Yanvarın 30-da “2025-ci ildə İmişli rayonunun sosial-iqtisadi inkişafının yekunları və 2026-cı ildə qarşıda duran vəzifələr” mövzusunda İmişli Rayon İcra Hakimiyyəti başçısının hesabat yığıncağı keçirilib.
“Qafqazinfo” xəbər verir ki, tədbirdə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Qiyas Yusifov, Milli Məclisin deputatı Səyyad Aran, Yeni Azərbaycan Partiyası İmişli rayon təşkilatının sədri Səfa Ağayev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon icra hakimiyyəti başçısı yanında Şuranın üzvləri, ağsaqqallar, şəhid ailələri, qazilər, idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
İştirakçılar əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək onun əziz xatirəsini ehtiramla yad ediblər. Ulu Öndərin adını daşıyan Mərkəzdə keçirilən yığıncaq çərçivəsində iştirakçılar rayonda istehsal olunan yerli məhsullarla yaxından tanış olublar, həmçinin həyata keçirilmiş işləri əks etdirən fotostendə baxış keçiriblər.
Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Giriş nitqi ilə çıxış edən icra başçısı Ulu Öndər Heydər Əliyev tərəfindən formalaşdırılmış və ölkəmizin davamlı inkişafını təmin edən dövlət idarəetmə modelinin Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirildiyini vurğulayıb. O, 2025-ci il ərzində İmişli rayonunda iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, məşğulluq, sosial müdafiə, təhsil, səhiyyə, infrastruktur, abadlıq-quruculuq və kommunal xidmətlər sahələri üzrə görülmüş işlər, həyata keçirilmiş layihələr və əldə olunmuş nəticələr barədə ətraflı məlumat verib. Çıxış zamanı vətəndaş müraciətlərinin qəbulu, araşdırılması və operativ həlli istiqamətində görülmüş tədbirləri, müraciətlərin say dinamikasını və onların həll səviyyəsini xüsusi vurğulayıb, eyni zamanda rayonun sosial-iqtisadi inkişaf perspektivlərini və 2026-cı ildə qarşıda duran əsas vəzifələri diqqətə çatdırıb.
Milli Məclisin deputatı Səyyad Aran isə sosial-iqtisadi islahatların bölgələrdə real nəticələr verdiyini bildirərək İmişlinin inkişaf tempini yüksək qiymətləndirib.
Məruzə zamanı çıxış edən YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən uğurlu siyasətin regionların hərtərəfli inkişafına güclü təkan verdiyini qeyd edib.
Digər çıxışçılar - hüquq-mühafizə orqanlarının, kənd təsərrüfatı sahəsinin, aidiyyəti üzrə digər idarə və müəssisələrin, eləcə də özəl təşkilatların nümayəndələri öz fəaliyyət istiqamətləri üzrə görülmüş işlər, mövcud problemlər və 2026-cı il üçün nəzərdə tutulan əsas fəaliyyət istiqamətləri barədə fikirlərini bildiriblər.
Şəhid ailələri adından çıxış edən Vətən müharibəsi şəhidi Mehdizadə Rüfətin atası İsrayıl Əbilov onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını ifadə edib.
Yığıncaqda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Qiyas Yusifov çıxış edərək rayonda həyata keçirilən abadlıq-quruculuq işlərinin və infrastruktur layihələrinin dövlət başçısının regionlara göstərdiyi xüsusi diqqətin bariz nümunəsi olduğunu və vətəndaş məmnunluğunun təmin edilməsinə xidmət etdiyini vurğulayıb. O, Prezident İlham Əliyev tərəfindən 2026-cı ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə bağlı qarşıda duran vacib məsələləri diqqətə çatdırıb.
Hesabat yığıncağının yekunlarına dair qərar layihəsi İmişli Rayon İcra Hakimiyyəti başçısı aparatının humanitar məsələlər sektorunun müdiri Rüfət Muradov tərəfindən oxunaraq tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Sonda iştirakçılar adından Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul edilib və müraciətin mətni iştirakçıların diqqətinə çatdırılıb.













