“Juninyonu saxlamaqda çətinlik çəkəcəyik” - “Qarabağ”ın müdafiəçisi

juninyonu-saxlamaqda-cetinlik-cekeceyik
Oxunma sayı: 5355

“Qarabağ”ın Avropadakı oyunlarında bütün yerli klubların azarkeşlərinin bizi dəstəkləməsi, bizə hörmət etməsi çox xoşuma gəlir”. “Qafqazinfo” xəbər verir ki, bu sözləri “Qarabağ”ın futbolçusu Marko Veşoviç Monteneqronun “Vijesti.me” nəşrinə açıqlamasında deyib.

Futbolçu müsahibəsində klub və komanda yoldaşları haqqında maraqlı fikirlər səsləndirib.

O, ilk öncə  Avropa Liqasının 1/8 final mərhələsində “Bayer”ə (3:2) uduzmalarından danışıb: “Rəqiblə gücümüz bərabər olsaydı, daha da irəli gedərdik. Keyfiyyət baxımından Avropanın zirvəsinə aid olduğumuzu göstərdik. İnanıram ki, növbəti mövsümdə avrokubokdakı nəticəni təkrarlayacağıq. Hətta daha böyük işlər görəcəyik. Komandaya üstünlük yaratdığım o iki hərəkət (qol ötürmələri), nə məşqdə, nə də futbol məktəblərində öyrədilir”.

Futbolçu komanda yoldaşı Juninyoya təkliflərin gəldiyini bildirib: “Juninyo komandanın ən yaxşı oyunçularından biridir. Ona çoxlu təkliflər gəlir. Heç birimiz “Qarabağ”dan ayrılmaq istəmirik. Amma onu saxlamaqda çətinlik çəkəcəyik”.

Veşoviç Azərbaycan haqqında da fikirlər səsləndirib: “Burada hər şey əladır. Temperaturu bəyənirəm. Azərbaycan dili hədsiz dərəcədə çətindir. Bəzən məşqdə ingilis dilindən istifadə edirik. Atmosfer əladır, heç bir anlaşılmazlıq yoxdur. Buna səbəb Qurban Qurbanovdur. O, Avropada artıq böyük addır. Burada fikirlər eşidilir, amma heç kim məşqçinin son sözünü inkar etmir”.