İcra başçısı “Çudo Peçka”ları təmizlətdirdi - Fotolar, yenilənib

icra-bascisi-cudo-peckalari-temizletdirdi-fotolar-yenilenib-
Oxunma sayı: 745




Bir neçə gün əvvəl “Qafqazinfo” portalı Bakının Sabunçu rayonunun 1-ci Zabrat Qəsəbəsində köhnə Kərpic Zavodun ərazisindəki yeni massivin küçələrindən reportaj təqdim etmişdi. Həmin materialda küçələrdəki anti-sanitariya şəraiti təqdim olunmuş, illərlə qalaqlanıb qalan zibilliklərin fotoları təqdim olunmuşdu. Sayt Sabunçuya yeni təyin olunan icra başçısı Adil Vəliyevə müraciət edərək bu problemləri göstərmiş və həll ediləcəyi təqdirdə hadisə yerindən yeni fotosessiya hazırlayacağını bildirmişdi.

Həmin materialı BU LİNK vasitəsi ilə oxuya bilərsiniz.

Xatırladaq ki, sözügedən material portalda ciddi müzakirə olunmuş və şərhlər yazılmışdı. Hətta biz özümüz də, bir qrup oxucularımız kimi problemin belə tez həll ediləcəyinə ümid etmirdik.

Lakin “Qafqazinfo”da problem işıqlandırıldıqdan dərhal sona icra başçısının göstərişi ilə qəsəbə icra nümayəndəliyi, yerli bələdiyyə ilə birlikdə əraziyə göndərilib. Və problem cəmi bir günün içində həll edilərək o gün fotolarını təqdim etdiyimiz zibilliklər tamamilə təmizlənib.

Biz cəmi üç zibilliyin ərazisini çəkib təqdim etsək də, həmin ərazidə yaşadığımızdan, artıq Zabrat qəsəbəsindəki bütün zibilliklərin təmizləndiyini müşahidə etmişik. Hal hazırda zibilliyi təmizlənən əksər ərazilərdə xüsusi zibil yerləri tikilməkdədir. Zibilliklər təmizlənən zaman qəsəbə icra nümayəndəliyi sakinlərə bildirib ki, tezliklə yeni icra başçısı Adil Vəliyevin göstərişi ilə əraziyə zibil qabları qoyulacaq və onların mütəmadi daşınmasına nəzarət olunacaq. Sakinlər baxmayaraq ki, məsələnin bu şəkildə həll ediləcəyinə, yəni əraziyə mütəmadi nəzarət olunacağına inanmasalar da, hazırkı situasiyanı da heyrətlə izləyirlər. Hazırda həmin ərazilərdə abadlaşdırma işləri gedir. Biz bu işlər tam yekunlaşandan sonra ehtiyac olarsa görülmüş işləri tam olaraq işıqlandıra da bilərik.

“Qafqazinfo” rəhbərliyi Adil Vəliyevə mətbuatın obyektiv olaraq işıqlandırdığı problemə belə operativ reaksiya verdiyinə görə təşəkkürünü bildirir. Və rayondakı digər çatışmazlıqları da işıqlandırmağa hazırdır.

Materilal saytda yerləşdiriləndən sonra rayon icra hakmiyyəti başçısının köməkçisi redaksiya ilə əlaqə saxlayıb. Köməkçi bildirib ki, “Qafqazinfo”da qaldırılan problem həqiqətən də icra başçısı tərəfindən nəzarətə götürülüb. O, artıq bütün Sabunçu ərazisində yerləşdirilmək üçün 500 ədəd zibil qabları və müəyyən sayda zibil daşıyan texnikanın sifariş verildiyini, məsələnin daim diqqətdə saxlanacağını deyib.