“Hüseyn Cavid prospektinə köçməyim həyatımı köklü dəyişdi” - Fotolar+Video

huseyn-cavid-prospektine-kocmeyim-heyatimi-koklu-deyisdi
Oxunma sayı: 10333

- Aygün xanım, ötən gün paylaşdığınız videoya nə qədər baxmışam. İfanız adamı məst edir. Artıq yenisini gözləyirik ha...

- Olacaq, yenisi də olacaq. Elə bu uşaqlar da videolarımı görüb mənimlə söhbətə gəliblər.

Bu qısa dialoq Azərbaycan Milli Konservatoriyasının liftində baş verir. Görünür ki, “Qafqazinfo” olaraqictimaiyyətin marağını nəzərə alıb müraciət etdiyimiz müsahib seçimində yanılmamışıq. Son vaxtlar klassik və milli musiqiləri ifa edərək videolarını sosial şəbəkədə yerləşdirən Əməkdar artist Aygün Mübarizin səsi haqqında yazılan yüksək fikirlər tez-tez gözümüzə dəyirdi. Elə biz də bu səbəbdən müsahibə üçün razılıq alıb söhbətləşmək qərarına gəlmişdik. 

Söhbətimiz məşq üçün yollandığı Dövlət Akademik Filarmoniyasında başlayıb, müəllimi olduğu Milli Konservatoriyada davam etdi. Deyir ki, ilk videonu sadəcə maraq xətrinə paylaşıb. Hətta belə böyük marağın olması onlar üçün də gözlənilməz olub:

“Baxmayaraq ki, uzun illərdir bu sahədəyəm, ancaq videolardan sonra daha çox adam tanımağa, mənim haqqımda maraqlanmağa başladı. Nəinki Azərbaycan, xarici ölkələrdən də xeyli mesajlar aldım. Xaricdə məni izləyənlər arasında iranlılar üstünlük təşkil edir. Amerikada, Avropada da xeyli izləyicim var. Bizim videolardan sonra eyni formatda çəkilişlərin artdığını görürəm. Elə bil, trend yaratdıq və bu, məni sevindirir, doğrusu. 

- Əvvəllər buna yaxın formatda 3 gürcü qızın yaratdığı trio qrupu var idi və ölkəmizdə onların videoları xeyli maraqla qarşılanırdı. Bunu bizdə də arzulayırdılar. Siz elə bil milli, klassik ifalarınızla o boşluğu doldurduz.

- Bu kimi videoları paylaşan tək mən deyiləm, ancaq klassik ifalar və ya sənətçilərdən belə bir şey görməmişəm. Başda bir qədər narahat idim, hətta ətrafımda da müəyyən qədər qarşı çıxanlar var idi. Ancaq sonradan onlar da öyrəşdi, artıq aktiv izləyicilərimdir. Konservatoriyada müəlliməm, 3 uşaq anasıyam, dövlət tədbirlərində oxuyuram. Hər şey gözlədiyimdən yaxşı oldu. 
Aktiv olmaq, yeniliklər etmək, öz ifanı, bacarığını kütləyə çatdıra bilmək lazımdır. Ölkədə çox gözəl klassik musiqi oxuyanlar, güclü səslər var. Ancaq kim onları tanıyır? Bir neçə pop, ekstrada ifaçısı var ki, onlar göz önündədir, vəssalam.

- Sizi bu kimi videolar çəkməyə təhrik edən məsələ də elə bu oldu?

- Başlayanda belə silsilə hal alacağını gözləmirdim. Düşünürdüm ki, bir çarx edərəm. Sonra gözləmədiyim dərəcədə çox paylaşıldı və hər kəs ardının gəlməsini istədi. Beləliklə, özümə də maraqlı gəldi və davam etdim.

- Bu kimi addımlar atılan zaman əsas dəstəkləyici ailə olur. Sizdə də elədir?

- Həyat yoldaşım 2013-cü ildə rəhmətə gedib. Gözəl və bacarıqlı musiqiçi idi. İki oğlum və bir qızım var. Onlar üçün artıq adi bir haldır. Yeni video paylaşdıqca sevinirlər. Ancaq əsas pərəstişkarım anamdır. Nəinki videolarımı, hətta bütün şərhləri oxuyur. Keçən dəfə deyir ki, videolarıma bir dənə də olsun mənfi rəy gəlməyib. Bu, onu çox sevindirir. Deyirəm başqa cür ola bilər ki? Nəsə bu cəhətdən arxayınam.

