“Harada yazılıb ki, piyada ölümündə hər bir halda sürücü günahkardır?”

harada-yazilib-ki-piyada-olumunde-her-bir-halda-surucu-gunahkardir
Oxunma sayı: 7337

Bir neçə gün öncə 2021-ci ildə qeydə alınmış yol-nəqliyyat hadisələrinin statistikası açıqlandı. Statistikaya görə, respublika ərazisində ötənilki qəzalarda 706 nəfər ölüb. Baş Dövlət Yol Polisi İdarəsinin açıqlamasına görə, yol-nəqliyyat hadisələrinin əksəriyyəti sürücülər tərəfindən qaydaların pozulması səbəbindən baş verib. Piyadaların yolun hərəkət hissəsinin müəyyən olunmayan yerdən keçilməsi səbəbindən isə 345 piyada yol qəzası zamanı həyatını itirib.

Statistikada piyada vurmaların əksəriyyətinin yolun müəyyən olunmayan hissəsindən keçməsinə görə baş verdiyi qeyd edilsə də, bu cür qəzaların əksəriyyətində təqsirləndirilən qismində sürücülər tanınır. Adətən istintaq orqanı sürücüləri qəzanın qarşısını almaq imkanı olduğu halda bunu etməməkdə ittiham edir. Nəticə etibarilə sürücülər ya cəzalandırılır, ya da həbs edilir. Sürət həddinin 110 km olduğu magistrallarda piyadanın qəflətən yola çıxması ilə nəticələnən qəzalarda sürücülərin hansı əsasla məsuliyyət daşıması, yaxud piyada keçidi olmayan yerdən yolu keçən şəxslərin səbəb olduğu qəzalarda günahkar kimi sürücülərin məsuliyyətə cəlb olunması ilə bağlı bir çox faktlar var.

“Qafqazinfo” məsələni işin mütəxəssisləri vasitəsilə araşdırıb.

Hüquqşünas və nəqliyyat üzrə ekspert Ərşad Hüseynov düşünür ki, bu məsələ ilə bağlı cəmiyyətdə yanlış fikir var: "İnsanlar düşünür ki, əgər avtomobillə piyada vurulubsa, günah həmişə sürücüdə olur. Axı harada yazılıb ki, hər bir halda sürücü günahkardır? Qanunda elə bir şey yoxdur. Cinayət Məcəlləsində obyektiv həqiqət və obyektiv təqsir var. Obyektiv həqiqət o deməkdir ki, adam istənilən əmələ görə yalnız o vaxt məsuliyyətə cəlb oluna bilər ki, onun obyektiv təqsiri olsun. Yəni insanın öz iradəsi ilə olsun. Axı sürücü piyadanı öz iradəsi ilə vurmur.

Avtomobilin dinamikasında dayanma sürəti deyilən bir şey var. “Dayan” deyən kimi dayanmır. Məsələn, şəhərin mərkəzində saatda 60 km sürətlə gedən minik avtomobilinin sürücüsünə maneə görəndə təxminən 35-40 metr məsafə lazımdır ki, dayansın. Yəni saatda 60 km sürətlə gedən sürücünün qarşısına təxminən 20 metr məsafədə kimsə atılırsa, sürücü özündən asılı olmayaraq həmin şəxsi vurur. Belə olan halda heç bir sürücünün təqsiri yoxdur. Amma həmin sürücü 100 metr məsafədə yolu keçən piyadanı vurarsa, həmin sürücü məsuliyyətə cəlb olunmalıdır”.

Ərşad Hüseynov problemin məhkəmələrdəki qeyri-obyektiv ekspertiza rəylərindən qaynaqlandığını bildirib: “Bu işdə birinci növbədə müstəntiqlər, hakimlər və vəkillərin əksəriyyəti günahkardır. Ekspertizadan sui-istifadə olunur. Bəzən sürücüyə deyirlər ki, 20 metr məsafədən görüb niyə maşını döndərmədin? Axı qanunda belə bir şey yoxdur. Sürücü “tormoz” verə bilər. Bizim qanunvericilik bu məsələ ilə bağlı nə Rusiya qanunvericiliyindən, nə İran qanunvericiliyindən, nə də Fransa qanunvericiliyindən heç də fərqlənmir. Onlarda da belədir. Bununla bağlı biz dəfələrlə hüquq-mühafizə orqanlarına müraciət etmişik. Amma cavab verilməyib. Sadəcə deyilir ki, “hər bir hadisə obyektiv araşdırılır, narahat olmayın”.

