İridöş, başıboş qadın qəhrəmanların serialları

iridos-basibos-qadin-qehremanlarin-seriallari-
Oxunma sayı: 6835

Teleserialların dayandırılması necə effekt verəcək?! Bunu hələ heç kim bilmir. Ama təxmin etmək hüququmuz var. Və gəlin birlikdə bu hüquqdan istifadə edək. Əvvəlcə 2012-ci il may ayının birinə qədər olan durumu yenidən xatırlayaq və “keçmiş” də olanlara bir göz ataq.

Hər şey “Rabınya İzaura”, “ Prosto Mariya” ilə başladı. Biz hələ azərbaycanlılaşmamışdıq və filmlərə, seriallara Rusiya kanallarından rusca baxırdıq. “İzaura” ölkəyə səs saldı. Yeni mədəniyyət, yeni həyat tərzi, yeni sənət növü, yeni qadın tipiylə tanış oldu toplum. Dublyaj sənətində AS olan rus telekanalları serialları xalqla doğmalaşdırdı. Sonra Azərbaycanda ŞOU TV, TRT, TGRT kimi bir-iki Türkiyə TV-si yayımlandı. Türkiyə dublyajı ilə tanış olduq. “İhtiras”, “İntihar” və sair və ilaxır kimi dizilər izlədik. Türkiyədə dublyaj məktəbi yeni-yeni qaydasına düşürdü. Hələ bu qədər serial doğub-törəməmişdilər, hələ dizi broyler sənayesi inkişaf etməmişdi. Braziliya, Meksika serialları uğurlu çevirmələr və dublyajla türkcə yayımlanırdı. Sonradan Türkiyə öz istehsalatını ortaya qoydu. Serial biznesinə girişdi və gördüyümüz kimi, - tutdu! Ehtimal ki, Çin malı dünya bazarını zəbt etdiyi kimi, Türkiyə diziləri də dünya efirini caynağına keçirə bilər. Hər halda, “Yapraq Dökümü”, “Aşkı Memnu” artıq yaxın və orta Şərq ölkələrində yayımlanır.

Türkiyənin belə bir iqtisadi prinsipi var. Dünyada nə istehsal olunursa, onun türk versiyasını ərsəyə gətirmək. Ən xırda örnəkləri “Pampers” in “Molfiksi”i , “ Always”in “Olpit”i, “LG, Sonny, Panasonic”in “Arçelik”i var. Geyim markaları, mebel dəstləri, tikinti materialları bir yana dursun, atıcı silahlar, pilotsuz uçaq… Üstəlik, pilotsuz kosmik gəmi istehsal proqramı da hazırlanıb, dünyada avtomobil istehsalına görə 16-cı yerdə olan Türkiyə yaxın 10 ildə öz avtomobil markalarını da buraxmağı planlaşdırır. Dünya nə istehsal edirsə, onun türk alternativi mütləq olmalıdı. Bu, Türkiyə sənayesinin konsepsiyasıdı. İqtisadiyyatı istehsalatın, sənayenin hesabına gücləndrimək, ixrac etmək, yaratmaq .

Dizi sektoru da bu səbəbdən gəlişdi. Türkiyə Latın Amerikasının iridöş, başıboş qadın qəhrəmanlarından ibarət seriallarını yığışdırıb, özü zəhmət çəkmək qərarına gəldi. O qədər bu işə aludə oldu ki, dizi sektoru kinomatoqrafın tərkibindən tamamilə ayrılaraq gücə çevrildi və sinema sektorunu meydandan qova-qova küncə sıxdı. Bunun əziyyətini sənətçilər çəkirlər. Sinema arzusu ilə yaşayan aktyorlar çar-naçar seriala çəkilmək məcburiyyətində qalırlar. Onlara görə bu elə də ciddi iş deyil. Hər ciddi aktyorun gözəl bir filmdə rol almaq, bütün gücünü toplayıb özünü bir saatlıq əsərdə ifadə etmək arzusu var. Türkiyə hal-hazırda bu sorunla üz-üzədi. O qədər serial çəkilir ki, aktyorlar əslində işləyə-işləyə işsizdilər. Say artdıqca yaradıcılıq azalır. Ancaq gerçəkdən də bu hay-həşirin içində yaxşı işlər az deyil. Elə diziləri var onun cəmiyyətə ancaq xeyri dəyir, nə qədər axtarsan , ilişməyə bir məqam tapmazsan. Məsələn, “Cocuqlar duymasın” adlı komediya dizisi sivil ailə modeli təqdim edir. Toplum üçün faydalı, örnək ola biləcək bir dizidi. Öyrədir, əyləndirir, güldürür və düşündürür. Yalnız iç çəkimlə gerçəkləşən bu dizi çölə bir addım atmadan, eləcə dekorla və aktyor oyunu ilə üzərinə götürdüyü missiyanın öhdəsindən gəlir.

