Koreyada istehsal olunan “Hykron” mühərrik yağlarının rəsmi təqdimat mərasimi keçirilib.
“Qafqazinfo” xəbər verir ki, “Four Seasons Hotel”də baş tutan tədbirdə avtomobil və sənaye sektorunun nümayəndələri, biznes ictimaiyyəti və media təmsilçiləri iştirak edib.
Təqdimat mərasiminin əsas qonaqlarından biri Koreya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Kan Kımqu olub.
Səfir çıxışında bu günün təkcə yeni bir məhsulun deyil, eyni zamanda yeni bir biznes modelinin təqdimatı olduğunu vurğulayıb.
O, “Hykron” brendinin Azərbaycan bazarına daxil olmasını iki ölkə arasında iqtisadi əməkdaşlığın inkişafı baxımından əlamətdar hadisə kimi dəyərləndirib.
Kan Kimqu, ilk növbədə, yeni məhsulu Azərbaycanda uğurla təqdim etdiyinə görə “Azkor Trading” şirkətini səmimi-qəlbdən təbrik edib.
Səfir bildirib ki, bu cür təşəbbüslər Koreya və Azərbaycan arasında ticarət və investisiya əlaqələrinin möhkəmlənməsinə töhfə verir.
Tədbirdə həmçinin, “Hykron” mühərrik yağlarının istehsal olunduğu “DH Chemicals” zavodunun nümayəndəsi Kim Jae Jin iştirak edib.
Kim Jae Jin təqdimatı zamanı məhsulların istehsal prosesi və tətbiq olunan müasir texnologiyalar haqqında ətraflı məlumat verib.O, “Hykron” mühərrik yağlarının beynəlxalq keyfiyyət standartlarına uyğun istehsal olunduğunu vurğulayıb.
Təqdimatda “Hykron” məhsullarının yüksək performans və mühərrik qorunması baxımından üstünlükləri diqqətə çatdırılıb. Bununla yanaşı, brendin rəsmi yağdəyişmə servisinin də fəaliyyətdə olduğu açıqlanıb.
Brendin təsisçisi Emin Səfərov bildirib ki, mühərrik yağları müxtəlif iqlim və yol şəraitlərində sınaqdan keçirilib. Təsisçi, həmçinin, Hykron brendinin bir neçə beynəlxalq sertifikatını qonaqlara əyani şəkildə təqdim edib.
“Azkor Trading” şirkətinin nümayəndələri brendin Azərbaycan bazarı üçün uzunmüddətli inkişaf strategiyasını təqdim ediblər.
Bildirilib ki, məqsəd yalnız satış deyil, həm də dayanıqlı və etibarlı tərəfdaşlıq modelinin qurulmasıdır. Tədbir iştirakçıları “Hykron” məhsullarına böyük maraq göstəriblər. Rəsmi hissədən sonra qonaqlar üçün müzakirə və şəbəkələşmə imkanı yaradılıb.
Təqdimat yüksək təşkilati səviyyədə keçirilib. “Four Seasons Hotel”də baş tutan tədbir beynəlxalq formatı ilə seçilib. “Hykron” brendinin Azərbaycan bazarına daxil olması mühərrik yağları seqmentində yeni rəqabət mühiti yaradacağı gözlənilir.
Tədbir Koreya–Azərbaycan biznes əməkdaşlığında növbəti uğurlu addım kimi qiymətləndirilib.











Son xəbərlər
Son Xəbərlər