İran tərəfinin bu şəkildə anlaşılmaz inadkarlıq nümayiş etdirməsi isə qonşu ölkənin qərəzindən xəbər verir.
Şairlərin həbsi dövlət səviyyəsində müzakirə olunsa da, yenə də ortada heç bir nəticə yoxdur. Baxmayaraq ki, gənc şairləri həsrətlə gözləyən ailə üzvləri onların tezliklə sərbəst buraxılacaqları haqda müxtəlif nazirliklərdən və səfirlik orqanlarından bir neçə dəfə sevindirici xəbərlər alıblar. Hətta onların valideynləri övladları ilə iki dəfə telefon əlaqəsi saxlayıblar. Bu qısa söhbətlərdən sonra bir qədər rahatlıq tapan valideynlər övladlarının qısa vaxt ərzində ölkəmizə qayıdacaqlarına ümid etsələr də şairlər bugünədək hələ də qaytarılmayıb.
Dünən gənc şair Fərid Hüseyn anası ilə yenidən telefon əlaqəsi saxlayıb. Bu barədə "Şərq"ə danışan şairin anası Tahirə Hüseynova övladının səsindən kövrəldiyini deyir və dözülməz həsrətin artıq bitməsini istəyir: "Oğlumla bir az bundan qabaq danışdım. Dedi ki, pis deyilik, vəziyyətimiz normaldır. İran hökuməti artıq bizi bağışlayıb. Yəni bu tərəfdən heç bir maneə qalmayıb və bizi buraxmalıdırlar. Biz özümüz də gözləyirik. Yəqin ki, dövlətimiz bizi tezliklə buradan təhvil alacaq".
Tahirə xanım məsələnin bu qədər uzanmasından narahat olduğunu deyib: "Artıq ay yarımdan çoxdur xəstəyəm, dözə bilmirəm. İran səfirliyinə yaxın düşə bilmirik. Nazirlikdən də bizə bir telefon nömrəsi veriblər. Nə zaman əlaqə saxlasaq deyirlər ki, araşdırma gedir. Axı bu araşdırmalar nə vaxt bitəcək? Bu həftə qayıdacaqlarını demişdilər. Amma artıq həftə qurtarır, heç bir yenilik isə yoxdur. Fərid deyir ki, burada daha problemimiz qalmayıb, həll olunub. Bəs onda niyə onları buraxmırlar?".
Qeyd edək ki, sözügedən xoşagəlməz hadisənin bu qədər uzanması artıq Azərbaycan icimaiyyətinin də ciddi narazılığına səbəb olub. Şairlərin qeyri-dəqiq səbəblərdən həbs olunmasına və onların azad edilməməsinə etiraz edənlər isə bu müəmmalı həbsi İranın Azərbaycana basqısı kimi dəyərləndirirlər. Artıq tanınmış ictimai təşkilatlar, QHT-lər də yaranmış problemlə əlaqədar daha ciddi tədbirlər görməyə başlayıb. Xüsusən də ötən 4 gün ərzində bu məsələni araşdırmaq məqsədilə İranda səfərdə olmuş İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, hüquqşünas-tədqiqatçı İlqar Altayın cəsarətli xidmətini vurğulmaq lazımdır. Tədqiqatçı İranda ETTELAAT-da, DİN-də, dini liderin iqamətgahında və Prezident Aparatında olub və önəmli rəsmilərlə görüşüb.
Şair Şəhriyarın atası Hacı Mayıl Hacızadə oğlu haqqında son məlumatlardan danışarkən İ.Altayın bu addımını yüksək qiymətləndirib və ona minnətdarlığını bildirib: "Ötən həftə ayın 14-də hörmətli Daxili İşlər nazirimizin "Xəzər" TV-də verdiyi açıqlama belə idi ki, biz İrandakı səfirliyimizlə danışmışıq və onlar məlumat verib ki, gələn həftə, yəni içində olduğumuz bu həftə şairlər sərbəst buraxacaqlar. Elə axırıncı aldığımız xəbər budur, əlavə heç nə bilmirik. İndi ümidlə gözləyirik. Hələ həftənin axırına bir-iki gün var. Sadəcə nazirlikdən və səfirlikdən mütamadi məlumat alırıq və mətbuatı izləyirik. Oğlumla ikinci telefon danışığımız da qısa oldu. Sadəcə onu dedi ki, vəziyyətimiz yaxşıdır, səhhətimiz yerindədir. XİN-dən xahişnamə tələb olunub, onu da hazırlayıblar. İndi sənədləşməni gözləyirik. Həmçinin onu da dedi ki, bir-iki kiçik günahlarımız da olub, amma onları bağışlayıblar. Yəqin ki, tezliklə bu iş öz həllini tapar. Biz dövlətimizin səylərinə, bu işə göstərdikləri diqqətə və İran dövlətinin ədalətinə güvənirik və ümid edirik ki, hər şey yaxşı olacaq. Mən xüsusilə İlqar Altaya öz təşəkkürümü bildirirəm. Çox razı qaldım ondan. İrana səfərini və etdikilərini çox yüksək qiymətləndirirəm. Allah köməyi olsun".
