“İnsanların oturması üçün yer yoxdur, amma bu tikilinin istismarına icazə verdilər” - Fotolar

insanlarin-oturmasi-ucun-yer-yoxdur-amma-bu-tikilinin-istismarina-icaze-verdiler
Oxunma sayı: 4288

Nizami rayonu, Şirin Mirzəyev 68A və 76A binalarının sakinləri həyətdəki yarıtikilidən narazıdırlar.

Bu barədə “Qafqazinfo”ya müraciət edən 68A binasının sakini Şahbaz Şahbazov bildirib ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi binaların kiçik və məhdud olan həyətində özbaşına sənədsiz yarıtikilinin istismarına qərar verib. 

Sakinlərin iddiasına görə, qərar təhlilə və əsaslandırmaya söykənmədən qəbul edilib. Şikayətçi düşünür ki, həmin obyektə yerində baxıb, daha sonra qərar vermək gərəkli idi: “Çünki iki binanın arasında dar bir keçid əraziyə, yaşayış binalarının 5-6 metrliyinə yaxın “obyekt”ə sənəd vermək Prezidentin bununla bağlı imzaladığı fərmanın tələbinə ziddir. Fərmanda göstərilir ki, əgər həyətin ərazisi kiçikdirsə, ərazidə insanların oturmasına, hərəkətinə, avtomobillərin gediş-gəlişinə, dayanmasına maneə varsa, obyektə icazə vermək qanunsuzdur.

Sözügedən ünvanda isə ümumiyyətlə, iki oturacaq belə yoxdur ki, yaşlılar, uşaqlar, sakinlər otursun. Ona görə də istismarına icazə verilən məlum “obyekt” sakinlərin kütləvi şəkildə narazılığına səbəb olub, eləcə də, bu hal qanun anlayışının tələblərinə ziddir. Odur ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin icazəsi başadüşülən deyil”.

Məsələ ilə bağlı Şəhərsalma və Arxitektura Komitəsindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, 194G ünvanında yerləşən qeyri-yaşayış obyektinin istismara verilməsinin Prezidentin 14 iyun 2023-cü il tarixli 2181 nömrəli Fərmanında müəyyən edilmiş qaydalara zidd olduğu barədə səsləndirilən iddialar əsassızdır: “Məlumat üçün bildiririk ki, sözügedən tikilinin istismarına Komitə tərəfindən 09.02.2026-cı il tarixində icazə verilib. İcazənin verilməsi ilə bağlı icraat aparıldığı dövrdə obyektin mərtəbələri, xarici divarları və dam örtüyü tamamlanmış vəziyyətdə olub. Bu hal icraat materialları və fotoşəkillərlə də təsdiq olunur. Uzun illərdir ərazidə mövcud olan həmin tikilidə hazırda təmir işləri aparıldığı üçün dam örtüyü müvəqqəti olaraq sökülüb. Bu səbəbdən obyektin hazırkı görüntüsü əsasında əvvəlki vəziyyəti barədə nəticə çıxarmaq doğru deyil.

Qeyd edək ki, belə icazələr Fərmanla müəyyən edilmiş prosedura uyğun olaraq, obyektin torpaq-hüquq statusu, texniki vəziyyəti, təhlükəsiz istismar imkanları və mövcud məhdudiyyətlər aidiyyəti dövlət qurumları tərəfindən qiymətləndirilərək verilir.

Bu baxımdan, Komitənin guya heç bir təhlil və əsaslandırma aparmadan yarımçıq tikiliyə istismar icazəsi verməsi barədə səsləndirilən iddialar faktiki hallarla təsdiqini tapmır.

Xatırladaq ki, “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2181 nömrəli Fərman qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin təhlükəsiz istismarının təmin edilməsi, tikinti sektorunun likvidliyinin artırılması, habelə vətəndaşların və sahibkarlıq subyektlərinin əmlak hüquqlarının tanınmasının səmərəli şəkildə təşkilini nəzərdə tutur”.

Nuranə Daxilqızı