“Iran bizdən nə istəyir?” İrana, orada saxlanılan gənc şairlərimiz Fərid Hüseyn və Şəhriyar Hacızadənin taleyi ilə bağlı təhqiqat səfərimdən sonra mənə mesaj-məktublar ünvanlayan, görüşən, rast gələn çoxları bu sualı verir. Baxmayaraq ki, bu barədə mətbuata müsahibələr verdim, təhqiqatımın nəticə-hesabatını açıqladım. Düşündüm ki, bəlkə bir qədər ətraflı, izahlı yazı hazırlayım.
Mövzuya uyğun, amma qeyri-real.
Mövzuya uyğun və yerinə düşəcək bir başlanğıc barədə düşündüm. Nəsə, bu yaxınlarda yazar Həmid Herişçinin “Yeni Müsavat” qəzetində dərc etdirdiyi, İranlı yazar-diplomat Əsgər Fərdinin Heydər Əliyevlə görüşləri barədə xatirələri ətrafında yazısını münasib bildim.
Həmid Herişçinin, müəyyən bədii rənglər versə də, həmin nəqletmənin başlıca mahiyyət və məqamlarını olduğu kimi çatdırıb, öz “təbii və doğru təbiətli yazar” reputasiyasına xələl gətirməməsinə şübhə yoxdur. Ancaq Həmid bəyin özünün də göstərdiyi kimi, həmin xatirələr bir qədər fantastic görüntülüdür və dərin təhlildə bu nəqletmənin özündə müəyyən şişirtmə yönümlü qeyri-reallıq hiss olunur.
Məsələn. Tamamilə qərib bir diyardan SSRİ kimi böyuk bir imperiyanın mərkəzi-Moskvaya, mahiyyətcə anti-rusuya məqsədi daşıyan missiya ilə Əsgər Fərdi(Ağeyi-Qeybi) ilk səfərini edir. Heydər Əliyevin aləmcə məşhur ünvanını “Novodeviçye” qəbirstanlığında Quran oxuyan bir talışdan öyrənmək qədər məlumatsızdır. Azərbaycan SSR-in Moskvadakı nümayəndəliyində keçiriləcək, Sovet ordusu tərəfindən Bakıda törədilmiş 20 yanvar 1990-cı il qırğınına etiraz toplantısı barədə “Mir” prospektindəki məsciddə namaz qılan təsadüfi bir tatardan xəbər tutur.
Bu cür imkan və səviyyə potensialı ilə Heydər Əliyev kimi təcrübəli siyasətçiyə onun siyasi ömrünün ən önəmli addıminı məsləhət verir, həmin tədbirə qatılmasını təşviq edir. Hətta bu qatılmanın müşaiyət və təşkilati işini öz üzərinə götürür. Heydər Əliyev isə, bu məsləhət və xidməti ondan qəbul edir, hələ, əlavə kömək üçün də xahişlər edir. Nəsə, real görünmür bunlar…
Bununla belə…
Bununla belə, əhvalatın real həqiqətə yaxın məqam və tərəflərini də inkar etmək olmaz.
Həqiqət budur ki, İran hələ SSRİ dağılmazdan da əvvəl, Azərbaycan barədə düşünürmüş. Bu dağıntını duyurmuş, gözləyirmiş. Buna hazırlaşırmış, planlar qururmuş. Hətta, bu hazırlıqda Türkiyəni və Qərbi də önləyirmiş! İranı şimal qonşusunun üfüqdə görünən müstəqil dövlətində kimin rəhbər olacaği, bu rəhbərin nə dərəcədə onun himayəsi və təsiri altında düşəcəyii, bu yeni nəfəs alıb qurulacaq dövlətin “islam-şiə fundamentalizmi” bataqlığına nə dərinlikdə qərq olacağı düşündürürmüş.
Əlbəttə, İran İslam Respublikası adlı, dinin dövlət və siyasət üzərində hökmran olduğu, müasir dünyanın əksinə gedən ideologiya ilə təklikdə qalmış ölkəyə hakim olan İran hakimiyyət rejimi üçün onun şimalında qərar tutacaq yeni bir dövləti öz cərgəsinə sırımaq hava-su kimi vacib imiş. Bu vacibliyin arxasında isə daha mühüm bir amil durmaya bilməzmiş: Quzey Azərbaycanı tam təsiri altına salmaqla öz ölkəsində yaşayan 35 milyon sayında azərbaycan türkünün milli azadlıq ruhunu birdəfəlik sındırmaq.
