Jurnalistlər Liv Bona Dea Hospitalında - Fotolar

jurnalistler-liv-bona-dea-hospitalinda
Oxunma sayı: 2282

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən Liv Bona Dea Hospitalına media-tur təşkil olunub.

“Qafqazinfo” xəbər verir ki, media-turun məqsədi media və qeyri-hökumət təşkilatlarını Agentliyin müqaviləli tibb müəssisələrində icbari tibbi sığorta sisteminin tətbiqi ilə tanış etmək, xəstəxanada ürək qüsuru ilə doğulan uşaqların dövlət büdcəsi hesabına əməliyyat olunması barədə məlumatlandırmaq və pasiyentlərin sığorta sistemindən istifadə etmə prosesini izləmələrinə imkan yaratmaqdır.

Səfər çərçivəsində iştirakçılara xəstəxanada icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində göstərilən tibbi xidmətlər barədə məlumat verilib.

Hospitalda icbari tibbi sığortanın tətbiqinə 2022-ci ilin mart ayından başlanılıb. Göndəriş vasitəsilə hospitala sığorta çərçivəsində tibbi xidmət almaq üçün müraciətlər əsasən ürək-damar cərrahiyyəsi, invaziv radiologiya, kardiologiya, oftalmologiya, travmatologiya, urologiya və digər sahələr üzrə olur. Bu günə qədər xəstəxanada 2500-dən çox cərrahi əməliyyat icra olunub. Bu cərrahi əməliyyatlar sırasında travmatoloji, oftalmoloji, uroloji, invaziv kardioloji/radioloji, endoprotezləşdirmə və s. xidmətlər yer alıb.

Hospitalda ildən-ilə icbari tibbi sığorta çərçivəsində göstərilən tibbi xidmətlərin sayında artım müşahidə olunub. Belə ki, 2022-ci ildə hospitalda 1991 tibbi xidmət göstərilib. 2023-cü ildə isə vətəndaşlar 5779 tibbi xidmətdən yararlanıb. Tibbi xidmətlərin 67%-i ambulator, 33%-i isə stasionar şəraitdə göstərilib.

Tibb müəssisəsində icbari tibbi sığorta ilə xidmətlərin həyata keçirildiyi pediatriya, fizioterapiya və reabilitasiya, radiologiya, travmatologiya, oftalmologiya və kardiologiya şöbələri ilə tanış oluruq. Uşaq pediatriya şöbəsi xüsusi formada dizayn olunub və azyaşlıların özlərini rahat hiss etmələri üçün burada hər cür şərait yaradılıb. Şöbədə uşaq endokrinoloqu, nevroloqu, psixiatrı, allerqoloqu və digər spesifik sahə mütəxəssisləri fəaliyyət göstərir. 

Hospitalın Radiologiya şöbəsi də qabaqcıl texnoloji cihazlarla təchiz edilib. Şöbədə USM, doppler, angioqrafiya cihazları ilə yanaşı iki  MRT və iki KT cihazı var. Şöbənin həkimi Fatih Koçun sözlərinə görə, 3 Tesla MRT və rəqəmsal floroskopiya cihazları ilə ən çətin diaqnostik müayinələri aparmaq mümkündür. Ay ərzində radiologiya bölməsinə 4500-5000-ə yaxın xəstə qəbul edilir ki, bunun da 1000 nəfəri MRT, 1000 nəfəri isə KT çəkdirmək üçün müraciət edənlərdir. Gün ərzində təxminən 50-yə yaxın xəstə MRT cihazında müayinə olunur.  

Xəstəxananın Oftalmologiya şöbəsi ilə də tanış olmaq imkanı qazanırıq. Göz xəstəlikləri uzmanı Əhməd Abdullayev bildirir ki, klinikada icbari tibbi sığorta ilə bir sıra oftalmoloji əməliyyatlar icra olunur. Bura mirvari suyu kimi tanınan katarakta əməliyyatı, ğöz təzyiqi üçün qlaukoma əməliyyatı, çəpgözlük, göz yaşı kanalı tıxanıqlığı əməliyyatı, göz dibi əməliyyatları daxildir. 

Hospitalda "Uşaq Ürək Mərkəzi" də fəaliyyət göstərir. Anadangəlmə ürək xəstəliklərinin əməliyyatı təcrübəli cərrahi komanda ilə yanaşı, təcrübəli anesteziya komandası və intensiv terapiya bölməsinin köməyi sayəsində yüksək müvəffəqiyyət göstəriciləri ilə həyata keçirilir. Uşaq ürək-damar cərrahı Şiraslan Baxşəliyev bildirir ki, burada icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində bütün xidmətlər icra olunur. Həmçinin ötən ildən etibarən anadangəlmə ürək qüsurları ilə əlaqədar dövlət proqramı da təsdiq olunub. Xidmətlər Zərfi çərçivəsində olmayan xidmətlər bu proqramı əsasında həyata keçirilir. Həkim bildirir ki, əməliyyat üçün yaş dövrü anadangəlmə ürək qüsurunun növünə görə seçilir. Elə körpələr olur ki, onlar doğulduğu andan etibarən əməliyyata alınır. Uşaqların 80-90 faizi ilk 1 yaşa qədər əməliyyata alınır. 25-30 faizinə isə doğulduqdan ilk bir ay ərzində müdaxilə olunmalıdır. Hazırda xəstəxanada doğumun 3-cü gününüdə, 1 həftə, 10-15 günlüyündə əməliyyat olunan xəstələr var.  

Qeyd edək ki, Agentlik və Bona Dea Hospitalı arasında anadangəlmə ürək qüsuru ilə doğulan uşaqların dövlət büdcəsi hesabına əməliyyat olunmasına dair imzalanmış müqaviləyə əsasən sözügedən xəstəliyin aradan qaldırılması üzrə ümumilikdə 44 tibbi xidmət göstərilir. Bu xidmətlərə ürək qapaqlarının təmiri və ya dəyişdirilməsi, kardiostimulyatorların implantasiyası və dəyişdirilməsi, ürəkətrafı kisənin açılması və digər tibbi prosedurlar daxildir. 2023-cü ilin noyabrından bu günədək 95 uşaq əməliyyat olunub.

Media-tur iştirakçıları icbari tibbi sığorta çərçivəsində əməliyyat olunan pasiyentlərin müsbət rəylərini öyrəniblər.

Daha sonra media və qeyri-hökumət təşkilatlarının nümayəndələrinə hospital tərəfindən “check-up” müayinə paketi hədiyyə olunub.

Tədbir sual-cavab sessiyası ilə yekunlaşıb.

Gülnar Əliyeva