İcbari tibbi sığorta ilə LOR əməliyyatları icra olunur

icbari-tibbi-sigorta-ile-lor-emeliyyatlari-icra-olunur
Oxunma sayı: 2813

Adenoidektomiya (burun əti) və tonzillektomiya (boğaz əti) əməliyyatları icbari tibbi sığorta ilə ən çox icra olunan LOR əməliyyatlarından hesab olunur. 

Burun və boğaz əti əməliyyatlarının diaqnostikası üçün pasiyent otolarinqoloq tərəfindən müayinə olunur. Burun ciblərinin və yuxarı tənəffüs yollarının endoskopiyası və rentgenoqrafiyası aparılır. Eyni zamanda əməliyyat öncəsi müayinə və həkim konsultasiyası, laborator və instrumental müayinələr, histopatoloji müayinələr, qan və ya qan komponentləri, 12 yaşa qədər uşaqlarda yatış müddətində müşayiət edən şəxsin qidalanması, həkim təqibi icbari tibbi sığortanın Xidmətlər Zərfi ilə qarşılanır.

Əməliyyat otolarinqoloq-cərrah tərəfindən ümumi anesteziya altında aparılır. Anesteziya, reanimasiya və stasionarda yatış, eyni zamanda əməliyyat zamanı istifadə olunan dərman və tibbi sərf icbari tibbi sığorta təminatına daxildir. 

Məlumat üçün bildirək ki, adenoidektomiya burun-udlaq nahiyəsində yerləşən burun ətinin cərrahi yolla çıxarılmasıdır. Bu əməliyyat ən çox 14 yaşına qədər uşaqlarda aparılır. 

Burunla nəfəsalmada çətinlik, ağızdan nəfəsalma, xoruldama, ağzı açıq yatma, yuxuda tənəffüsün 10 saniyədən çox dayanması, konservativ müalicənin effektiv olmaması əməliyyat üçün göstəriş hesab oluna bilər. Əməliyyat olunmadıqda oksigen çatışmazlığına, çənə sümüyünün inkişaf anomaliyasına, eşitmə azlığı və diqqət dağınıqlığına səbəb ola bilir. 

Tonzillektomiya boğazda irinli ağırlaşmalar, udmanın çətinləşməsi, tənəffüs yolunun tutulması və terapevtik müalicənin effekt vermədiyi hallarda həkim tərəfindən təyin olunur. Xroniki tonzilitdən əziyyət çəkən pasiyentləri əməliyyat etmədikdə revmatizm, nəticədə revmatik mənşəli ürək və böyrək xəstəliklərinə səbəb olur. 

Qeyd edək ki, icbari tibbi sığorta ilə qarşılanan tibbi xidmətlərdən istifadə etmək üçün Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki istənilən dövlət tibb müəssisəsinə və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 9 elmi-tədqiqat institutuna şəxsiyyət vəsiqəsi ilə müraciət etmək kifayətdir. 

İcbari tibbi sığortanın Xidmətlər Zərfi ilə təminata alınmış xidmətlərin siyahısı ilə buradan tanış ola bilərsiniz.