Türkiyənin “Qaziantep” klubunun çalışdırıcısı Burak Yılmaz postundan istefa verib.
“Qafqazinfo” xəbər verir ki, o bu barədə instaqram hesabında paylaşım edib.
Çalışdırıcı istefa qərarının səbəbini qazandıqları uğura verilən dəyərsizliklə bağlı olduğunu bildirib: “Klubdakı baş məşqçi vəzifəm qəbul etdiyim qərar əsasında bu gündən etibarən başa çatdı. Meydanda göstərdiyimiz mübarizə ilə yanaşı, meydandan kənarda da futbolçularımızın maddi və mənəvi baxımdan heç bir problemlə üzləşməmələri üçün şəhərin nüfuzlu şəxsləri ilə görüşərək klub prezidentimizlə birlikdə bu məsuliyyəti üzərimizə götürdük. Lakin meydandakı uğurun və kənardakı fədakarlıqların yetərincə dəyər və qiymət görmədiyini hiss edirəm. Dünən keçirilən oyunda yaşadığım hadisələr silsiləsinin ilk nümunəsi deyil, son və ən diqqətçəkən göstəricisi oldu”.
B.Yılmaz həmçinin qeyd edib ki, xal toplamaq və qol vurmaq baxımından uğur qazana bilməyən, özünəinamı sarsılmış bir komandanı təhvil alıblar: “Klubu hələ təhvil aldıqda transfer məsələlərində də irəliləyişi yox idi. Komandaya bu gün etibarilə ciddi gəlir gətirəcək transferləri həyata keçirdik. Bu performansı hər keçən həftə artırdıq. Və liqadakı mövqeyinə görə Avrokuboklara vəsiqə uğrunda mübarizə aparan bir kollektiv formalaşdırdıq. Xüsusilə səfər oyunlarında məğlub olmayan və yüksək xal ortalaması əldə etmiş bir komandanı təhvil verməyin rahatlığı ilə ayrılıram.Bütün karyeram boyunca prinsiplərimə sadiq qalaraq peşəkar yolumu qurmuşam. Prinsip və düzgün iş mühitinin uğur gətirdiyi anlayışından heç vaxt güzəştə getmədiyimi və getməyəcəyimi xüsusi vurğulamaq istəyirəm.
Son söz… Əziz və dəyərli futbolçularım, sizinlə keçirdiyimiz və olduqca duyğusal olan vida görüşündə də söylədiyim kimi, insan sevdiklərini unuda bilmir. Sizi heç vaxt unutmayacağam”,- deyə B. Yılmaz bildirib.
Qeyd edək ki, “Qaziantep” ötən gün Türkiyə Superliqasının 16-cı turunda “Göztepe”yə 0:1 hesabı ilə məğlub olub.
Xatırladaq ki, B. Yılmaz 2023-cü ildə müvəqqəti olaraq “Beşiktaş”ı çalışdırıb. Bundan sonrakı mövsümlərdə isə o “Kayserispor”, “Kasımpaşa” klublarında baş məşqçilik edib ancaq uğursuz nəticlərə görə istefa verib.
Son xəbərlər
Son Xəbərlər