Jül Vernin xəyalını 40 gündə reallaşdırdı... - Fotolar

jul-vernin-xeyalini-40-gunde-reallasdirdi
Oxunma sayı: 490

Fransız dənizçi Tomas Kovil “Sodebo Ultim 3” adlı yelkənli qayığı ilə Yer kürəsini rekord müddətdə dövrə vuraraq, “Jül Vern Kuboku”nun qalibi olub.

“Qafqazinfo” xəbər verir ki, altı nəfərlik heyətlə səyahətə çıxan Kovil dünya ətrafında 40 gün, 10 saat, 45 dəqiqə və 50 saniyəyə dövrəni başa vurub və bu göstərici ilə yelkənli qayıqla Yer kürəsini dövrə vuran ən sürətli dənizçi kimi tarixə düşüb.

Tomas Kovil bu nəticə ilə 2017-ci ildə müəyyən edilmiş əvvəlki rekordu 13 saat geridə qoyub. O, 15 dekabrda Fransanın qərbində yerləşən Uşant adasından yola çıxıb, 4 günə ekvatora, 11 günə Ümid burnuna çatıb.

Səfərin 17-ci günündə Avstraliya sahillərinə çatan dənizçi daha sonra Sakit okeanı 7 gün 12 saata keçib.

Horn burnunu aşaraq, Atlantik okeanına daxil olan ekipaj yolun son mərhələsində çətin hava şəraiti ilə üzləşib.

Cənubi Atlantikdə marşrutu uzatmaq məcburiyyətində qalan komanda finişə yaxınlaşarkən Fransanın qərb bölgələrini əsir alan “İnqrid” fırtınası ilə qarşılaşıb.

Bildirilib ki, fırtına səbəbindən marşrutun uzadılması daha yaxşı nəticə əldə etməyə mane olub.

Fırtınaya sükan qoruyucusunun itirilməsi istisna olmaqla, ciddi zərər görmədən tab gətirən “Sodebo Ultim 3” sona yaxınlaşarkən saatda 55 km-ə qədər sürət yığıb və dövrəni rekord müddətdə tamamlayıb.

Qeyd edək ki, “Jül Vern Kuboku” ekipaj sayına məhdudiyyət qoyulmadan, istənilən növ yaxta ilə Yer kürəsini ən qısa müddətdə dövrə vuran dənizçilərə təqdim olunur. Tomas Kovil və komandası 45 min 568 kilometrlik məsafəni rekord vaxtda qət edərək, bu nüfuzlu mükafata layiq görülüb.

Əlavə edək ki, dünyaşöhrətli fransız yazıçı Jül Vern “80 gün dünya ətrafında” adlı macəra romanının müəllifidir. 1872-ci ildə yazılan əsər ingilis centlmen Fileas Foq və onun fransız xidmətçisi Jan Paspartunun 20 min funt-sterlinq qarşılığında dünyanı 80 günə dövr etmək üçün yola çıxdıqları səyahətdən və bu səfərdə başlarına gələn macəralardan bəhs edir.