İtaliyada küçədə gecələyən azərbaycanlı qızlar... - Fotolar

italiyada-kucede-geceleyen-azerbaycanli-qizlar
Oxunma sayı: 11769

Nuranə Dünyamalıyevanın 24 yaşı var və Dillәr Universitetinin ingilis dili fakültәsini bitirib. O, səyahəti çox sevir və 4-cü kursu İtaliya universitetlərindən birində oxuması ona maraqlı səfər macəraları yaşadıb. Başına gələn hadisələr, gördükləri haqqında bloqunda yazılar yazan Nuranə artıq ətrafına öz maraq auditoriyasını da toplaya bilib. Milan-Verona-Lago di Garda-Eindhoven-Utrex-Amsterdam səyahətinin onun üçün unudulmaz olduğunu bildirən gənc xanım başına gələn macəralardan bəzilərini “Qafqazinfo”nun “Azərbaycanlıların səyahət macəraları” layihəsi üçün qısa nəql edib.


Nuranənin qorxulu, yorğun, bir o qədər də maraqlı səyahət macərası:

Qızlarla xəritə ətrafına yığışıb qış tәtili üçün plan hazırlayaq dedik. Hara gedәk, neyləyәk deyə çox baş yorandan sonra axırda belə bir yol trayektoriyası cızdıq: Milan-Verona-Milan-Eindhoven-Utrex-Amsterdam. Başımıza gələnlərdən sonra hələ də "Norveç" deyən qız ağlıma gələndə az qalıram dəli olum. Nə isə, bu hadisə də həyatımıza bir maraq qatdı deyib keçirəm macəramıza. Biz Viterboda yaşayırdıq deyә Romaya gedib başqa ölkәyә ordan uçurduq. Bu dәfә dedik ki, günorta gedәk, sәhәrә kimi Romanı gәzәrik, sәhәr 6-da da oradan Milana uçarıq. Deməz olaydıq…

Dumanlı hava, küçə boyu içkili bomjlar, dağlar arxasında titrəyən üç qız...

Xülasә, ağır çantalarla Roma yollarına düşdük. Axşama kimi şəhəri yaxşıca gəzdik. Bir də baxdıq ki, ətrafda elə də insan gözə dəymir və 3 qız gəzə-gəzə gəlib çıxmışıq dağın başındakı qəsəbəyə. Varlı qәsәbədir, hәr tәrәf villalar, ancaq bir Allahın qulunun evinin işığı yanmır ki, insan yaşayır deyə bilək. Hava da dəhşət soyuq, iti bağlasan çöldә qalmaz. Bir biz varıq, bir də hər küçənin daldasında əlində butulkayla oturub altdan-altdan bizə baxan içkili bomjlar. Nə qədər geyinmiş olsaq da, yenə dişlərimiz bir-birinə dəyir. Dekabr ayı, hava da dəhşət dumanlı. Getdiyimiz yolu güclə görürük, 2 addım qarşıda bizi nə gözlədiyindən xəbərimiz yoxdur. Di gәl ki, qorxmuruq. Duman get-gedә çoxalır, bir- birimizdәn tuta-tuta kor kimi gәzirik.

Bir dә gәlib çıxmışıq hara? Qәbiristanlığa.

Bayaqdan bir-birimizə qorxduğumuzu bəlli etməsək də, ətrafdakı xaçları görüb bu dəfə qorxudan titrəməyə başladıq. Saat da 4. Həmişə Romanın bildiyimiz küçələrində gəzirdik, bu dәfә dedik başqa yerlər də kәşf edәk. Xәritәsiz ayaqlarımız haraya getsə, biz də oraya gedәk. Ayaqlarımız da bizi apara-apara qәbiristanlığa apardı. Hәr tәrәfdә xaç. Külәyin sәsi, ciyildәyәn qapı pәncәrә, hürәn itlәr. Nə edəcəyimizi bilmədik, bir o yadıma gəlir ki, yerdə oturub banan yeyirdik. Özümüzə bir az toxdaqlıq verib yola düzəldik. Gördük ki, uzaqdan Roma Termininin işıqları görünür, bu zaman qurtulduq deyə sevinməyə başladıq (Roma Termini Romanın ən böyük qatar terminalıdır. Havalimanına gedәn avtobuslar buradan çıxır). Dedik gedәk terminiyә, vağzalda oturub qәhvә içib isinәk. Gәldik ki, bura da bağlıdır, hələ bir saata açılacaq. Həm soyuq, həm də aclıq bizi tamam keyitmişdi.
Necə qorxmuşamsa, orada dilək ağacına asdığım arzum hələ də gerçəkləşməyib...

