Hörmətli cənab Prezident!
Sizə bu müraciəti Azərbaycan Respublikasının vətəndaşı olaraq yazıram.
Sizə bu müraciəti yazmaq qərarına 22 iyulda, Milli Mətbuat Günündə gəldim.
Mən jurnalistəm. Və bu müraciətimlə Sizdən xahiş edirəm ki, sərəncamınızla jurnalistlər üçün tikilən evlərdən birinin də mənə verilməsinə göstəriş verəsiniz. Çünki, mən də evsizlik problemi ilə yaşayan jurnalistlərdən biriyəm.
Sual yarana bilər ki, axı niyə məhz Sizə müraciət edirəm? Əlbəttə ki, bunu səbəbi var.
Mən müxtəlif kütləvi informasiya vasitələrində, müxtəlif vəzifələrdə fəaliyyət göstərmişəm.
Bir vaxtlar populyar olan “7 gün” qəzetində müxbir, şöbə müdiri və redaktor olmuşam. Daha sonra “Azadlıq” radiosunda müxbir, “Space” TV-də redaktor, “GÜN-səhər” qəzetində informasiya xidmətinin rəhbəri və məsul katib və nəhayət, Azərbaycan Televiziyasının Hərbi-vətənpərvərlik proqramları redaksiyasında redaktor kimi fəaliyyət göstərmişəm.
Fəaliyyətin ərzində Azərbaycanın nüfuzlu media mükafatı sayılan “Media açarı” almışam. Bundan başqa ölkənin hərbi strukturları olan Daxili İşlər Nazirliyi, Daxili Qoşunlarının və Dövlət Sərhəd Xidmətinin diplomlarına layiq görülmüşəm.
Hazırda müstəqil jurnalist kimi fəaliyyət göstərirəm. Çünki sonuncu iş yerim olan Azərbaycan Televiziyasından qanunsuz olaraq çıxarıldıqdan sonra konkret iş yeri tapmaq problemi ilə də üzləşmişəm. İşdən çıxarılmağıma səbəb isə məzuniyyətim dövründə ABŞ Corc Vaşinqton Universitetinin Milli Təhlükəsizlik Arxivinin Ermənistanda təşkil etdiyi konfransda iştirakım olmuşdu. Azərbaycan Televiziyası rəhbərliyi mənim bu səfərimi qəzəblə qarşıladı. Mən isə Azərbaycan Respublikası vətəndaşı olaraq dövlətimizin mənə verdiyi hüquqlardan istifadə edərək ədaləti bərpa etmək üçün Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etmişəm. Əslində, mən bu addımımla öz hüquqlarımın təmin olunması ilə yanaşı, həm də cəmiyyətimizdə Avropa dəyərlərini sayğısız yanaşan bəzi məmurlara bu dəyərlərin nədən ibarət olduğunu anlatmaq da istəmişəm ki, kimlərsə gələcəkdə belə səhvlərə yol verməsin.
Hazırda bir jurnalist olaraq Dağlıq Qarabağ münaqişəsi və bu münaqişənin müxtəlif aspektləri ilə bağlı mütəmadi fəaliyyət göstərirəm. Bu mənada araşdırdığım sahələrdən biri də Azərbaycan Silahlı Qüvvələrindəki hazırkı durumdur. Nə qədər ağır da olsa, 3 milyardlıq büdcəsi olan təhlükəsizlik sektorumuzda olan neqativ halları yazmaq məcburiyyətindəyəm. Çünki bu neqativ halları aşkarlayıb cəmiyyətin diqqətinə çatdırmaq lazımdır ki, dövlətin qayğısından sui-istifadə edənlərə dərs olsun.
Cənab Prezident, Sizə ona görə müraciət edirəm ki, Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət etmiş, Azərbaycan Silahlı Qüvvələrindəki neqativ hallardan yazan bir jurnalistin mənzil problemini həll etməyə heç bir məmur cəsarət etməz.
Mən isə Sizə müraciət edirəm. Axı Siz Azərbaycan Respublikasının bütün vətəndaşlarının Prezidentisiniz.
Sonda onu da diqqətinizə çatdırım ki, bu müraciətimə hər hansı bir reaksiyanız məni sevindirəcək. Müsbət reaksiyanız isə bütün ailəmin sevincinə səbəb olacaq.
Hörmətlə Asəf Quliyev
Son xəbərlər
Son Xəbərlər