Yol-nəqliyyat hadisələri üzrə ixtisaslaşmış vəkil Əli Hüseynov məsələni təcrübəsindəki konkret hadisələr üzərindən şərh edib. Qəzalarla bağlı bir çox sürücülərin təqsirsizliyini sübuta yetirib bəraət almış vəkil “Qafqazinfo”ya açıqlamasında deyib ki, bu sahədə ən böyük problem istintaq orqanı tərəfindən bir çox hallarda videogörüntülərinin vaxtında götürülməməsidir: “Video götürülübsə də istintaqda tədqiq edilməməsi, iş üzrə keçirilən məhkəmə yol-nəqliyyat ekspertizası və məhkəmə baxışı zamanı da bir çox hallarda ekspertlərin və bəzi məhkəmələrin istintaq orqanının formalaşdırdığı hadisə mexanizmi ilə videogörüntüdə olan halların açıq-aşkar bir-birinə zidd olmasının üzərindən sükutla keçilməsi problemlərə yol açır. Bu da nəticə olaraq sürücünün əməlində cinayət tərkibi olmadan qanunsuz olaraq məhkum edilməsinə gətirib çıxarır.

Həmçinin oxuyun: “Şahidlər orada AA seriyalı “Lexus” görüblər”

2012-ci ildə Prezident İlham Əliyev tərəfindən imzalanan sərəncamda qeyd edilir ki, yol-nəqliyyat hadisələrinin səbəblərinin aradan qaldırılması, istintaq zamanı korrupsiya və sui istifadə hallarının qarşının alınması məqsədilə hadisə yerlərinə baxış nəticəsi obyektiv və düzgün rəsmiləşdirilsin, ərazi video nəzarət altındadırsa, müvafiq görüntülər istintaq materiallarına əlavə edilsin. Qanun tələblərini pozan ekspertlər barəsində iltizam tədbirləri görülsün. Prezident yol-nəqliyyat hadisələrinin araşdırılmasında hadisənin videogörüntülərinə obyekti sübut qismində müstəsna qiymət verir. Dövlətin birinci vəzifəli şəxsi bunu 10 il bundan əvvəl gündəmə gətirdiyi halda görəsən məmurlar bunu necə icra edir? Real danışsaq, istintaqın gedişində hadisənin videogörüntüsünü əldə etmək müşkül məsələdir. İstintaqçılar qəti olaraq hadisənin videogörüntüsünü hadisəni törədən şəxsə və ya onun vəkilinə verməkdən imtina edirlər. Görüntüləri yalnız məhkəmə mərhələsində əldə edə bilirik".

Məsələn, mənim icraatımda bir iş var, Q. Nəhmətov adında bir sürücü ilə bağlı Sabunçu Rayon Məhkəməsində işə çıxıram. Kameraların arxiv görüntülərinin saxlanılma müddəti bitib. DİN-in Növbətçi Hissələri İdarəetmə Xidmətinin rəisi, polkovnik Mirəziz Mirəliyev deyir ki, görüntülər yoxdur. Amma Prezidentin sərəncamında yazılır ki, görüntülər dərhal götürülüb cinayət işinə əlavə edilməlidir.

Yasamal Rayon Polis İdarəsindən də başqa bir işlə bağlı videogörüntünü ala bilmirik. Deyirlər ki, bu dövlət sirridir, siz mənə problem yaradarsız, orqandan xaric edilərəm. Necə də absurd yanaşmadır. Bütün dünyada baş verən hadisələr bu gün internetdədir. Axı niyə hadisənin görüntüsü tərəflərdən gizlədilsin? Bu kimə sərf edir? Korrupsiya hallarının qarşısının alınması baxımından bunu necə başa düşək?! Nəyə görə videogörüntülər 1 aydan sonra təhlükəsiz şəhər kameralarından silinməlidir? Nəyə görə Prezidentin sərəncamının icrası ilə bağlı DİN tərəfindən videogörüntülər mərkəzləşmiş şəkildə arxivləşdirilib uzun illər saxlanılmır ki, lazım olanda onları götürmək olsun?!