Vağzalın çölündә şam ağacları qurulmuşdu. Onlarda adәtdir, ağaclara arzunu yazıb asırsan. Qızlara dedim ki, gözləyin bir arzu yazıb asım, ürәyimdә qalmasın. Arzumu ağacdan asıb arxaya çöndüm ki, qızlar yoxdur. Bir anda yerimdəcə dondum. Dilimin altında deyinirdim, qışqırmaq istədim, qorxudan səsim də çıxmadı. Bir də gördüm ki, uzaqdan әl edirlәr, sakitlәşdim. Bomjların yanından qorxa-qorxa ötüb qızlara yaxınlaşdım. Terminin önündә heykәl var, ora oturub vağzalın açılmağın gözlәdik. Nəhayət, saat 6-da açıldı. Artıq 24 saata yaxın olardı ki, biz yatmırdıq. Avtobusumuz gәlәnә kimi orda oturub kofe içdik. Sonra da Milan tәyyarәsinә minib getdik.

Səyahətin bir günü də yataraq keçdi

Sonra Milana çatdıq. Milan da hәmişәki kimi yağışlı idi. Yuxusuz, yorğun halda hostelә doğru yol aldıq. Hostelә çatanda mәlum oldu ki, dostumuz hosteli dekabr ayına yox, yanlışlıqla noyabr üçün tutub. Hәm depozit pulumuz getdi, hәm dә bu yuxusuz halımızla yağışlı havada çöldә qalmışdıq. Çox axtardıq, araşdırdıq amma qalacaq başqa bir yer tapa bilmədik. Yenidәn ilk hostelә qayıtdıq. Yer vardı, amma әvvәlcәdәn rezervasiya etmәmişdik deyә bir xeyli bahaydı. Әlimiz әsә-әsә o pulu çıxardıb verdik, ən azından çöldә qalmaqdan yaxşıdır. Hamımız bir otağa sığışıb 1-2 saatlıq yataq, sonra gəzməyə çıxarıq dedik. Nə 1-2 saat, oyananda başqa bir günün səhəri açılmışdı. Yorğun olduğumuzdan düz 24 saat ac-susuz yatmışıq. 47 kiloluq bәdәnimi artıq daşıya bilmədiyimi hiss etdim. Tez yaxşı bir səhər yeməyi yeyib düşdük Milan küçələrinin canına...

Lütfkarlığın arxasındakı 10 avro məsum sevincimizi yarımçıq qoydu

Demәli, Duomonun qarşısına tәrәf irәlilәyib ağzıaçıq halda ətrafa baxırdım ki, birinin əlimə dən verib şəkillərimi çəkməyə başladı. Bir tərəfdən göyərçinlər, bir tərəfdən şakhaşak şəkillərim çəkilir, fikirləşdim ki, nə yaxşı adamdır, babat şәkillәrim olacaq. Kәnarda da digər qızların şəkillərini çəkirdilər. Sonra dәn bitәndә xirtdəyimizdən yapışdılar ki, hərəniz 10 avro verməlisiz. Dedik әl çәkin, üçümüzә 10 avro veririk. Girdik Duomoya. Soyuq havanı bir az olsun canımızdan çıxarmaq üçün kilsәdә oturduq. Hәmin vaxt da Milad bayramı ilә әlaqәdar olaraq ainlər oxunurdu. Mәnә dә maraqlı gәldi, başladım videoya çәkmәyә. Sonra tez bir işçi yaxınlaşdı ki, burada çəkiliş olmaz. Bizi də kilsədən qovdular. Onsuz da bir gününü yataraq keçirdiyimiz Milanda bir gün gəzib yollandıq yeni macəralar üçün Veronaya…

Günel Hacı