“İçib səcdəyə çökürəm” – Azərbaycanlı yazar

icib-secdeye-cokurem-azerbaycanli-yazar-
Oxunma sayı: 1025


Uzaqlara...

Pəncərəmin şüşəsinə, şəkillərini vurmuşam,
sənsiz gün görməyi də özümə haram bilirəm.
Gözlərimi zilləyib məchul uzaq nöqtəyə,
saatlarca susuram...

Ama qorxma, bir dənəm, hələ də yaşayıram.
Evdən dərsə gedirəm,
dərsdən evə gəlmirəm.
Düşüb şəhərin canına
gəzmədiyimiz yerləri,
gəzməyəcəyimiz yerləri,
qarış-qarış gəzirəm.
Hara getsəm ruhumda
bütün xatirələri
özümnən daşıyıram...

Ama qorxma, bir dənəm, hələ də yaşayıram.
Hər gün axşam içirəm, ta sabah olanacan.
Adını bilmədiyim bütün içkilərin də dadını əzbər bilirəm.
İçib-içib qusuram,
içib-içib söyürəm,
içirəm ağlayıram...

Ama qorxma, bir dənəm, hələ də yaşayıram.
İçib səcdəyə çökürəm,
Adını söyləyirəm AMİN-lərin yerinə.
Bildiyim duaları adına oxuyuram.
Ama qorxma, bir dənəm, hələ ki, yaşayıram.
Hələ ki, yaşayıram...

Tarix: 29.12.2012

Noolsun, evdə təkəm?!

P.S. Ahmet Kaya mahnılarının yoldaşlığıyla oxumanız tövsiyyə olunur...


Noolsun, evdə təkəm?!
Bu ki, tənhalıq deyil.
Tənhalıq bilirsən nədi?
Bir evdə, bir otaqda yaşadığın,
bir yastığa baş qoyduğun
adamların səni anlamamağı...
Eyni dildə danışıb,
bir-birini anlamayan,
insanlardılar tənha!
Noolsun, evdə təkəm?!
Bu ki, tənhalıq deyil.
Məndən başqa otağımda
dörd dənə də divar var.

Sən baxma Ahmet Kayanın “Duvarlar konuşmuyor, anne...” deməyinə,
Öyle bir konuşoyorlar ki,
içim-içim yanır, ana...
Elə divarlar öyrətdi,
bir yerdə qərar tutmayıb,
uzun müddət qalmamağı,
ev-eşiyə,
kənd-kəsəyə sığmamağı...
Mənə divarlar öyrətdi,
çürüyüb məhv olanacan,
bir yerdə qalmağa məhkum,
heç yerə gedə bilməyən,
divarlar öyrətdi ana!
Noolsun, evdə təkəm?!

Bu ki, tənhalıq deyil.
Heç bilirsən nə qədər kitabım var?
Hələ televizor da var,
hər gün açıb baxmadığım.
Üç dənə də yatacaq var,
ikisi boş...

“İçimde ölen biri var.”
Noolsun evdə təkəm?!
Bu ki, tənhalıq deyil.
Evimdə bir pəncərə var,
o da divara açılır.
“Penceresiz kaldım anne.”
Noolsun, evdə təkəm?!
Bu ki, tənhalıq deyil.
Sıxılıram, darıxıram,
daralıram, boğuluram.
“Bu ne yaman çelişki, anne?”
Noolsun, evdə təkəm?!
Bu ki, tənhalıq deyil.
Bu tək-tənha yaşamaqdı, sadəcə...
Nə yanımda bir polis var,
nə jandarma,
nə karakol.
Ürəyim kelepçede.
“Gönülde eski sevdalar,
aynada hayalin ağlar,
geçmiyor günler, geçmiyor,”
“Beni bul, beni bul anne...”
Noolsun, evdə təkəm?!
Bu ki, tənhalıq deyil.
Bir tərəfdə boş şərab şüşələri,
bir tərəfdə qutu-qutu dərmanlar,
bir də acılı türkülər.
Bunlardı ev yoldaşım...

“Dost uzanan eller tuzak,
karanlıklar kurmuş tuzak,
benim sonum dünden belli.”
Noolsun, evdə təkəm?!
Bu ki, tənhalıq deyil.
Bilirsən tənha nədir?
Özünü yalayan pişik.
Noolsun, evdə təkəm?!
Bu ki, tənhalıq deyil.
Otağımda çılçıraq var,
ağırlığıma dözəcək.
Qapı, pəncərə qapalı,
şükür ki, qaz da gəlir.
Hər şey tamam ama bir az,
bir az dəlilik çatmır...
“İçimdə intihar korkusu var.”
Noolsun, evdə təkəm?!
Bu ki, tənhalıq deyil.
Tənhalıq bilirsən nədir?

Verdiyin çörəkləri itin də yeməməyi...
Çörək qırıntılarından
təpəciklər yaranıb
qapımın kandarında.
Verdiyim çörəkləri
nə sərçələr dənləyir,
nə qarışqalar yeyir...
“Niye böyle anne, niye böyle anne?”
Noolsun, evdə təkəm?!
Bu ki, tənhalıq deyil.
İçimdə bütün dünya var,
Sən də varsan, O da var...
İçlərində yaşaya bilməsəm də
bütün insanlar sığar,
sığıb içimə...
İçimdə dəli sevda var!
Ruhumu vəcdə gətirən,
ölüm,
ölüm qoxusu...

Tanış, doğma, sevgili...
Qorxma, qorxma, hələ sağam!
“Bana böylesi garip duygular,
bilmem niye gelir, nereye gider?!
Korktum, güldüm, kendime kızdım...
Bugünde ölmedim anne!
Bugünde ölmedim anne!”