Kann Film Festivalı çərçivəsində Fransanın Kann şəhərində yerləşən “Palm Beach Hotel”də baş verən izdiham zamanı dəyəri 700 min - 1 milyon avro arasında qiymətləndirilən (təxminən 1,3 - 2 milyon manat) “Richard Mille” markalı lüks saat oğurlanıb.
“Qafqazinfo” xəbər verir ki, hadisə hotelin tualetlərinin yaxınlığında yaranan dava və qarışıqlıq zamanı qeydə alınıb.
Saatın naməlum şəxslər tərəfindən izdihamdan istifadə edilərək oğurlandığı bildirilir.
Hüquq-mühafizə orqanları qeyd edir ki, hər il festival dövründə yüksək səviyyədə təşkilatlanmış cinayətkar qruplar Kann şəhərinə axışan varlı turistləri hədəf alır. Xüsusilə bahalı saatlar və zinət əşyalarının oğurlanması bölgədə ciddi problem olaraq qalır.
Prokurorluğun açıqlamasına əsasən, ötən il Kann şəhərində iki ay ərzində ondan çox lüks saat oğurluğu və ya oğurluğa cəhd faktı qeydə alınıb. Bildirilir ki, bəzi cinayətkar şəbəkələr oğurlanmış saatları yenidən satışa çıxarmaq üçün onların seriya nömrələrini saxtalaşdırır, həmçinin saxta sertifikat və qutular hazırlayırlar.
Fransız Rivierasında artan bu cür cinayətlərlə mübarizə məqsədilə polis xüsusi əməliyyat qrupu yaradıb. Bildirilib ki, Nitsa Məhkəmə Polisi Xidmətinin tərkibində xüsusi bölmə fəaliyyət göstərir və görülən tədbirlər nəticə verir.
Rəsmi statistikaya görə, 2024-2025-ci illər ərzində bölgədə lüks saat oğurluğu və ya oğurluğa cəhd hallarının sayı 27-dən 17-yə enib. Polis bunu 37 faizlik əhəmiyyətli azalma kimi qiymətləndirir. Ötən il aparılan əməliyyatlar zamanı 31 şübhəli saxlanılıb.
Son xəbərlər
Son Xəbərlər