Bundan başqa mən bir cinayət işi üzrə Binəqədi Rayon Məhkəməsində bəraət aldım. Piyada iti qaçışla 1.85 metr məsafə qət etdiyi halda avtomobillə vurulmuşdu. Müstəntiq bu məsafənin qət edilməsinə 3 saniyə vaxt qoymuşdu. Ekspert isə rəy verdi ki, maşın saniyədə 16 metr qət edir. Yəni təxminən piyada yola girəndə maşın 50 metr aralıda olub. Mən sual verdim ki, piyada 1.85 metr məsafəni iti sürətlə qaçaraq yola girirsə, hesablamalara görə, piyadanın sürəti saatda 2 km-dir. Adi sağlam insanın piyada yeriş sürəti saatda 5-6 km-dir. Bu yolla mən bəraət aldım.

Qurbanəli adlı Gürcüstan vətəndaşının müdafiəçisiyəm. Vəsatət vermişəm ki, ekspertiza keçirilsin. Hakim vəsatətimizi təmin etmir. Sürücünün hadisəni dərk etmə anını ekspert 0,6 saniyə götürüb. Amma müddət 1 saniyə götürülməlidir. Ekspert məhkəmədə suallarıma cavab verə bilmir. Hakim vəsatətimi təmin etmir. Beləliklə biz növbəti qanunsuz məhkəmə hökmü ərəfəsindəyik. Hakimlər düşünür ki, bəraət verib özünə problem yaratmayacaq, ittiham tərəfi ilə münasibətlərini pozmayacaq. Ancaq Ali Məhkəmənin də, Məhkəmə Hüquq Şurasının da sədri deyir ki qanuni əsaslar varsa, bəraət verməkdən çəkinməyin. Praktikada bəzi hakimlər bunun əksinə gedir. Ona görə məhkəmələrdə yol-nəqliyyat hadisələri ilə bağlı işlərə baxılmasını qənaətbəxş saymaq olmaz”.

Vəkil problemin çıxış yolu kimi bildirib ki, DİN qəzaların videogörüntüləri ilə bağlı bir əməkdaşını məsul şəxs kimi təyin etməlidir: “Bütün görüntülər DİN-də cəmləşirsə, onları arxivləşdirmək nə qədər problemli məsələdir ki?! Sadəcə göstəriş lazımdır ki, bir əməkdaş gündəlik növbətçi hissələrə gələn ölüm və xasərət halları olan qəzaların görüntülərini bircə kompüterdə arxivləşdirsin. Tərəflər və vəkillər də istənilən anda onu götürə bilsin. Axı maksimum bir qəzanın görüntüsü bir dəqiqə olur. Onda il ərzində bütün ölkədə baş verən qəzaları arxivləşdirmək üçün sadəcə bir kompüter bəs edər. Nəyə görə işlər saxta kağızlarla doldurulmalıdır?!

Həmçinin oxuyun: “Ağsaray Residence” məhkəməyə verildi - Gömrük qanunvericiliyini pozub

Videogörüntü hadisə haqqında ətraflı təsvir yaradır və təqsirin kimdə olduğunu müəyyən etməkdə müstəsna əhəmiyyət kəsb edir. Keyfiyyətli videogörüntü 1 milyon şahid ifadəsindən üstündür. Bu, araşdırmaları operativləşdirir. Lüzumsuz axtarış, istintaq keçirilməsinə ehtiyac qalmır. Qısa müddətdə iş üzrə istintaqı obyektiv şəkildə yekunlaşdırmaq olur. Ən əsası videogörüntü olanda qəzada ölən şəxsin yaxınları da real məlumat ala bilir. Onlar ölən şəxsin öz təqsiri olduğunu gördükdə məhkəmənin qanuni hökmü ilə də razılaşmaq məcburiyyətində qalırlar. Bu, həm də istintaqçılardan olan şikayət hallarının da qarşısını alar. Videogörüntü olarsa, qəzanın tərəfləri bir-birinə düşmən olmazlar. Bundan başqa bir çox sürücülər də başa düşər ki, onun maddi cəhətdən imkanın böyük olması və ya geniş məmur əhatəsinin olması onun qanun qarşısında cavab verməkdən qurtara bilməyəcək. Eyni zamanda lüzumsuz xərclərə qənaət edilmiş olar. Dövlət buna hər il milyonlarla pul ayırır. İnstansiyalarda uzun və yorucu proseslər getməz”.

Amin Nəzərli

Yazı Medianın İnkişafı Agentliyinin yardımı ilə “İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi, mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığın artırılması” mövzusu üzrə dərc olunub.