- Şərhlərdən hiss olunurdu ki, əvvəlcə izləyicilər iki qadının eləcə mahnı oxuyub sosial şəbəkədə yerləşdirdiyini düşünürdü. Səs tembrınız Soprano, səhv etmirəmsə, səsiniz də 3 oktavadır. Böyük səhnələrdə çıxış etmisiz. Bəs bu cür güclü səs niyə belə gec və internet vasitəsilə tanındı?

- Xalqla təmasım bu qısa videolar vasitəsilə yarandı. Pop, estrada ifaçıları ilə klassik mahnı ifaçılarının istər tanınması, istərsə də qazancı arasında dəhşətli fərq var. Baxın, hazırda qlobal problem budur. Biz daha çox sənətlə məşğuluq. Araşdırırıq, hələ də nələrsə öyrənirik. Amma pop ifaçıları daha çox kommersiya tərəfini düşünürlər. Daha çox reklama gedirlər, sponsorlar tapılır. Onların sərf etdiyi vaxt, zaman başqa yönədir, bizim başqa.

Tələbələrimlə söhbətlərim olur. Çoxu xarici ölkəyə üz tutmaq niyyətindədir. Bu, reallıqdır və danışılmalıdır. Uşaqlar konservatoriyanı bitirdikdən sonra qazanc düşünürlər. Barmaqla sayılacaq teatrlarımız var. Ora da nə qədər kadr götürmək olar? Bəs qalan tələbələr neyləsin? Onlar da məcbur üz tuturlar toylara. Əsas aktual problemimiz budur. Toy biznesi hər şeyi üstələyib. 

- Bəs klassik musiqi ifaçıları üçün niyə qazanc yoxdur? Son nöqtə niyə toylarda qoyulur? Sponsor lazımdır, ya dövlət dəstək olmalıdır?

- Bəli, dövlət dəstək olmalıdır. Bizdə konsertlər çox zəifdir, fəaliyyəti sıfır dərəcəsindədir. O insanlar konsert verə bilir ki, başqa yerdən maddi gəliri olur. Nə qədər sənətkar tanıyıram ki, məcburən repertuarını dəyişib qazanc üçün toylara gedir. Bəstəkarlar deyir ki, yazmaq istədikləri tam başqa bəstələr var, ancaq alan olmur deyə 8-9 ritmində musiqilərə üstünlük verirlər. Hamısı bir-birinə bağlıdır. Əhali musiqi savadı almalıdır. Ailələr uşaqlarını musiqi məktəblərinə qoymaqdan çəkinməsin.

- Belə olanda izləyicini qınayırıq, ancaq həmin izləyici o vaxt Rəşid Behbudovu, Müslüm Maqomayevi bəyənən izləyicidir, Emin Sabitoğlunun bəstələri ilə böyüyüb, sevib. İndi niyə bayağıya üz tutsun axı?

- Böyük bəstəkarlarımız var idi, onlar dövlət tərəfindən seçilirdi, maliyyələşdirilirdi. Studiyada mahnılar yazılırdı. Ancaq indi bazar iqtisadiyyatıdır. Hər kəsin işi öz öhdəliyinə düşüb. Müğənni düşünür ki, mahnı yazdırmalıdır, söz almalıdır, studiyada oxumalıdır, aranjiman edilməlidir. Yenə söhbət hərlənib-fırlanıb qazanc, toy məsələsinə gəlib çıxır. Sonra da deyirlər ki, bayağı müğənnilər, ifalar gündəmi alıb. 

- Özünüzü serialda da sınamısınız. Aktrisalığa maraq da tanınmaq üçün bir vasitə idi, ya bu, sizin çoxdankı arzunuzdur?

- “Vicdan haqqı” serialına çəkilməyim tam təsadüf oldu. Serialdakı aktrisa müəyyən səbəblərdən çəkilmədi və məni həmin rola dəvət etdilər. Ancaq həmişə filmdə çəkilmək istəyim olub. Biz təhsil alan zaman aktyorluq dərsləri də alırdıq. Bizi teatra, operaya hazırlayırdılar. Ancaq bir tərəfi də elə tanınmağa gedib çıxır. Serialda bir dəfə lay-lay mahnısını da ifa etmişəm. Sualınıza cavab olaraq, hər ikisi deyək. Əslində, bunu təəssüflə deyəcəm ki, böyük kütlə məni serialdan sonra tanıdı. Hətta mənə sırf aktrisa kimi müraciət edirlər. Amma əslində araşdıranda fəaliyyətimin, sənətimin başqa olduğunu görürlər. Çoxu bilmirdi ki, belə səsim var, böyük səhnələrdə çıxışlarım olub, opera oxumuşam.

