Azərbaycanın iki nüfuzlu avtoriteti üz-üzə gəlib. Bu barədə “Qafqazinfo”ya avtoritetlərə yaxın dairədən məlumat daxil olub. Məlumata görə, iki azərbaycanlı avtoritet - Rövşən Lənkəranski ilə Qoca ləqəbli Əlibalanın münasibətləri olduqca kəskinləşib. Bir neçə il əvvəl MDB-nin bir nömrəli avtoriteti sayılan Lotu Hikmətin, ondan sonra isə “Yaponçik” adlı avtoritetin qətlə yetirilməsindən sonra onların yerinə iddialı olan şəxslər arasında nüfuz davası getməsi ilə bağlı ara-sıra mətbuatda məlumatlar yayılır. Həmin məlumatlarda adı keçən əsas şəxlərdən biri Rövşən Lənkəranskidir.
Bu gün redaksiyamıza daxil olan bir məlumat avtoritetlər arasında baş verən nüfuz davasının yeni detalları haqqında ilginc informasiyaları özündə cəmləşdirir. Belə ki, yuxarıda qeyd etdiyimiz kimi Rövşən Lənkəranski ilə Qoca adlı avtoritetin nüfuz davası artıq həm Rusiya ərazisində fəaliyyət göstərn oğru dünyasını, həm də Azərbaycan həbsxanalarındakı vəziyyəti əməllicə qarışdırıb. Azərbaycan həbsxanalarında bu iki şəxsin adamları arasında qarşıdurma pik həddə çatıb. Məlumatlara görə, bir müddət əvvəl Qobustan Qapalı Təcridxanasında Rövşən Lənkəranskinin adamı sayılan Elçin adlı şəxs burada “polojeniya”ya nəzarətçisi kimi təqdim edilib. Lakin Qoca məsələyə müdaxilə edərək öz adamı olan “Nuruş” adlı naxçıvanlı məhbusu Elçinə alternativ kimi irəli sürüb. Hər iki şəxsin arasında “polojeniya”ya nəzarət etmək üstündə mübahisələr o həddə çatıb ki, artıq Qobustanda məhbuslar iki yerə parçalanaraq əməlli-başlı qarşıdurmaya gediblər.
Adı şəkilən avtoritetlərin nüfuz davası təkcə həbsxana divarları arasında deyil, bayırda da davam edir. Deyilənə görə, bir neçə gün əvvəl “Min bir gecə” restoranında baş verən qətl hsdisəsi də iki avtoritet arasındakı münasibətlərin nəticəsidir. Burada əsas mübahisə qeyd etdiyimiz kimi Rövşən Lənkəranski ilə Qocanın arasında gedir. Onların hər ikisi özünü MDB-nin bir nömrəli avtoriteti kimi qəbul etdirmək istəyir. Hətta qonşu ölkələrin, o cümlədən Gürcüstan lotularının da məsələyə qarışdıqları haqda xəbərlər var. Onların Qocanın tərfadarı kimi çıxış etdikləri və bu yaxınlarda Dubayda Rövşən Lənkəranski ilə “razborka”larının baş verdiyi haqda məlumatlar var. Həmin “razborka”da hətta gürcü avtoritetlər Rövşənə iki bıçaq zərbəsi vuraraq onu yaralayıblar.
Xatırladaq ki, Rövşən Lənkəranski haqqında məlumatlar Azərbaycan ictimaiyyətində daha çoxdur. Onunla bağlı maraqlı məlumatlardan biri də qardaşının Dövlət Gömrük Komitəsində yksək post tutması ilə bağlıdır.
Bu arada bir məqamı da qeyd edək ki, bir müddət əvvəl Penitensiar Xidmətin rəisi general Mədət Quliyev mətbuata açıqlamasında Azərbaycan həbsxanalarında heç bir lotunun olmadığını demişdi. General bildirmişdi ki, bu cür temalar arxada qalıb və hazırda həbsxanalarda belə bir vəziyyət hökm sürmür. Lakin bu məlumat və adı çəkilən hər iki avtoritetin nüfuz davası vəziyyətin ayrı cür olduğunu göstətir.
Məlumatlar var ki, yaxın günlərdə adı çəkilən avtoritetlər arasında yaşanan “razborka”ların digər məqamları da üzə çıxacaq.
Son xəbərlər
Son Xəbərlər