İcra başçısı Yasamal sakinləri ilə görüşdü - Fotolar

icra-bascisi-yasamal-sakinleri-ile-gorusdu
Oxunma sayı: 1267

Yasamal rayonunda noyabr ayı üzrə növbəti səyyar qəbul keçirilib.

“Qafqazinfo” xəbər verir ki, sakinlərin problem və müraciətlərinin həlli məqsədilə təşkil olunan görüşdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov rayondakı 31 nömrəli tam orta məktəbin akt zalında vətəndaşlarla görüşüb.

Görüşdə Yasamal rayonunun sakinləri, rayon icra hakimiyyətinin məsul şəxsləri, Mənzil Kommunal Təsərrüfatı Birliyinin və Bələdiyyənin rəhbərliyi, habelə xidmət sahələrinin təmsilçləri iştirak ediblər.Sakinləri salamlayan Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov ölkə Prezidenti cənab İlham Əliyevin son 20 ildə misilsiz fəaliyyəti, xüsusən də Qarabağın azad edilməsi və bərpası istiqamətində görülən tarixi işləri barədə vətəndaşlara ətraflı məlumatlar verib.

Bildirilib ki, Prezident xalqımızı bir zəfərdən digərinə aparır, dövlətimiz daha da möhkəmlənir və beynəlxalq nüfuzu artır. Daha sonra isə sakinlərdən müraciət və təklifləri barədə ətraflı danışmağı xahiş edib.

Növbə ilə söz alan vətəndaşlar rayon küçələrinin işıqlandırılması, istismar müddəti bitmiş binaların söküntüsü, bina damlarının təmiri, qurumuş ağacların budanması, bina həyətlərinə giriş-çıxış, hərbi qulluqçuların sosial müdafiəsi və digər məsələlərlə bağlı öz təklif, şikayət və fikirlərini bildirdilər.Qəbulda Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov sakinlərin suallarına ətraflı şəkildə cavab verdi.İcra başçısı vətəndaş məmnunluğunun tam təmin edilməsi üçün xidmət rəhbərləri qarşısında tələblər qoyub.

Bir sıra problemlərin həllinə dair RİH əməkdaşlarına birbaşa göstərişlər verilib. Səyyar qəbulda sakinlərin arzu və təklifləri dinlənilib, səsləndirdikləri məsələlərin həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib.