“Qalatasaray”ın futbolçusu Mauro İkardi həyat yoldaşı Vanda Naraya ikinci dəfə evlilik təklifi edib.
“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Vanda Nara İtaliyada nəşr olunan “Gente” jurnalına verdiyi müsahibədə bildirib.
İkardinin yenidən ona evlilik təklifi etdiyini açıqlayan Nara “Birlikdə keçirdiyimiz bütün illərdən sonra Mauro mənə evlilik təklifi etdi. 27 may 2014-cü ildə bir-birimizə sonsuz sevgi sözü vermişdik. Təklif çox yenidir, hələ heç nəyi planlaşdırmamışıq. Amma təklif almaq gözəl idi.
Güman edirəm ki, bu arzumuzu həyata keçirə bilsək, Argentinada olacaq. Dekabrın 23-nə qədər Roma-İstanbul rutinini davam etdirəcəyəm. Çünki həmin gün “Ulduzlarla rəqs”in son bölümü yayımlanacaq. Beləliklə, əmin olduğumuz yeganə şey Milad bayramını Avropada keçirəcəyimizdir",- deyib.
Qeyd edək ki, 2014-cü ildə ailə quran və iki qızı olan Nara-İkardi cütlüyü ötən il boşanma iddiaları ilə gündəmə gəlsə də, bu vəziyyət rəsmiləşdirilməyib. Onlar ötən ilin sentyabr ayında ayrılmışdılar. Cütlük noyabr ayında barışsa da, bu, uzun çəkməyib və onlar yenidən ayrılıb. Vanda həmçinin İkardinin meneceri olub.
Naranın Maksi Lopezlə evliliyindən də üç övladı var.