Səfər haqqında məlumat almaq üçün İ.Altayla əlaqə saxladıq və o bizə maraqlı faktlar söylədi: "Mən ora gedən kimi ilk növbədə hüquq-mühafizə orqanlarına yönəldim. Çünki orada məni həbs edə bilərdilər, həyatıma təhlükə vardı. Bir kriminalist-hüquqşünas kimi bilirdim ki, müəyyən təxribatlar ola bilər. Yəni öncədən mühafizə orqanlarına müraciət etdim ki, gəliş məqsədimi onlara açıqlayım. Sonra deməsinlər ki, niyə, nə səbəbə gəlmisən? Hələ Azərbaycanda olanda İran səfirliyinə də gedib səfərim haqqında onları məlumatlandırmışdım. Artıq İran tərəfi də ora gedəcəyimi bilirdi.
Orada ilk görüşüm DİN-də oldu. Daha sonra vəkillər və hüquqşünaslar asossasiyasında oldum və bu məsələni müzakirə etdik. Aparılan müzakirədə aydın oldu ki, bu ETTELAAT-ın işi ola bilər. Çünki bu formada həbsi yalnız onlar edir. Getdim həmin o quruma və onlara məktub təqdim etdim. Orada məni çox ciddi sorğu-sual etdilər. Sənədlərimi dəfələrlə yoxladılar. Hətta suallarıma kimləsə telefonla danışıldıqdan sonra cavab verilirdi. Buradan çıxdıqdan sonra dini lider Xamneyinin beynəlxalq məsələlər üzrə müşaviri Sabir Əkbəri ilə görüşdüm. Çox mədəni insan idi və məni gözəl qarşıladı. O bizim dilimizdə də təmiz danışırdı. Əlimdə Azərbaycan ictimaiyyəti nümayəndələrinin imzaladığı bir məktub var idi. Onu da Xamneyiyə göndərdi. Onunla çox söhbət etdim. Nəzərinə çatdırdım ki, bu İran tərəfini ifşa edən xoşagəlməz bir olaydır. Eyni zamanda günahsız şairlərin həbs olunması tək iki dövlət arasında problemə çevrilmir, həm də bu Azərbaycan ictimaiyyətinin də ciddi narazılığına səbəb olur. Elə buradan çıxandan sonra yaxınlıqda yerləşən Prezident Aparatına üz tutdum. Orada aparatın siyası əmniyyət şöbəsinin rəisi Zənbiani ilə görüşdüm. Çünki belə işlərlə həmin şöbə məşğul olurdu. Bir az tələsik getdiyim üçün apardığım məktubu ingilis dilinə çevirə bilməmişdim. Amma orada mənə dedilər ki, məktub fars dilinə tərcümə olunmalıdır və bu prosedur həyata keçirildikdən sonra ona qol çəkdim. O məktub da prezidentin adına yazıldı. Daha sonra Zənbianinin kabinetində mənim diqtəmlə Təbrizin kəşfiyyat idarəsinə yeni bir məktub yazıldı və qərara alındı ki, məktub ilk öncə Təbriz ostanına (vilayətinə) göndərilsin. Orada şöbə rəisi Həqqaqi məni qarşılayıb bu məsələ ilə məşğul olmalı idi. Yəni belə qərara gəldim ki, şairlər ETTELAAT-ın binasında saxlanılırlar və bunu da artıq prezident aparatında bilirlər. Görünür onlar əvvəlcə mənə kömək etmək istəyirdilər. Amma sonra qəribə şeylər oldu. Vəziyyət dəyişdi. Həmin o Zənbiani birtəhər vəziyyətdə, hirsli və qorxmuş halda içəri gəldi. Aydın olurdu ki, ona yuxarıdan kimsə zəng edib və yəqin ki, çox ciddi danlayıb. O mənə dedi ki, siz gedin oteldə dincəlin. Biz özümüz bu məsələni araşdırarıq, siz heç bir işə qarışmayın".