Zaman da göstərəcək ki, İran bu ruhun həmişəlik sönməsi xatirinə Quzey Azərbaycanı özünə birləşdirmək və ya, birləşdirmək dərəcəsində təsiri altına salmaq planı baş tutmadığı halda, bu cavan ölkənin separatcı qüvvələr tərəfindən parçalanmasına, hətta erməni tərəfindən işğalına dəstək verəcək. Ruslar demişkən: “İnsan (oxu: ölkə) yox olursa, problem də yoxdur”.
İran bizdən nə istəyirmiş?
Beləliklə, “İran bizdən nə istyəyir” sualının kökü hələ o illərə gedib çıxırmış. Başımız hələ Rus imperiyasından qurtulmaq və müstəqilliyimizi bərpa etməklə, erməni millətçilərinin yeni açdığı Qarabağ savaşı ilə, Ermənistandan qovulan qaçqınlarımızla qarışan dövrə.
Aydın olur ki, İranın Azərbaycanın potensial rəhbər və ictimai-siyasi xadimləri ilə görüşləri; “ruslardan qurtuluş” adı ilə Araz çayı boyunca İran-Azərbacan sərhəd xəttlərinin sökülərkən quzey-güney azərilərinə görüşmək imkanı yaratması; sonralar yeni müstəqil Azərbaycan dövləti ilə “sıcaq” münasibətləri; cənub qonşunun qaçqınlarımıza təbliğat-plakatlı yardım maşınlarinin Bakıda “Azadlıq” meydanında bir neçə günlük nümayişindən sonar paylanmasına izn verilməsi- bunlar hamısı məqsədli oyun imiş.
Heydər Əliyevin İran siyasəti.
Hedər Əliyev isə təbii ki, Heydər Əliyev olmazdı, İranı və ona hakimlik edən rejimi tanımasaydı. Bilməmiş olmazdı ki, öz xalqının onilliklərlə gözləntidən sonra yaranmış azadlıq, müstəqillik fürsətini əldən vermək, üstəlik bu tarixi şansı İran rejimi kimi gerizəkalı bir hakimiyyətə qurban vermək özü, tarixi və bağışlanılmaz səhv olardı. Və 1993-cü ildə hakimiyyətə gələn kimi o bunu təsdiq etdi.
Bununla, İran qonşu Azərbaycan üzərində qurduğu siyasi oyunda birinci səhvini elə, Heydər Əliyevdə etdi. Qərbin uzaq Cənubi Qafqaza, Azərbaycana guclü maraq göstərəcəyini və keçmiş kommunust lideri Heydər Əliyevin demokratik Qərblə dil tapa bilmək imkanını hesablamamaqla səhv etdi. O dərəcədə ki, Azərbaycandaki Xəzər neft konsorsiumunda ona catacaq 5 faizlik kiçik paydan da məhrum oldu.
Ancaq, o zaman bu bölgü İranı cox da narazı salmadı, Azərbaycanla qarşıdurmaya sürükləmədi. Buna da səbəb var: öncəki maksimal türk dünyası və Güney Azərbaycan türkləri azadlıği carcısı və İrana qətiyyən sərf etməyən “Vahid Azərbaycan” ideyası tərəfdarı Əbülfəz Elçibəydən sonra, qonşuluq siyasətində daha balanslı və tədbirli mövqe tutan H. Əliyevin daha şükürlü olması. Və Heydər Əliyevin məxsusi dövlətçilik təcrübəsi, hansı ki, münasibətlərdəki narazılıqları yatırdır, siyasi ehtirasları səngidir, intriqaları üstələyir.
Bu minvalla yeni müstəqillik əldə etmiş, bərkiməmiş və üstəlik, Rusiyanın himayə etdiyi qonşu Ermənistanla müharibə şəraitində olan Azərbaycan üçün vacib balanslı xarici siyasət proqramı əsasında İranla da məyyən məxsusi münasibətlər quruldu. Məhdud çərcivədə olsa belə, İranın da Azərbaycan məkanında müəyyən maraqları təmin edildı. İrana burada dini, təhsil, iqtisadi, hətta ictimai-siyasi sahələr üzrə maraq dairəsi yaratmağa imkan verildi. Hətta zaman keçdikcə həmin qurum və toplumların vahid bir şəbəkəyə çevrilməsinə və Qərbin də buna daim etirazına rəğmən. Proses sakitcə, bir neçə il, təxminən 2003-ədək davam etdi.
İran məqsədindən sapınmayıbmış.
