İslamdan İslama...

islamdan-islama
Oxunma sayı: 6431

Terrorun təkcə bir siması bəs edir ki, ona münasibət birmənalı nifrət olsun: orada ölənlər günahsız və xəbərsizdir.

Xəbərsiz ölmək də yetərincə danışılmalı məqamdır.

Dünyada günahsız insanlar çox ölür, ancaq insan qarşısında ölüm ehtimalı görəndə yarımçıq işlərini görür, əsas da mənəvi borclarını yerinə yetirir.

Axı bizim hər zaman kiməsə borcumuz var: kiməsə üzr, kiməsə öpüş, kiməsə ümid, nəyəsə dən...

Bədbəxt hadisələrə bax, nəticə çıxar, əlilə bax, Allaha şükür et kimi təsəllilərin çox iyrənc olduğunu bilirik.

Fransa rəhbərliyi isə Moskva vilayətində ticarət mərkəzində baş verən terror hadisəsindən sonra ölən günahsız insanlara can yandırmaqdansa, həmən öz ölkəsində yüksək hücum təhlükəsi elan edib.

Təhlükəsizliyini qorumaq hər ölkənin borcudur. Ancaq Fransanın qəbul etdiyi bu qərarın bir neçə iyrənc qırışı var. Onlardan biri terror hadisəsini yenə də İslamla bağlamaq cəhdidir. Yeri gəlmişkən, onların niyyəti “İŞİD”in adını birbaşa “İslam dövləti” kimi təqdim etməyindən də bir daha görünür.

Bu iyrənclik Baş nazir Attalın “X”dəki paylaşımından aydın görünür:

“İslam Dövləti” məsuliyyəti öz üzərinə götürdüyünə və ölkəmizin üzləşdiyi təhdidlərə görə “Vigipirate” [terrorla mübarizə planının] səviyyəsini ən yüksək – “təxirəsalınmaz hücum təhlükəsi” səviyyəsinə qaldırmaq qərarına gəldik”.

Onlarla “Qurani-Kərim”i yandıran, Məhəmməd Peyğəmbərin onlarla karikaturasını çəkən Makron Fransası guya İslamdan qorxur. 

Təbii ki, bu terror hadisəsi araşdırılacaq. Ola bilsin, biz “Crocurs hadisəsi”nin əsl detallarını heç vaxt bilməyəcəyik, ancaq görünəni budur ki, artıq dünya öz məqsədlərinə uyğun vəziyyətdən istifadə edir: tacik vətəndaşlarını deportasiya edən kim, ölkəsində “terror təhlükəsi”ni “islam təhlükəsi” kimi təqdim edən kim, mətbuatının ən qırmızı manşetlərində İŞİD-i birbaşa “İslam Dövləti” kimi yazan kim...

Terrorçu bəslədikləri pansionatların damında göyərçin dənləyən dövlətlərin iç və çöl siyasətlərinin nə qədər təzadlı olduğu gözüaçıq olan hər kəs üçün çoxdan faş olsa da, Qərbin “fashion”i bitmir ki, bitmir: Qan sərgisi. 

Müharibələrin davam etdiyi və qanın su yerinə axdığı dünyaya adı ilə təzad yaradan Barış Akarsunun bir zamanlar bağırdığı kimi, hələ də “satılık olan karanlıktır çerçevede”. Çünki gözüqapalılar üçün sərgi qurmaq dünyanın ən rahat işidir.

Ancaq yaxşı olardı ki, o boyda qan-qadanı qondarma bir təşkilatın – İŞİD-in ayağına yazaraq o dördhərfli abreviaturanın içindən “İslam”ı önə çıxaranlar, yüzlərlə insanı tüstüləyən, gülləbaran edilən ticarət mərkəzindən çıxaran oğlan uşağını da görsünlər. 

Adı İslam.

Sərdar Amin,

Xüsusi olaraq “Qafqazinfo” üçün