“Azərbaycan - İsrail münasibətləri müsbət istiqamətdə inkişaf edir, ən geniş və müxtəlif sahələri əhatə edir”.
“Qafqazinfo” xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Bakıda israilli həmkarı Gideon Saarla birgə mətbuat konfransında deyib.
Onun sözlərinə görə, iki ölkə arasında münasibətlər strateji xarakter daşıyır.
Azərbaycan və İsrail arasında iqtisadi əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayan nazir hazırda ölkəmizdə 124 İsrail şirkətinin fəal layihələr həyata keçirdiyini bildirib: “Ənənəvi olaraq, ölkələrimiz arasında enerji sahəsi ən böyük əməkdaşlıq istiqamətlərindən biridir. Bununla yanaşı, ötən ilin nəticələri təhlil edilərkən ən çox məmnunluq doğuran sahələrdən biri də turizm sahəsində olan əməkdaşlıqdır. 2024-cü ilin bütün dövrü ilə müqayisədə 2025-ci ilin 11 ayında İsraildən Azərbaycana turist axını iki dəfədən çox artıb. Bu müsbət dinamikanın cari və gələcək illərdə davam etdirilməsi prioritet iqtiqamətlərdən biridir. Hazırda iki ölkə arasında həftə ərzində 20 birbaşa reys mövcuddur və bu reyslərin sayının artması gözlənilir”.
***
İsrailin XİN rəhbəri Gideon Saar isə qeyd edib ki, hər iki ölkə öz regionlarında sabitliyin tərəfdarıdırlar.
“Ölkələrimiz 30 il əvvəl diplomatik əlaqələri yaratdığı vaxtdan etibarən bizim dostluğumuz getdikcə güclənib və strateji əlaqələrin yaranmasına səbəb olub. Bu əlaqələr iqtisadi cəhətdən hər iki tərəfə mənfəət gətirir. Azərbaycan bir neçə il əvvəl İsraildə səfirliyini açdıqdan sonra əlaqələr daha sürətlə inkişaf edib. 2025-ci ildə 60 min israilli turist Azərbaycana səfər edib. Bu göstəricilərin 2026-cı ildə daha da artacağına ümid edirik. Azərbaycana müxtəlif sahələri əhatə edən 40 biznesmenlə gəlmişik və ölkənizə investisiya yatırmaq, eləcə də öz təcrübəmizi sizinlə paylaşmaq istəyirik. Azərbaycan müasir, dözümlü ölkədir və hər zaman belə ölkə olub. Burada yəhudilər həmişə sülh şəraitində yaşayıb və yaşamağa davam edirlər”.
Günel İbrahimova
Son xəbərlər
Son Xəbərlər