“Qafqazinfo” xəbər verir ki, müzakirədə BSU-nun rektoru, professor Kamal Abdulla, tənqidçi Tehran Əlişanoğlu, yazar Etimad Başkeçid, gənc imzalar Cavid Zeynallı, Kəramət Böyükçöl, Yaradıcılıq fakültəsinin tələbələri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Kamal Abdulla bildirib ki, ədəbi dərgilərin bütün məsuliyyətini gəncliyin ixtiyarına buraxmaq müsbət ənənə yaradır: “Ancaq hesab edirəm ki, gənclərin buraxdığı dərgiləri bir-biri ilə yox, Elçin Hüseynbəylinin redaktorluğu ilə çıxan ənənəvi nüsxələrlə müqayisə etmək daha məqsədəuyğundur. Həm də nəzərə alın ki, bir ömrə ilə adam cəhdini ortaya qoya bilər, öz potensialını tam mənası ilə nümayiş etdirməsi isə mümkün deyil”.
K. Böyükçöl nəşri hazırlayarkən münasibəti olan bütün qələm sahiblərinin fikirlərini öyrəndiyini önə çəkib: “Bu baxımdan “Ulduz”un son sayında yaradıcı şəxslərin əksəriyyətinin rəyini nəzərə almağa çalışmışıq”.
Cavid Zeynallı isə jurnalın son sayı ilə bağlı təbriklərini və dəstəyini bildirdikdən sonra ətraflı təhlilə başlayıb. Bu və ya digər vaxtlarda ədəbi portal və saytlarda dərc olunan materialların təkrar nəşrinə iradlarını bildirdi: “Hesab edirəm ki, bu materialların təkrar çapından qaçmaq daha yaxşı olardı. Ancaq bir məsələni də etiraf edək ki, biz nə qədər çalışsaq da, “Ulduz”un bəlli büdcəsindən və qəlibindən çıxa bilmirik. O maliyyə büdcəsi və qəliblərlə xüsusi, tam fərqli buraxılış hazırlamaq çox çətindir”.
Daha sonra Yaradıcılıq fakültəsinin tələbələri ilə açıq dikussiyalar aparılıb.
Sonda müzakirələrə yekun vuran K.Abdulla gənclərin buraxdığı “Ulduz”la ənənəvi “Ulduz”u müqayisə edərkən birinciyi üstünlük verdiyini sözlədi: “Mən ilk dəfə “Ulduz”un son sayında, Kəramətin rəy üçün müraciətlərində özümü Redaksiya Heyətinin üzvü kimi hiss elədim. Halbuki “Ulduz”un Redaksiya Heyəti sırasında illrədir ki, mənim adım da yaradılır. Bu formallıq nəyə lazımdır? Bir Redaksiya Heyəti üzvü ki, redaksiyadakı yaradıcı proseslərdən xəbərdar edilməyəcək, ona münasibət bildirmək üçün bir dəfə də olsun material göndərilməyəcək, rəyi öyrənilməyəcək, belə adamın RH-də qalmasının nə anlamı var?
Ona görə də burda rəsmən bəyan edirəm: Mən ənənəvi “Ulduz”un Redaksiya Heyətindən çıxıram və bundan sonra adımın dərginin Redaksiya Heyətində yazılmasına qəti şəkildə etiraz edirəm. Çox istəyərəm ki, Redaksiya Heyətinə Cavid Zeynallı, Kəramət Böyükçöl və ya “Ulduz”un hazırlanmasında iştirak edən digər bir gəncin adı salınsın”.
Son xəbərlər
Son Xəbərlər