Azərbaycanda bu dizinin yayımı çox önəm daşıyardı. Təəssüf ki, ANS TV bir müddətdən sonra bilmədiyimiz, bəlkə də, bilmək istəmədiyimiz səbəbdən onun yayımını dayandırdı.

Sonradan ortaya qəribə hallar çıxdı. Öncə TV-lərə Türkiyə dizilərini öz “dilimizə” çevirdikdən sonra efirə vermək əmri gəldi. Aləm dəydi bir-birinə. “ortaq türkcə yaratmaq istədiyimiz yerdə bu hardan çıxdı” kimi suallara heç kimdən doğru-dürüst cavab eşidilmədi. Bəli, TV-lər çevirmənliyə başladılar. Əllərinə keçən dizini zay günə qoyub, dublyaj adıyla cəmiyyətə sırıdılar. Vəziyyətin daha da pisləşdiyini görən dövlət bu səfər də yabancı serialların yayımına, ümumiyyətlə, qadağa qoydu.

Azərbaycanda yüksək səviyyəli dublyaj Lider-TV-nin dublyaj studiyasında hazırlanıb. Qloriya Perezin “Klon” telenovellası əsasında çəkilən eyniadlı serialdan söhbət gedir. Dublyaj o qədər uğurlu alınmışdı ki, ilk dəfə Azərbaycan tamaşaçısı sonradan Rusiya telekanalında yayımlanan həmin serialı izləyərkən bizim səsləndirmənin daha yaxşı olduğunu düşündü. Bu gerçəkdən bizim TV arena və dublyaj sənətində hadisə idi. Hadeni səsləndirən Aygün Qaradağlının hər nəfəsi, hər kəlməsi, səsindəki hər detal, hər ah obrazın temperamentini bütünlüklə ortaya qoyurdu, bəlkə, aktrisanın özündən daha inandırıcı danışırdı Aygün xanım. Serialın səsləndirilməsi üzərində işləyən komandaya əməlli-başlı alqış, təşəkkür düşür. Bütün obrazlar ana dilimizdə inandırıcı, təbii, real təsir bağışlayırdı, heç nə şit səslənmirdi, heç nə qulaq qıdıqlamırdı, ət tökmürdü, qıcıqlandırmırdı. İlk dəfəydi yabancı serialı öz dilimizdə peşəkar, köklü, oturuşmuş səslərdən izləyirdik. Seyid Əlini səsləndirən Hacı İsmayılovun səsləndirməsi obrazı sevdirmək üçün yetərli idi. Komanda elə bir iş ortaya qoydu ki, Latın Amerikasında, müsəlman dünyasında müzakirələrə, səs-küyə əsas verən, mövzusu, mesajları, iç-içə olan kritik, həyəcanlı motivi ilə diqqət çəkən telenovellanın efir versiyası Azərbaycanda sakit qarşılandı. Dublyaj bərbad olsaydı, çox güman ki, bu serial da tənqid obyektinə çevrilərdi, ama çevrilmədi. Məsələ professionallıqdadı. Sənət, yaradıcılıq, iş adına sırınan, sərgilənən çiy, hazırlıqsız, betər nə varsa əvvəl-axır məhv olub gedir.

