 16. Razılığa gələn tərəflər bu müqavilə imzalandıqdan sonrakı iki ay ərzində razılığa gələn tərəflərdən birinin ərazisində olan köhnə hərbi əsirləri və mülki əsirləri qaytarmağa razıdırlar.

Kim idi o əsirlər?

İndi, üstündən bir əsr keçdikdən sonra bu maddə kimə maraqlıdır və hansı əhəmiyyəti qalıb?

Müqavilədə 16-cı maddə olmasaydı, nə dəyişəcəkdi?

Ancaq əmin olun, müqavilə imzalanarkən minlərlə insanın gözü bu maddəni gəzib, elə insanlar olub ki, məhz bu maddəyə görə - əzizi, balası əsirlikdən xilas olub deyə sevinib.

İllər keçdikdən sonra isə əsirlərin azad olunması bizə çox da maraqlı görünmür, çünki həmin əsirlərin azad olunmasından o qədər vaxt keçib ki, nəinki onlar, övladları belə dünyadan köçüb. İnsan ölür, ideya qalır, ideyasını qazana bilmiş torpaq – Vətən qalır.

Füruğ Fərruxzad bu öləriliyin səmasına qalxıb deyir:

Quş ölür,

sən uçuşu xatırla.

Ancaq biz illər keçəndən sonra Qars müqaviləsinin bağlanmasını zəruri edən tarixi reallıqlar, həmin dövrün müharibələri barədə film çəkmək istəsək, yenə də bir insan taleyinə enmək məcburiyyətindəyik. Bəli, həmin dövrün bütün həqiqətlərini simasında cəmləyən həmin əsirlərdən biri hələ də Sarıqamışda üşüyür və rejissorunu gözləyir.

Ən çox sevdiyiniz müharibə filmlərinə diqqət edin: Həmin ekran əsərlərinin ilk kadrlarında alovlanan uzaq üfüqləri, minlərlə insanın qaynaşdığı, həlak olduğu geniş meydanları görə bilərsiz, ancaq bir neçə dəqiqə sonra, tüstü çəkilən kimi əlləri, üzü qapqara – illah da mavigöz bir qəhrəman gözə dəyəcək. Müharibənin müsibəti həmin şəxsin simasında davam edəcək. Çünki müharibənin dəhşətini görmək üçün onun iştirakçısı olan bir insan taleyinə diqqətlə baxmaq kifayət edir, ancaq diqqətlə!

Yeni Azərbaycana baxmaq üçün də pəncərələr çoxdur: ölüsü də gözəl olan Ağdamın şüşəsini itirən, ancaq nəhəngliyini itirməyən pəncərələri, illərdir sabah mələklərinə batmaqdan savayı işə yaramayan məscid minarələrinin pəncərələrindən başlamış “Qarabağ – Azərbaycan” ifadəsini adına alıb dünyanı gəzən “Qarabağ” futbol komandasının oyunlarını izlədiyimiz televizor ekranlarına qədər.

Hara baxsan, (amma diqqətlə) yeni Azərbaycandır. Noyabr ayında baş tutan bir neçə futbol oyununu izləyəndən sonra, içində Zəfər Günü, Ümumdünya Tolerantlıq günü, Ağdam Şəhəri Günü, Milli Dirçəliş Günü olan noyabr işıqforunun sarı payız yarpaqları stadionların yaşıl işığınının fonunda bizi tamam yeni yollara hazırladı.

Tam səmimi deyirəm, son dəqiqələrdə güc-bəla ilə qazandıqları penalti zərbəsi ilə qol vuran və növbəti 2 dəqiqəni “vaxt öldürmək” üçün hər cür simulyasiyaya əl atan “Bayer-Leverkuzen”in timsalında məhz Bakıda – “Qarabağ” qarşısında “alman maşını” xarab oldu. Bu, təsəlli deyil, Almaniya liderinin “Qarabağ”dan qorxması “Qarabağ” azarkeşi kimi mənim üçün yetərlidir.

Vikinqlər üzərində zəfərimiz və Azərbaycan millisinin kapitanı Emin Mahmudovun İsveçə 50 metrə yaxın məsafədən vurduğu qol haqqında isə özünüz düşünün, bu abzası boş saxlayıram.

...

Elə noyabrın 11-i baş tutan “Neftçi-Sumqayıt” oyununda isə tamam ayrı konteksdə qəribəlik yaşandı. Oyunun 35-ci dəqiqəsində “Neftçi” tərəfdən Fələstin millisinin futbolçusu Ata Jaber qol vurdu, oyunun 69-cu dəqiqəsində Sumqayıt komandasından İsrail millisinin oyunçusu Roi Kahat ona cavab verdi. Bəli, bura Azərbaycandır!

Qafqazı uzun illərdir şampunla, saqqızla işğalda saxlayan qüvvələr də başa düşməlidir ki, Xəzərin Qafqaz sahillərində onların saqqızı köpmür.

Təkcə içində “Zəfər”, “Tolerantlıq”, “Dirçəliş”, “Ağdam” günü olan noyabr ayının Azərbaycanına Qərb oyunu – futbol kontekstində baxdıqda görürük ki, hesabda irəlidəyik. Hesabda irəli olanlarla isə hesablaşmaqdan başqa çarə qalmır.

Sərdar Amin,

Xüsusi olaraq “Qafqazinfo” üçün