Heydər Əliyevin 103 illiyi ilə bağlı Tərtərdə sosial layihə icra edildi - Fotolar

heyder-eliyevin-103-illiyi-ile-bagli-terterde-sosial-layihe-icra-edildi
Oxunma sayı: 241

Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Tərtər rayonunda mühüm sosial layihə icra edilib.

“Qafqazinfo” xəbər verir ki, Yeni Azərbaycan Partiyasının (YAP) təşəbbüsü ilə Tərtər rayonunun Ələsgərli kəndində 200-dən çox ailənin məişət şəraitini yaxşılaşdıran texniki su xətti istifadəyə verilib. Layihə çərçivəsində həmçinin kənd mərkəzində yeni park salınıb, ərazidə genişmiqyaslı abadlıq və yaşıllaşdırma işləri aparılıb.

Açılış mərasimində Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Anar Məmmədov, YAP Mərkəzi Aparat rəhbərinin müavini Ramilə Bədəlova, YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, partiya fəalları, şəhid ailələri, qazilər və rayon ziyalıları iştirak ediblər.

Tədbir dövlət himninin səsləndirilməsi və Ulu Öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsinin birdəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Mərasimdə çıxış edən millət vəkili Anar Məmmədov Ümummilli Liderin Azərbaycan dövlətçiliyi qarşısındakı misilsiz xidmətlərindən bəhs edərək bildirib: “Ulu Öndər Heydər Əliyev təkcə müasir tariximizin memarı deyil, həm də xalqımızın milli intibahını təmin edən qüdrətli liderdir. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strateji kurs dahi rəhbərin ideyalarının təntənəsidir. Bölgələrimizin, o cümlədən Tərtərin sosial-iqtisadi inkişafı, vətəndaşlarımızın rifahının yüksəldilməsi bu siyasətin əsas qayəsini təşkil edir”. 

Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxışında vurğulayıb ki, Ələsgərli kəndində yeni su xəttinin çəkilişi və parkın istifadəyə verilməsi “Böyük Qayıdış” proqramının ruhuna uyğun olaraq regionlarda aparılan ardıcıl quruculuq işlərinin bariz nümunəsidir.

Daha sonra çıxış edən YAP Mərkəzi Aparat rəhbərinin müavini Ramilə Bədəlova qeyd edib ki, bu layihə Yeni Azərbaycan Partiyasının sədri, Prezident İlham Əliyevin müəyyən etdiyi sosial inkişaf kursuna partiyanın verdiyi mühüm töhfədir. YAP təkcə siyasi platforma deyil, həm də cəmiyyətin sosial problemlərinin həllində aktiv tərəfdaşdır. Ələsgərli kəndində 200 ailəni su ilə təmin etmək, ərazidə müasir istirahət guşəsi yaratmaq partiya fəallarının və seçicilərin vahid amal uğrunda birləşməsinin nəticəsidir. Bu, partiyamızın xalqla birliyinin, insanların gündəlik qayğılarına olan həssaslığının bariz nümunəsidir. 

Mərasimdə çıxış edən kənd sakinləri və şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə dövlət başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya sonsuz minnətdarlıqlarını ifadə ediblər. 

Rəsmi açılışdan sonra qonaqlar şəhid Ruslan Şahbazovun ailəsini ziyarət ediblər. Görüş zamanı şəhid ailəsinin qayğıları ilə maraqlanılıb, qəhrəmanımızın döyüş yoluna bir daha nəzər salınıb.

Qeyd edək ki, Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə rayonda su təminatı və infrastrukturun yenilənməsi istiqamətində layihələr davamlı xarakter daşıyacaq. Hazırda susuzluqdan əziyyət çəkdiyi müəyyən edilən digər yaşayış məntəqələrində də texniki su xətlərinin çəkilməsi nəzərdə tutulur.