“Atlas” Araşdırmalar Mərkəzi, analitik Elxan Şahinoğlu İran-Azərbaycan münasibətlərindəki gərginliyin təhlükəli fazaya daxil olduğunu, tərəflərdən hər hansı birinin geri addım atmayacağı halda Xəzər dənizində və ya iki ölkə arasındakı quru sərhəddə toqquşmaların da mümkün ola biləcəyini bildirib. Palitoloq “Qafqazinfo” üçün şərhində bildirib ki, həbs edilən iki azərbaycanlı şairə qarşı casusluq ittihamının elanının ardından Azərbaycanın hüquq-mühafizə orqanlarının da “Talişi sədo” qəzetinin təsisçisi və və baş redaktoruna qarşı eyni ittihamın irəli sürülməsini təsadüfi saymadığını vurğulayıb: “İki dövlət arasında “diş-diş” siyasəti gedir. Tehran Azərbaycan əleyhinə addım atan kimi, hansısa vətəndaşımızı həbs edən kimi rəsmi Bakı qarşılıqlı addım atır, sərt açıqlamaya eyni tərzdə cavab verir, Azərbaycan ərazisində İranın xeyrinə casusluq edənlər həbsini açıqlayır. Xəzər dənizi üzərindən Azərbaycana qaçaqmal daşıyan iranlıların həbsi xəbərinin bu gün yayınlanması da siyasi, diplomatik və informasiya savaşının tərkib hissəsidir.
Tehran Azərbaycanı təhdid etməkdə davam edir. Görünür, qonşu ölkənin rəsmi və dini dairələrində düşünürlər ki, İrana qarşı hücum aktuallaşsa Azərbaycan bütün hallarda Qərbin yanında yer alacaq. Halbuki, Azərbaycan prezidentindən tutmuş, digər rəsmilərimizə qədər hamısı bir ağızdan söyləyir ki, Bakı Qərbin İrana qarşı hər hansı planında yer almayacaq.
Ancaq nə İlham Əliyevin açıqlamaları, nə Əli Həsənovla Səfər Əbiyevin Tehrana səfərləri, nə də Türkiyə, Azərbaycan və İran xarici işlər nazirlərinin bir neçə ay öncəki üçtərəfli Naxçıvan bəyanatının xeyri oldu. Dəfələrlə toplanan İran-Azərbaycan hökumətlərarası və parlamentlərarası komissiyalar da gərginliyi aradan qaldıra bilmədilər. Əksinə, 2012-ci ilin aprel və may aylarında İrandan Azərbaycana qarşı açıqlama, təhdid və təzyiqlərin miqyası bir az daha artıb.
Görünür, Tehran Bakının vədlərinə və səmimiyyətinə inanmır. Elə bu gün prezident İlham Əliyev İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Məhəmmədbağır Bəhramini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib. Həmin görüşdə prezident eyni sözləri təkrarlasa da, Tehranın buna ciddi yanaşacağına inamım yoxdur. Tehran artıq düyməyə basıb və açıq-aşkar Azərbaycanı hədəf götürüb. Son bir ildə iki ölkə arasındakı notaların sayı 10-u keçib. Bu qonşu dövlətlər üçün anormal haldır”.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri İran-Azərbaycan münasibətlərindəki gərginliyin yaxın müddətdə azalacağını proqnozlaşdırmır: “Azərbaycan müstəqlliyinin 20 illik tarixində İranla münasibətlərdə son ildəki qədər gərginlik yaşamamışdı. Əlbəttə, bu illərdə münasibətlərdə müəyyən problemlər olub, qarşılıqlı ittihamlar hər zaman səslənib, sadəcə, son 1 ildə İranın Azərbaycana qarşı təhdid siyasəti sistemli xarakter alıb. Tehranın bu siyasətinin arxasında konkret məqsədləri var. Siyasi və diplomatik cəbhədə həyata keçirilən hücumda Tehranın Azərbaycana qarşı bircə müharibə elanı yoxdur. Ancaq gərginliyin bu şəkildə davam edəcəyi halda, gələcəkdə sərhəddə də hər cür təxribatların baş vermə ehtimalı artır. Bunun isə daha genişmiqyaslı toqquşmalara gətirib çıxaracağı ən qorxulu proqnozdur.
İran-Azərbaycan münasibətlərinin tam normallaşması üçün ya İrandakı sistem dəyişməli, ya da Azərbaycan İranın istəyinə uyğun siyasət həyata keçirilməlidir. Yaxın müddətdə bunların heç biri mümkün görünmür.
Son illərin müşahidələri göstərir ki, İrandakı rejim onunla yumşaq davrananı qorxaq tərəf kimi qəbul edir. Azərbaycanla münasibətlər bunun bariz nümunəsidir. Odur ki, rəsmi Bakının hazırda İranla münasibətlərdə üstünlük verdiyi “dişə diş” siyasətindən başqa çıxış yolu qalmayıb. Bunu Azərbaycan hakimiyyətinin yeni İran strategiyası saymaq olar. Ancaq Azərbaycanın bu strategiyanı təkbaşına davam etdirməsi çətin olacaq. Çünki, İranın Azərbaycana qarşı istifadə edə biləcəyi hərbi və insani potensial imkanları daha genişdir.
İranın son zamanlar Azərbaycanla sərhəddə hərbi təlimlər keçirməsi, bu bölgədə ordu birliklərinin sayını artırması və ilk dəfə olaraq Xəzərə sualtı gəmilərini yerləşdirməsi kimi həyəcanverici xəbərlər də gəlir.
Azərbaycanın İranın artan təhdid və təzyiqlərindən qorunması üçün müttəfiqlərinin dəstəyinə ehtiyacı var. Bu dəstək olmasa, Tehran Azərbaycanı hədəf almaqda davam edəcək, Azərbaycan-Qərb əməkdaşlığını pozmaq üçün əlindəki bütün vasitələri işə salacaq”.