İ.Altay qeyd edib ki, onun bu səfərindən İran dövlət qurumları çox ciddi narahat olublar və bunu hər yerdə açıq büruzə veriblər: "Həddindən artıq narahat idilər. Qaldığım oteldən bayıra qətiyyən çıxmağımı istəmirdilər. Çünki bilirdilər ki, mən dayanmıram və bir çox yerlərə gedirəm. Mənə konkret olaraq tapşırdılar ki, burada qalım və heç bir fəaliyyət göstərməyim. Amma yenə inadkar davranıb gecə ikən Təbrizə yola düşməyi qərara aldım və demək olar ki, çantamı avtobusa da qoymuşdum. Amma mənə heç cür imkan vermədilər. Yəni mədəni surətdə başa saldılar ki, biz sizə güc tətbiq etmək istəmirik. Axı sizdən xahiş etdik ki, oteli tərk etməyin".
İ.Altay gənc şairlərin çox ciddi qapalı rejimdə saxlandıqlarını və özlərinin də harada olduqlarından xəbərləri olmadıqlarını deyib: "Mən elə hesab edirəm ki, onları ETTELAAT-ın xüsusi binasında, yəni başqa yerdə qapalı vəziyyətdə saxlayırlar. Onların özləri də vəziyyəti tam olaraq bilmirlər. Düşünürəm ki, şairlərə də xüsusi hazırlanmış proqrama əsasən zəng elətdirirlər. Bunda da bir məqsəd var. Yəni onlar danışanda deyirlər ki, vəziyyətləri yaxşıdır. Amma harada olduqlarını deyə bilmirlər. Sadəcə deyirlər ki, bizim burada heç bir problemimiz yoxdur. Yəni Azərbaycan tərəfi istəsə, onları geri ala bilər. İran tərəfi özləri belə bir çirkin oyun oynayaraq, guya göstərmək istəyirlər ki, Azərbaycan tərəfi şairlərlə bağlı heç bir addım atmır. Belə şeylərlə onlar bizim dövlətimizin nüfuzuna zərbə vuraraq, hökumətə qarşı inamı sarsıtmağa səy göstərirlər".
Mərkəz rəhbəri həmçinin qeyd edib ki, İranda olarkən onun hərəkət və fəaliyyətini ciddi şəkildə məhdudlaşdırıblar: "Otelə daxil olanda internetin olmadığını gördüm. Onlardan xəbər alanda mənə dedilər ki, bugün gəlib interneti söküblər. Eyni zamanda mən xariclə telefon əlaqələri də saxlaya bilmirdim. Yəni üzərimdə çox ciddi nazarət vardı və hər addımımı təqib edirdilər. Görüşlərimi başa vurub geri dönənədək bu təqib və nəzarət davam etdi. Artıq görüşlərimi başa vurduqdan sonra iyunun 15-də İranı tərk etdim".
Tədqiqatçı onu da deyib ki, əgər qısa vaxt ərzində şairlər qaytarılmazsa, İranın bu cür davranışına qarşı daxildə və xaricdə geniş kompaniyalara başlayacaq və mütəmadi konfranslar keçirəcək: "İlk olaraq Türkiyədə konfrans düzənləyəcəm və bu məsələni ictimaiyyətin nəzərinə çatdıracam. Daha sonra ərəb ölkələrinə və Avropaya, ilk olaraq Almaniyaya səfərlər edəcəm. Yəni bacardığım qədər İran tərəfindən yaradılmış bu problemi dünya ictimaiyyətinə yayıb, onun bu çirkin hərəkətini qınaq obyektinə çevirəcəm. Bunlar labüd şeylərdir. Amma ümid edək ki, şairlərimiz qısa müddətdə sərbəst buraxılacaq və belə şeylərə ehtiyac qalmayacaq".