Kiyev şəhərinin meri Vitali Kliçko paytaxt sakinlərinin ünvanına səsləndirdiyi tənqidlərdən gileylənib.
“Qafqazinfo” xəbər verir ki, mer paytaxtda hökm sürən əlverişsiz hava şəraiti və buzlu yollarla bağlı şikayətlərdən bezdiyini nümayiş etdirib.
Kliçko bildirib ki, hava pis olanda bütün məsuliyyət onun üzərinə atılsa da, gözəl hava şəraitinə görə heç kim ona minnətdarlıq etmir:
“Qar, yağış yağanda və külək əsəndə mer tənqid olunur. Amma səma açıq və hava yaxşı olanda heç kim merə təşəkkür etmir”.
Şəhər rəhbəri eyni zamanda ölkədəki siyasi vəziyyətə də toxunaraq, Ukraynanın hazırda olduqca çətin dövrdən keçdiyini vurğulayıb.
O, Prezident Volodimir Zelenski ilə birbaşa ünsiyyətin olmaması ilə bağlı gileylərindən sonra nəhayət rəsmi görüşlərə dəvət olunduğunu təsdiqləyib:
“Hazırda əsas vəzifə hakimiyyət uğrunda mübarizə aparmaq deyil, dövlətin müstəqilliyini və ərazi bütövlüyünü qorumaqdır. Yalnız buna nail olunarsa, irəliləmək və seçkilərə hazırlaşmaq mümkün olacaq. İndi biz yaşamaq məsələsi ilə üz-üzəyik”.
Xatırladaq ki, bir müddət əvvəl Ukrayna siyasi kuluarlarında Vitali Kliçkonun gələcək prezident seçkilərində əsas namizədlərdən biri olacağı barədə məlumatlar yayılmışdı.
Son xəbərlər
Son Xəbərlər