- Operadan söz düşmüşkən, “Arşın mal alan” tamaşasında canlandırdığınız Gülçöhrə rolu böyük maraq qazanmışdı. Daha sonra sizi operalarda görmədik. Səbəb nə oldu?

- 2007-ci ildə elə bir şansım yarandı. Ancaq elə bir tamaşada rol aldım, onunla da bitdi. Bilmirəm nədən bitdi, sonra Opera və Balet Teatrında çıxış etmək üçün rol istəsəm də, bir də dəvət olunmadım. Hər şey uğurlu olmuşdu. Düzdür, yox demirlər. Ancaq müxtəlif bəhanələrlə get-gələ salırlar. Belə baxanda səs diapazonu, ifa tərzim, faktura hamısı uyğun gəlir. Mən bu ölkənin vətəndaşıyam. Niyə ölkəmi tərk edib xaricdə operalarda yer almalıyam!?

- Türkiyəli vokal müəllimi Emre Yücelen yayımladığı videolardan birində sizin səsinizin də analizini aparıb çox bəyənmişdi. İfanız haqqında çox yüksək fikirlər demişdi, həmin videoya baxmısız?

- Bəli, izləyicilərim göndərmişdi. Mənim haqqımda bu qədər yüksək fikirlər söylənməsi xoş oldu. Əvvəl elə bilirdim ki, hamını tərifləyir, sonradan gördüm ki, yox, elə deyil. Türkiyədə izləyicilərim var və sözügedən videodan sonra daha da artdı. Ancaq ən çox məni İranda bəyənirlər. Bunun səbəbi də musiqi duyumu ilə bağlıdır.

- Maraqlıdır ki, İqtisad Universitetinin həm bakalavr, həm də magistr pilləsini fərqlənmə ilə bitirmisiz. Bəs necə oldu ki, birdən musiqini seçib bu üzrə peşəkar məşğul olmağa başladız?

- Hüseyn Cavid prospektinə köçməyimiz mənim həyatımda hər şeyi köklü şəkildə dəyişdi. Hər dəfə universitetə gedib-gələndə konservatoriyanın yanından keçirdim və musiqi səsi eşidirdim. Səslər məni özünə çəkdi və özümü sınamaq qərarına gəldim. Mən bu sənətə gec gəlmişəm, ancaq uşaqlığımdan evdə çalıb-oxumuşam. Heç vaxt düşünmürdüm ki, musiqiçi olaram, nailiyyətlərim olar. Yenə də peşman deyiləm. Mənim köküm Şuşaya gedir və deyilənə görə, nənəmin gözəl səsi olub, Seyid Şuşinskinin tələbəsi olub. Bəlkə də səsim ondan mənə keçib. Azərbaycanda sopranoları çox az tanıyırlar. Sayımız da elə çox deyil. Ölkəmizdə çox gözəl səslər var. 

- Tanınma məsələsi yəqin ki, televiziyalar, son zamanlarda da internet vasitəsilə olur. Sizin bir neçə verilişdə qonaq olan zaman ifanızı dinlədim, tam fərqli üslubda oxuyursunuz və bu da izləyicini elə də çəkmir.

- Dövlət kanallarında klassik ifalar olur. Ancaq digər televiziya kanallarında proqramlara dəvət alan zaman ifa etmək istədiyim mahnını göstərirəm, deyirlər ki, bəlkə, bu, olmasın? Daha şən, ritmik nəsə istəyirlər. Mən də başqalarından çox fərqlənməmək üçün çalışıram bir qədər ritmik, estradaya yaxın musiqilər seçim. 

- Son olaraq, Aygün Mübariz bundan sonra özünü harada görür?

- 5 il bundan qabaq soruşsaydınız, tam fərqli bir yerdə görəcəkdim, 10 il bundan qabaq isə tam başqa yerdə. Ümid edirəm ki, 5 il sonra da elə olacaq.

Günel Hacı

Fotolar - Video: Nuran Məmmədov