Zaman isə göstərdi ki, İran həmin illərdə əsl məqsədindən-imkan düşən kimi, Azərbaycan bir azacıq büdrəyən kimi onu silkələyib, özünə uyğun hakimiyyət qurmaqla öz möhkəm təsiri altına salmaq, yaxud da onu parçalayıb yox etmək məqsədindən sapınmayıbmış. Onun bütün bu din, təhsil, iqtisadiyyat adları altında qonşu ölkədə yaradıb gücləndirdiyi sistemli şəbəkələr də məhz həmin məqsədə xidmət edirmiş. Hələ, bütün bu dövrdə İranın Azərbaycanla müharibə şəraitində olan düşmən Ermənistanı hərtərəfli dəstəkləməyi, Xəzərin bölgüsündə süni problemlər yaradaraq Türkmənistanı Azərbaycana qarşı qoymasi və s. kimi mövqeləri bir tərəfə…
Beləliklə, cənub qonşunun uzanmış əli ilə 2002-ci ildə prezident Heydər Əliyevin səhhətinin zəiflədiyi və növbəti prezident seckilərinin yaxınlaşdıği ərəfədə hicab məsələsi bəhanə edilərək, Bakının iranyönlü güclü icması olan Nardaran kənd sakinləri ilə hakimiyyət arasında dərin nifaq və qarşıdurma yaradıldı. Polislə sakinlər arasında qarşıdurmada ölən və yaralananlar da oldu.
Həmin zaman Qərbin də müxalifətə güclü dəstək verməsi və Heydər Əliyevin üçüncü prezidentliyini qətiyyən qəbul etməməsi onu sübut edir ki, İranın Azərbaycana münasibəti heç də Qərbin Bakı ilə yaxın-uzaq olması üzərində qurulmur. Bu yaxında Bakıda keçirilən “Evrovision” beynəlxalq musiqu tədbiri dövrü Avropanın kəskin etirazı ilə yanaşı Azərbaycana qarşı İranın da qalmaqal yaratması buna daha bir misaldır.
Növbəti dəfə yollaşma.
O zaman, 2003-cü ilin əvvəlində ən kritik anda H. Əliyev Qərblə və Rusiya ilə olduğu kimi, növbəti dəfə İranla dil tapa bildi. Uzun müddətə həbs olunmuş Hardaran ağsaqqalları, ictimai liderləri birdən azadlığa buraxıldı.
Bu razılaşma İlham Əliyevin hakimiyyətə gəlməsindən sonra da öz qüvvəsində qaldı. Təbii ki, İran tərəfinin himayəsində onun Azərbaycandakı şəbəkələrinin varlığı, davamı və hətta inkişafı şərti ilə. Və təbii ki, Azərbaycanın İranda heç bir, bu cür adekvat imkanlarının olmaması şərti ilə. Yəni ki, İranın təbirincə, Azərbaycan onsuz da öz müstəqilliyi üçün dünyada bütün güclərə borcludur, balans yaradıb hamınin marağını təmin edir və onun da marağını heç olmasa, bu cür, birtərəfli təmin etməlidir, vəssalam!
Təsadüfi deyil ki, bü necə illərdəki, iki dövlət arasında yaşanan gərginliklərdə İran içərisindən bir şəxs, ya qurum ortaya çıxıb Azərbaycanın tərəfini saxlamadı. Bakıdakı iranyönlü qüvvələrin İranı dəstəkləməsinə rəğmən. Cünki, Azərbaycanın İranda belə bir “dayaqlar” qurmaq problemi olmayıb. İki aydır İranda iki şairimiz İran hakimiyyət oarqanları tərəfindən faktiki yoxa çıxarılıb. Bu hal görünməmiş dövlət özbaşınalığıdır, biabırçılıqdır. İran tərəfdən bir ictimai xadimin və ya təşkilatın buna etiraz səsinə, reaksiyasına rast gəldikmi?
Əlbəttə, həmin şəbəkələr fəaliyyətlərində Azərbaycan dövlətçiliyinə xələl gətirməmək şərti ilə mövcud olsalar da, Əliyev hakimiyyəti üçün heç vaxt inam doğurmayıb və daima xüsusi nəzarət altında olublar. Bilinib ki, həmin qurumlar zamanından asılı olaraq dərhal dəyişib, dövlətimizə qarşı casusluq və yaxud ekstremizm yuvasına çevrilə bilərlər.
İranla yeni İlham Əliyev hakimiyyəti arasında bu cür inamsız, üzdə cakit-daxıili gərgin, sanki atəşdən öncəki sükut dövrü də xeyli, 2011-ci ilə, “Ərəb baharı”nadək davam etdi.
Ardı burada