İndi də yararlı-yararsız bütün yabancı dizilərin ölkədə yayımı bu sektoru özümüzdə inkişaf etdirmək məqsədilə dayandırılıb. Əslində, tamaşaçı heç nə itirmir. O, peyk antennasıyla, kabel televiziyasıyla könlü istəyəni izləyir. Tamaşaçının seçimi var. Ancaq TV-nin bir seçimi qalır. Çalışmaq! Bu qadağa bir tərəfdən ölkədə “kabel biznesi” nin genişlənməsinə şərait yaradacaq. Bu yaxşıdı, pisdi, sonuc necə olacaq? - Hələlik bilinmir. Digər tərəfdən, onsuz da, peykə, internetə uduzan TV-lərimizi, nəhayət, silkələyib, bəlkə, yuxulardan ayıldacaq.

Büdcədən yerli serialların istehsalı üçün 5 mln manat ayrıldı, hər TV-yə çəkim üçün ayrı-ayrılıqda 500 000 manat pul kəsildi. TV-lər pis vəziyyətdə qaldılar. Tamaşaçını serialla əlində saxlayan Azərbaycan efiri bomboz olacaq. Yay mövsümündə gücü seriala verən TV-nin işi bir az da ağırlaşacaq. Artıq serialla efir doldurmaq, baş aldatmaq, havayı reklam yığıb zəhmətsiz pul qazanmaq mümkün olmayacaq. İndi yeni layihələr fikirləşməyə, proqramlar yaratmağa məcburdurlar. Buna bizim “Tənbəl TV” heç hazır da deyil. Bu barədə ömrü boyu heç düşünməyib də. Üstəlik, boynuna bu boyda öhdəlik də qoyulub. Maraqlıdı, düz-əməlli bir veriliş qura bilməyən telekanal nə serial çəkəcək?! İlk bəhanə tapıldı, sözsüz. “500 000 bu çalışma üçün azdı” - deyib gileyləndi TV-lər.

Əslində, söz konusu məbləğ deyil. Bu günə qədər AzTV-nin lentə aldığı duzsuz seriallardan başqa heç bir örnəyi olmayan bir industridə 500 000 artıqdı ki, əskik deyil. Bu məbləğə görülən işin keyfiyyəti söz konusudu. Pul davasını o zaman aparmaq olar ki, “500 000”ə şedevr yaratmısan. İndi enerji səni dağıdır, milyonluq zəhmət çəkmək istəyirsən.

Pullar yenə ciblərə gedəcək, onsuz da, çox az vəsait çəkilişlərə öyrəncəliyik. Adətən, belə olur. Filan qədər ayrılır, sonucda görürsən ki, heç yarısı xərclənməyib. 5-3 adam pulun dalına keçib. Ona görə bəri başdan çox vəsait ayırmaq sadəlövhlük olardı. Bu işlərdə təcrübəmiz yoxdu. Təcrübəsiz ələ çoxlu xərclik verməzlər.

Onsuz da, heç kimdən şedevr gözləntisi yoxdu. Çəkə-çəkə, yəqin, bir gün Türkiyə kimi kalite ortaya qoyacayıq. Bunun üçün işə vicdanla girişməkdən savayı və yüksək heç nə yoxdu. Dövlət pulun hamısını, doğrudan da, canla-başla qəpiyinə kimi bu işə xərclənmək üçünmü ayırıb, ayırıbsa, o pul gerçəkdən də qəpiyinə kimi çəkimlərə gedəcəkmi?! Bu məsələ narahatlıq doğurur. Büdcə həm də hər bir azərbaycanlının haqqı, zəhməti, yuxusuz gecələri, narahat gündüzləri hesabına büdcədi. Ölkənin və xalqındı. Ona görə nəyəsə ayrılan, sərf olunan hər manat haqda düşüncələr, narahatlıqlar və bütün bunların fonunda kulturamızın inkişafı üçün göstərilən çabalar, taleyi ilə bağlı beyinyormalar çox doğaldı.

Aysel Əlizadə, xüsusi olaraq “Qafqazinfo” üçün