İmişlidə regional konfrans işə başlayıb - Fotolar

imislide-regional-konfrans-ise-baslayib
Oxunma sayı: 2212

Noyabrın 14-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və İmişli Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə İmişli rayonunda “Müasir çağırışlar və qarşıda duran əsas hədəflər” mövzusunda üçgünlük regional konfrans işə başlayıb. 

“Qafqazinfo” xəbər verir ki, əvvəlcə ulu öndər Heydər Əliyevin İmişli rayonundakı abidəsi ziyarət edilib, önünə gül dəstəsi düzülüb. Tədbir dövlət himninin səsləndirilməsi, ölkəmizin ərazi bütövlüyünün qorunması və bərpası uğrunda şəhid olanların ruhlarının bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Din xadimləri, dini icma sədrləri, eləcə də ictimaiyyət nümayəndələrinin iştirak etdiyi konfransı İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev giriş sözü ilə açaraq ulu öndər Heydər Əliyevin milli-mənəvi dəyərlərin qorunması üçün gördüyü misilsiz işlərdən bəhs edib. E.Rzayev möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızda bütün dini konfessiyalara dövlət tərəfindən diqqət və qayğı göstərildiyini də diqqətə çatdırıb.

Daha sonra çıxış edən DQİDK sədrinin birinci müavini Səyyad Salahlı dövlət-din münasibətlərinin daha yüksək səviyyədə tənzimlənməsi, dini maarifləndirmə işinin təşkili, həmçinin cəmiyyətdə radikalizm meyllərinin qarşısının alınması istiqamətlərində görülən işlərdən danışıb. Dövlətin dinə hər zaman xüsusi həssaslıq və qayğı ilə yanaşdığını qeyd edən S.Salahlı dövlət başçısı İlham Əliyevin, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə mühüm layihələrin həyata keçirildiyini vurğulayıb. YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, İmişli şəhər “Cümə” məscidinin imamı Rasəf Rüstəmov çıxışlarında dövlətin dinə və din xadimlərinə diqqətindən, ölkəmizdəki sabit dini durumdan bəhs ediblər. Natiqlər, eyni zamanda son dövrlər DQİDK-nın təşəbbüsü ilə maarifləndirmə istiqamətdə həyata keçirilən tədbirləri yüksək qiymətləndiriblər.

Qeyd edək ki, tədbir çərçivəsində həmçinin kitab sərgisi keçirilib, sənədli film nümayiş olunub. Konfrans noyabrın 15 və 16-da da davam edəcək.